Sosial şəbəkələrdə “BakıKart” adından saxta səhifələr yaradılaraq, vətəndaşların aldadılmasına cəhdlər edilir.
Avtosfer.az xəbər verir ki, bu səhifələrdə guya 4 manata "BakıKart" əldə etməklə 6 ay müddətində ictimai nəqliyyatdan limitsiz istifadə etməyin mümkün olduöu bildirilir.
Eyni zamanda elanın mətnində müvafiq link qoyulur və ona keçid etmək tövsiyə olunur. İlk baxışdan təklif cəlbedici olsa da, əslində bu kiberdələduzluğun bir növüdür. Belə ki, müəyyən şəxslər saxta endirim kampaniyaları ilə, həmçinin dövlət qurumlarının adından istifadə etməklə vətəndaşların pulunu ələ keçirməyə çalışırlar
Məsələ ilə bağlı AYNA-dan “Bakupost”a bildirilib ki, onların belə bir səyahət paketi mövcud deyil və paylaşılan elan tamamilə dələduzluq xarakteri daşıyır:
“Bu cür məsələlərdə yalnız qurumun rəsmi saytı və rəsmi sosial şəbəkə hesabında verilən məlumatlara əsaslanmaq lazımdır”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev vətəndaşlara dələduzluğun qurbanı olmamaq üçün belə səhifə və paylaşımlara qarşı diqqətli olmağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edib:
“Belə hallarla rastlaşdıqda isə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər”.