Suxumidə, qondarma Abxaziyanın “parlament” binası yaxınlığında “respublika”nın hakimiyyət orqanları ilə Rusiya arasında investisiya sazişinin ratifikasiyasına etiraz olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Belə ki, səhər saatlarında “deputatlar” Suxumi ilə Moskva arasında investisiya sazişi layihəsinə baxmağa hazırlaşarkən yüzlərlə etirazçı Abxaziya “parlamenti”nin binasının önünə toplaşıb.
Müxalifət liderlərindən biri, “Abxaz Xalq Hərəkatı” ictimai təşkilatının sədri Adqur Ardzinba bildirib ki, bir qrup “deputat” “spiker”in yanına gələrək investisiya sazişinin ratifikasiyası məsələsinin gündəmdən çıxarılmasını təkid ediblər.
Nəticədə “parlament” gündəliyi təsdiq etməyib, iclas isə ləğv edilib. Lakin etirazçılar “deputat”lardan iclas keçirərək saziş layihəsinin təsdiqinin əleyhinə səs vermələrini tələb ediblər. Tezliklə onlar qondarma Abxaziya “prezident”i Aslan Bjaniyanın istefasını da tələb edib.
“Parlament” binasının mühafizəsini gücləndirmək üçün gətirilən polis əməkdaşları ilə etirazçılar arasında toqquşma olub. Etirazçılar təhlükəsizlik qüvvələrinə yumurta atıb, həmçinin binanın ətrafındakı hasarları sındıraraq əraziyə daxil olublar.
Cavab olaraq polislər gözyaşardıcı qaz istifadə edib və iddialara görə, insanlara tüstü bombaları atmağa başlayıblar. Təhlükəsizlik qüvvələri yanğınsöndürmə maşını ilə “parlament” ərazisinə girişi əngəlləməyə çalışıb, lakin etirazçılar binaya daxil olub.
Parlamentin ərazisində atəş səslərinin eşidildiyi bildirilib.
Abxaziya “rəhbər”inin mətbuat xidməti bildirib ki, “prezident administrasiyası” investisiya sazişinin ratifikasiyası haqqında qanun layihəsinin “parlament”dən geri götürülməsinə dair sənəd hazırlayır.
Qeyd edək ki, oktyabrda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Abxaziyanın “baş naziri”nin müavini Kristina Ozqan Rusiya şirkətlərinə qondarma “respublika”da investisiya layihələri həyata keçirməyə imkan verən saziş imzalayıblar.
Abxaziya “hakimiyyəti” sazişin yerli iqtisadiyyata kömək edəcəyinə inanır, müxalifət isə bu sənədi “respublika”nın maraqlarının birbaşa təslim olması kimi qiymətləndirir. Digər məsələlərlə yanaşı, sazişin əleyhdarları onun Abxaziyaya fayda verməyəcəyini qeyd edirlər.
Bank ictimaiyyətinin nümayəndələri də sazişdən narahat olduqlarını bildiriblər. Suxumi və Moskva arasındakı razılaşmalara əsasən, Rusiya investisiya layihəsi üzrə hesablaşmalar üçün Abxaziyada öz bankının filialını yarada bilər. Bankirlər qeyd ediblər ki, “dövlət”in iştirakı ilə Rusiya kredit təşkilatlarının maliyyə və texnoloji imkanları Abxaziya banklarının imkanları ilə müqayisə oluna bilməz. Onların fikrincə, sazişin qəbulu rəqabət mühitini məhv edə və Abxaz kredit təşkilatları üçün böyük itkilərə, o cümlədən mümkün müflisləşməyə səbəb ola bilər.