AZ

Görün, Azərbaycana kimlər “petrostate” deyir…

Azərbaycanı "petrostate" adlandıran və yaşıl iqtisadiyyatı siyasi təzyiq alətinə çevirməyə çalışan dairələrə cənab Prezident İlham Əliyev tutarlı cavab versə də, hələ də bir sıra xarici mətbu orqanlar özfəaliyyətlərini davam etdirirlər.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib. “Əvəlla, Azərbaycan uzun müddət AB-nin və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasına dəstək olub və töhvə hazırda davam etdirilir. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra soyuq qış günlərində Avropaya mavi qaz ixracatını artıran da məhz Azərbaycan idi. İkincisi, ölkəmizi "petrostate" adlandıran mətbu orqanların nəşr olunduğu dövlətlərin, demək olar, hamısının neft hasilatı Azərbaycan ilə müqayisədə dəfələrlə çoxdur. Paradoksun da digər üzü məhz budur”, - millət vəkili deyib. O xatırladıb ki, neft hasilatının həcminə görə Azərbaycan dünyada sadəcə 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir: “Göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəinki ilk onluqda, hətta ilk iyirmilikdə belə yer almayıb. Gündəlik 5.0 milyon barrel neft hasilatı olan Kanadanın istehsalı cəmi 0.6 milyon barrel olan Azərbaycanı "petrostate" adlandırmasının özü də məhz ikili yanaşmanın təzahürüdür. Mavi qaz hasilatının həcminə görə də Azərbaycan dünyada ilk iyyirmilikdə yer almır. Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə də ABŞ birincidir. Kanada isə yenə də ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard m3 olan ölkəmiz ilə müqayisədə Kanada (188 milyard m3 ) 5.5 dəfə, ABŞ (1.029 tirlyon m3 ) 30 dəfə, Norveç (124 milyard m3 ) 3.7 dəfə çox qaz hasil edir. Yaşıl iqtisadiyyatın formalaşmasına gəldikdə isə, hazırda Azərbaycanda yaşıl enerjinin ümumi istehlakda payı 17 faizdən çoxdur, 2030-cu ilədək bu göstərici 35 faizədək yüksələcək. Karbon emissiyası isə 40 faiz azaldılacaq. Yer gəlmişkən, qlobal karbon emissiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda bu rəqəm ABŞ-da 12.6 faiz, Hindistanda 7.6 faiz, AB-də 6.4 faiz, Kanadada 1.52 faizdir.

Yəqin ki, əlavə rəqəmlərə ehtiyac yoxdur. Reallığa qərəzsiz və açıq gözlə baxmaq lazımdır”.

Seçilən
38
5
buta.tv

5Mənbələr