AZ

İran Türkiyə ilə Azərbaycanın arasında “Şərq-Qərb yolundan” narahatdır...

Image

Qulamhüseyn Əlibəyli: “Tehran rejimi çalışır ki, Zəngəzur dəhlizi gündəmdən çıxmış olsun”

“İran və Rusiyanın Cənubi Qafqazda bəzi maraqları üst-üstə düşmür”. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani “New York Times” qəzetinə müsahibəsində deyib. 

O həmçinin əlavə edib ki, hər iki ölkənin ümumi maraqları da var: “Münaqişələrlə dolu Qafqazda Rusiya və İranın ticarət yollarının bölüşdürülməsi və təsir imkanları ilə bağlı fərqli baxışları var. Rusiya və Azərbaycan Ermənistanın nəzarətindən kənarda qalacaq Türkiyəyə şərq-qərb yolu açmaq istəyir. Ermənilər qorxurlar ki, Azərbaycan zorla o yolu tutacaq. Biz beynəlxalq sərhədlərin dəyişdirilməsini qəbul edə bilmərik”. 

Görünən odur ki, İran hələ də köhnə ambisiyalarından əl çəkmək istəmir. Zəngəzur dəhlizinə mane olmaqdan ötrü yersiz arqumentlərlə çıxış edir.

“İstəmir ki, türk dövlətləri bir araya gəlsin, birgə kommunikasiya xətlərinə malik olsunlar”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, İranın Ermənistandakı səfirinin dedikləri bütövlükdə molla rejiminin Cənubi Qafqaz siyasətini tam ehtiva edən bir məsələdir: “Tamamilə doğru hesab edirəm ki, Cənubi Qafqazda zahirən İranla Rusiyanın maraqlarının üst-üstə düşdüyü görünür. Ancaq bu, ümumi ortaq maraqlar deyil. Sözügedən maraqlar fərqlidir, sadəcə, hər iki dövlət çalışır ki, bütövlükdə Cənubi Qafqaza müəyyən nəzarəti tam şəkildə həyata keçirmiş olsun. Yəni İran Rusiyanı bura buraxmaq istəmir. O cümlədən, Qərbi Cənubi Qafqaza buraxmaq istəmir. Bu faktdır. Rusiya da çalışır ki, bütövlükdə Cənubi Qafqazdan çıxsa belə, Zəngəzur dəhlizinə nəzarəti əldə saxlasın. Moskva kommunikasiyalara nəzarəti əldən buraxmaq istəmir. Bunu başqa dövlətlərə, o cümlədən İrana və Türkiyəyə vermək istəmir. İstəmir ki, Zəngəzur dəhlizinə Ermənistan nəzarət etsin. Bu mənada bəli, onların maraqlarında müəyyən qədər fərqli baxışlar var. Yəni hər bir dövlət öz maraqlarına uyğun çalışır. Düzdür, Rusiya ilə İran istəmir ki, Cənubi Qafqazda başqa dövlətlərin təsiri artsın. Xüsusən Türkiyənin regionda artan nüfuzundan narahatdırlar. Ancaq bu, artıq geosiyasi reallığa çevrilib. İstər-istəməz Rusiya bununla barışmaq niyyətindədir, amma Zəngəzur dəhlizini öz nəzarətində saxlamaq istəyir. Lakin son nəticədə İran çalışır ki, nəyin bahasına olursa-olsun, Zəngəzur dəhlizi açılmasın. Səfir Sobhaninin dediklərindən belə nəticəyə gəlmək olur. Çünki Zəngəzur dəhlizi əslində Türk dünyasını birləşdirir və İran bu birlikdən qorxur. İstəmir ki, türk dövlətləri bir araya gəlsin, birgə kommunikasiya xətlərinə malik olsunlar. Ona görə də Tehran rejimi çalışır ki, Zəngəzur dəhlizi gündəmdən çıxmış olsun. Onlar istəyir ki, kommunikasiya xətləri İrandan keçsin. Ancaq hesab edirəm, gec-tez İran yeni reallıqları qəbul etməyə məcbur olacaq. Azərbaycan və Türkiyənin iştirakı olmadan heç bir layihə həyata keçməyəcək”.

Vidadi ORDAHALLI





Seçilən
52
baki-xeber.com

1Mənbələr