AZ

İnsan alverində günahlandırılan qadın məhkəmə zalından həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Yeganə Qəhrəmanovanın barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İslam Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric eolunub. Təqsirləndirilən şəxs 7 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib. Yeganə Qəhrəmanova barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalından həbsə alınıb.

 

Qərara əsasən, kassasiya protesti qismən təmin edilib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv olunub, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. 

 

İttihama görə, Y.Qəhrəmanova dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı ilə razılaşıb cinayət əlaqəsinə girib. O, zərərçəkmiş G.H. (şərti) ilə Tovuz rayonu, Qovlar şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb, onu Türkiyənin Bursa şəhərində olan tikiş sexlərinin birində yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 11 dekabr 2016-cı il tarixdə Azərbaycan dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Bursa şəhərinə aparıb, orada kirayə götürdüyü mənzildə yerləşdirib və 16 dekabr 2016-cı il tarixdən 6 yanvar 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin (CM) 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub, CM-in 144-3.4-cü maddəsi ilə isə Y.Qəhrəmanovaya bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, onun cəzasının ağırlaşdırılmasını istəyib. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya protestini qismən təmin edib, hökm dəyişdirilib və qadına şərti cəza verilib. Bu qərardan da dövlət ittihamçısı narazı qalaraq kassasiya protesti verib. O, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya protesti qismən təmin edilib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv olunub, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 16 Noyabr 2024, 08:35   
Seçilən
36
pravda.az

1Mənbələr