AZ

“Troyka” ölkələri QHT-lərinin ilk birgə forumu

COP29 çərçivəsində keçirilən forum əməkdaşlıq üçün önəmli platformadır

Bugünlər Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Dövlətimiz bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edib. Belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Eyni zamanda, dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır.

Ölkəmiz beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim edib. Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.

Digər vacib məqamlardan biri isə təcrübələrin qarşılıqlı olaraq bölüşdürülməsidir. Belə ki, COP28-ə sədrlik etmiş Birləşmiş Ərəb Əmirlikləri, COP29-a sədrlik edən Azərbaycan və COP30-a ev sahibliyi edəcək Braziliya arasında nümunəvi əməkdaşlıq platforması yaradılıb. Onlara “Troyka” ölkələri də deyilir. COP29 ərəfəsində “Troyka” ölkələrinin bir sıra tədbirləri keçirilib. Məsələn, Pre-COP29 çərçivəsində ötən ay “Troyka ölkələri”nin “1,5 dərəcə selsi missiyası üçün Yol xəritəsi” mövzusunda keçirilən tədbir buna nümunədir.

Bakıda keçirilən COP29 çərçivəsində isə noyabrın 14-də Yaşıl zonada Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya qeyri-hökumət təşkilatları (QHT) iqlim maliyyəsi mövzusunda ilk dəfə birgə forum keçirib. “COP mirası - vətəndaş cəmiyyətinin iqlim maliyyəsi üzrə müzakirələri” adlı forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutub.

Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, forum COP təcrübəsini bölüşmək, QHT-ləri nəticəyönümlü iqlim maliyyəsi müzakirələrinə cəlb etmək üçün unikal müzakirə platformasıdır.

Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Sülh Uğrunda Qlobal Şurasının sədri Ahmed Mohamed Aljarvan COP28 zamanı QHT-lərin iqlim maliyyəsi ilə əlaqədar təşəbbüslərinə toxunub, vacib məqamların inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Braziliyanın Turizm Nazirliyinin Planlaşdırma, İnformasiya və Turizmin İnkişafı Departamentinin rəhbəri Barbara Blaudt Rangel qeyd edib ki, COP30 ölkəsi kimi Braziliya vətəndaş cəmiyyətinin iqlim məsələlərinə dair yanaşmalarını dinləməyə və nəzərə almağa çalışır.

Forum panel müzakirələrlə davam edib.

Bərpa Olunan Enerjilər və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairinin moderatorluğu ilə keçirilən “COP29: İqlim maliyyəsi, inklüzivlik və ətraf mühitin idarəolunması sahəsində vətəndaş cəmiyyətinin gücləndirilməsi” adlı ilk paneldə Braziliyanın İqlim Dəyişmələri Panelinin İcraçı katibi, Rio-de-Janeyro Federal Universitetinin tədqiqatçısı Andrea Souza Santos, BƏƏ-nin İqlim Şəbəkəsinin rəhbəri Raşa Bayoumi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən “COP irsi: iqlim maliyyəsi, inklüzivlik və ətraf mühitin mühafizəsi üzrə vətəndaş cəmiyyətinin gücləndirilməsi” adlı ikinci paneldə BƏƏ-nin Sosial İnkişaf Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Əhməd Xəlifə Əl Şəmsi, Dünya Resurs İnstitutunun Braziliya üzrə iqlim direktoru Karen Silvervud-Cop, Braziliyanın ətraf mühit, sağlamlıq üzrə ictimai fəalı Ajaj Rafah təqdimatlarla çıxış ediblər.

Üçlük formatında QHT-lərin ilk dəfə bir araya gəlməsi mühüm başlanğıc kimi qiymətləndirilib. Müzakirələrdə xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçiləri COP29-un yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını çatdırıblar.

N.BAYRAMLI

Seçilən
0
9
yeniazerbaycan.com

10Mənbələr