AZ

Azərbaycan multikultural dünya mərkəzidir

16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür

“Dini etiqad azadlığı haqqında” Qanun Azərbaycanın tolerant bir dövlət olduğunu ehtiva edən mühüm dövlət sənədidir. Bu, ölkəmizdə İslam və başqa dinlərə aid ziyarətgahların, tarixi memarlıq abidələrinin bərpasına, milli-mənəvi dəyərlərin qorunmasına ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin verdikləri böyük dəyərin bariz nümunəsidir.

Ümummilli lideri 1994-cü il avqustun 26-da Təzəpir məscidində keçirilən Məhəmməd Peyğəmbərin mövludu mərasimində demişdir: “Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”. Həqiqətən də, müstəqillik dövründə müsəlmanlarla yanaşı, digər təbəqələrin də rahat şəkildə ibadəti üçün hər cür şərait yaradılmış, yetərincə məscid, kilsə və sinaqoqlar tikilmişdir.

“Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik” – fikrini hakimiyyətin prinsiplərindən birinə çevirən Ulu öndər dini dəyərlərin insanları geriyə deyil, daha da irəliyə aparmasının vacibliyinə diqqəti cəlb etmişdir.

Ümummilli lider 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışında bu barədə deyib: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənliyi ilə fəxr etməli, biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mədəni dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik”.

1920-ci ildə bağlanmış Jen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Həmin dövr Azərbaycanda səfərdə olan Rusiya Patriarxı II Aleksiy sonra bu kilsəni müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Bundan əlavə, paytaxtda yerləşən Pravoslav Məbədi Müqəddəs Məryəmin Miladi Kilsəsi bərpa edilmişdir. Ölkəmizdə hazırda 16 kilsə mövcuddur. Azərbaycanda xristianların əksəriyyəti rus pravoslavlarıdır. ABŞ Dövlət Departamentinin hesabatına görə, onlar müsəlmanlar kimi, din qədər mədəniyyət və etnik mənsubiyyətə də əsaslanmağa meyillidir. Təxminən, 15 minlik ümumi bir yəhudi əhalisinin əksəriyyəti Bakıda yaşayır. Qubada Qırmızı qəsəbə adlı kənd və bələdiyyədə və başqa yerlərdə daha kiçik icmalar mövcuddur. Ölkədə 6 ravvin, 7 sinaqoq və 8 yəhudi icması fəaliyyət göstərir.

Şiə, sünni, rus pravoslav və yəhudilər ölkənin “ənənəvi” dini qrupları hesab olunur. Lüteranların, Roma katoliklərinin, baptistlərin, molokanların (Köhnə möminlərin), yeddinci gün adventistlərinin və Bəhai dininin davamçılarının kiçik icmaları 100 ildən artıqdır ki, mövcuddur. Azərbaycan hökuməti dinlərarası tədbirlər təşkil etməklə də dini tolerantlığı təşviq edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoq tikilərək 2011-ci ilin aprelində dindarların istifadəsinə verilib. Dövlətimizin başçısı hər il rusları, yəhudiləri və digər icmaları dini bayramları münasibətilə rəsmən təbrik edir.

Heydər Əliyev Fondu və Ohr Avner Fondu “Azərbaycan: Tolerantlığın ünvanı” layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün “Çabad Ohr Avner” Təhsil Mərkəzini inşa edib.

Fəxrlə xatırlayırıq ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Roma Papası Fransisk ölkəmizə səfər edib. Prezident İlham Əliyev onunla görüşdə deyib ki, biz multikultural, çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün dinlərin nümayəndələrinin ləyaqətlə yaşaması ilə fəxr edirik.

Növbəti ildə Bakıda “İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan konfransda “İslam Həmrəyliyi İli”nə yekun vurulub. 40-a yaxın ölkədən dövlət, din xadimləri, elm xadimləri, 150-yə yaxın nümayəndə, 8 beynəlxalq təşkilatın təmsilçiləri konfransda iştirak edib.

Qloballaşma şəraitində azərbaycançılıq ideyası ümumbəşəri dəyərlərin qorunmasını ehtiva edir. Bu ideya özlüyündə təbii inkişafı sürətləndirib, insan hüquqları kimi ümumbəşəri dəyərləri qoruyur. Biz öz milli-mənəvi, dini dəyərlərimizlə, adət-ənənələrimizlə, tolerantlığımızla fəxr edirik.

Ayiq SƏMƏDOV

Seçilən
31
xalqqazeti.az

1Mənbələr