AZ

COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır - RƏY

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyə hədəfi üçün effektiv mühit yaradır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

O, bütün dünyanın Bakıda toplaşdığını xatırladıb:

"196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident, vitse-prezident, baş nazir olması konfransın miqyasının və nüfuzunun göstəricisidir. Bir neçə gündür COP29 çərçivəsində səmərəli müzakirələr aparılır".

K.Nurullayeva deyib ki, COP29-dan böyük gözləntilər var:

"Bunlardan biri də 2015-ci ildə imzalanmış Paris razılaşmasının 6-cı maddəsilə əlaqədardır. Belə ki, 9 il əvvəl imzalanmasına, çoxsaylı müzakirələrə baxmayaraq, sənədin karbon bazarlarını əhatə edən 6-cı maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. Məlumdur ki, 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə vahid mexanizm barədə razılığa gəliblər. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır".


"Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları da iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artırmaqla bağlı açıqlamalar veriblər. Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün Bakıdakı danışıqlar üçün effektiv mühit yaradır", - deputat qeyd edib.

Milli Məclisin üzvü vurğulayıb ki, ötən gün keçirilən kiçik ada dövlətlərinin sammiti də səmərəli müzakirələrlə yadda qaldı:

"Bu tədbirdə bir daha bəyan olundu ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməyə başlayıb. Qoşulmama Hərəkatına sədrliyi dövründə kiçik ada dövlətlərinə dəstək verən Azərbaycan COP29-un sədri kimi bu dəstəyi davam etdirməkdədir. Prezident inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan dövlətlərə müraciət edərək ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilmələri üçün kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. Rəsmi Bakı COP29-un ev sahibi kimi həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimlər tərəfindən susdurulmasını pisləyir".

Seçilən
45
ekologiya.az

1Mənbələr