AZ

“Qarabağ”ın rəqibinə ağır cəza - Aşağı liqaya göndərilə bilər

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan Lion “Olimpik”i maliyyə vəziyyəti ilə əlaqədar diskvalifikasiya edilib.

Arena.az xəbər verir ki, Fransa futbolunun aparıcı klublarından “Olimpik” borclarını ödəyib maliyyə vəziyyətini tarazlaşdıra bilməsə, cari mövsümün yekunlarından asılı olmayaraq, aşağı liqaya göndəriləcək.

Lion klubu həm də transfer qadağası alıb, bu qadağa isə vəziyyətin aydınlaşdırılması başa çatanadək qüvvəsində qalacaq.

Xatırladaq ki, təxminən oxşar səbəbdən Fransa futbolunun aparıcı klublarından biri “Bordo” “zəlil” edilərək, Fransanın gücünə dörə dördüncü liqası, həvəskarların çıxış etdiyi Nasyonal 2-yə atılmışdı.

Ötən mövsüm Fransa Liqa 1-də qalmaq uğrunda çarpışan Lion “Olimpik”i, cari mövsümün 11 turundan sonra 18 xalla 5-ci pillədə qərarlaşıb. Klub ən azı ilk üçlüyə düşmək uğrunda mübarizə aparır.

Lion “Olimpik”i Fransanın ən adlı-sanlı klublarından biridir. Klub 1950-ci ilin may ayının 26-da təsis edilib. “Uşaqlar” ev oyunlarını 59186 nəfər tutuma malik “Park Olimpik Lionne” stadionunda keçirirlər. Lion komandasını fransız mütəxəssi Pyer Saj çalışdırır.

Lion “Olimpik”inin qənimətlər muzeyində 2001/2002-ci illər mövsümündən 2007/2008-ci illər mövsümünədək ardıcıl qazandığı 7 Fransa çempionluğu var. Həmin illərdə “uşaqlar”ın heyətində braziliyalı ulduz Juninyo Pernambukano parlayırdı. Həmçinin “uşaqlar” Fransa Kubokunun (5 dəfə), Fransa Liqa Kubokunun, Fransa Super Kubokunun (8 dəfə), Fransa Liqa 2-nin (3 dəfə) qalibi olublar.

Lion “Olimpik”i 1997-ci il İntertoto Kubokunun qalibidir. “Uşaqlar” Çempionlar Liqasının (2 dəfə), həmçinin Avropa Liqasının, Kuboklar Kubokunun yarımfinalçısı olublar.

Qeyd edək ki, “Qarabağ”la Lion “Olimpik”i arasındakı oyun noyabrın 28-də Bakıda baş tutacaq.

Seçilən
30
arena.az

1Mənbələr