AZ

Separatçılar ayağa qalxdı: Abxaziya Gürcüstana QAYTARILIR?

Gürcüstanın separatçıların nəzarəti altında olan Abxaziya bölgəsində noyabrın 11-dən etibarən kütləvi etiraz aksiyaları başlayıb. Həmin gün Rusiya ilə müqavilənin ratifikasiyasına qarşı çıxan bir neçə müxalif siyasətçi saxlanılıb. Onlar iddia edirdilər ki, qanun ruslara respublikada çoxfunksiyalı komplekslər adı altında mənzillər tikməyə icazə verəcək. Saxlanılarkən etirazçılar Suxumda bir neçə körpünü bağlayıblar.

 

Ötən gün isə etirazçılar separatçıların binalarına hücum ediblər. Onlar "prezident", "vitse-prezident" və "baş nazir"in istefasını tələb ediblər. Hadisələr zamanı 13 nəfər yaralanıb.

 

Abxaziyada separatçıların lideri Aslan Bjaniya istefa verməyə hazır olduğunu bildirib. O, müxalifət qüvvələrinin hökumət binalarını tərk etməsindən sonra istefa verməyə hazır olduğunu bəyan edib. Bjaniya əlavə edib ki, vaxtından əvvəl istefa verəcəyi təqdirdə Abxaziyada keçiriləcək "prezident seçkilərində" namizədliyini irəli sürəcək. O, etirazçıların hərəkətini "dövlət çevrilişi" adlandırıb.

 

Bjaniyanın sözlərinə görə, müxalifət təzyiq göstərir və "deputatları" “prezidentin istefası ilə bağlı qeyri-qanuni qərar” qəbul etməyə məcbur edir: “Bu qərar verilməyəcək. İstəmirəm sizdə hakimiyyətdən yapışdığım təəssüratı yaransın... Mən seçki təyin etməyə, istefa verməyə... və seçkiyə getməyə hazıram. Qoy insanlar kimə dəstək verəcəklərini desinlər”.

Abxaziyada hərbi baza saxlayan Rusiya tərəfləri təmkinli olmağa çağırıb. Hadisələrin necə cərəyan edəcəyi maraq doğurur. Bəzi ekspertlər etirazların sonunda Abxaziyada separatçıların hakimiyyətdən uzaqlaşdırıla biləcəyini düşünür. Digər şərhçilər isə sözügedən hadisələrin Rusiyanın nəzarətində baş verdiyini bildirir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Abxaziya artıq "boz zona"ya çevrilərək müxtəlif kriminal dairələrin maraq müstəvisində kəsişmə nöqtəsinə çevrilib. 

 

Ekspertin sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında əhəmiyyətli "tərpəniş"lərin baş verməsi ehtimalı mövcuddur. "Hələ üç il əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi nəzdində xüsusi bir qrup yaradılmışdı ki, Abxaziyanın Moskva tərəfindən tanınmasının geri çağırılması məsələsini müzakirə etsin. Bu addım göstərir ki, Rusiya ilə Gürcüstan arasında müəyyən dialoq mexanizmləri artıq mövcuddur. Gürcüstan tərəfinin də öz maraqları çərçivəsində Rusiyaya yaxınlaşmaq istədiyi hiss olunur" - deyə o qeyd edib.  

 

2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiya Abxaziyanı müstəqil dövlət kimi tanıdı və bölgədə hərbi varlığını gücləndirdi. Rusiya separatçılara iqtisadi dəstək verərək bölgədə təsirini artırmağa davam edir. Lakin bu dəstək Moskvanın öz maraqlarını təmin etməsi üçün bir alət kimi qəbul edilir. Təklif olunan investisiya razılaşması yerli əhali arasında narahatlıqlar yaradıb, çünki bu saziş Abxaziyanın təbii ehtiyatlarının xarici qüvvələr tərəfindən istismarına yol aça bilər.

 

Qərbin bu prosesə təsirini qiymətləndirən politoloq qeyd edib ki, Qərb ölkələri Gürcüstanın Rusiyaya yaxınlaşmasının qarşısını almaq üçün ciddi səylər göstərir. "Avropa, xüsusən də, Gürcüstan-Rusiya münasibətlərinin gərgin olaraq qalmasının tərəfdarıdır. Lakin Gürcüstan rəhbərliyi anlayır ki, regionda uzunmüddətli sabitlik yalnız Rusiya ilə münasibətlərin bərpası ilə mümkündür. Xüsusilə də nəzərə alsaq ki, Rusiyada bir milyondan çox gürcü mənşəli insan yaşayır, bu münasibətlərin bərpası strateji əhəmiyyət kəsb edir."  


Tofiq Abbasov Gürcüstan cəmiyyətinin ənənələrinə və provaslav dəyərlərinə diqqət çəkərək bildirib ki, bu amillər ölkənin qərar qəbuletmə prosesində mühüm rol oynayır. "Gürcü xalqı üçün provaslav kilsəsinin mövqeyi xüsusi önəm daşıyır. Bu mənada, Gürcüstanın öz milli kimliyini qoruyaraq Rusiya ilə münasibətləri normallaşdırmağa çalışması təbiidir."  


Politoloq əlavə edib ki, regiondakı proseslərdə Qərb ölkələrinin fəallığı nəzərəçarpacaq dərəcədə artıb: "Qərbin məqsədi bölgədə vəziyyəti gərgin saxlamaq və Tiflisin üstünlük qazanmasının qarşısını almaqdır. Bununla belə, Moskva ilə Tiflis arasında yaxınlaşma tendensiyası artıq göz önündədir. Bu proseslər Abxaziya ilə bağlı yeni geosiyasi reallıqların yaranmasına gətirib çıxara bilər."  


Abxaziya regionu Qara dəniz sahillərində yerləşdiyinə görə Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Moskva burada həm hərbi, həm də iqtisadi təsirini genişləndirməklə yanaşı, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasını əngəlləmək üçün bu bölgədən istifadə edir. Buna baxmayaraq, Abxaziyada yaranan daxili etirazlar Rusiyanın bu siyasətini çətinləşdirə bilər.

 

Abxaziyanın gələcək taleyi ilə bağlı politoloq vurğulayıb ki, bölgədə "boz zona" kimi tanınan bu ərazidə proseslər yeni mərhələyə qədəm qoyub. "Abxaziyanın daxilində mövcud olan hərc-mərclik artıq sona yaxınlaşır. Bu bölgədə böyük dəyişikliklərin baş verməsi ehtimalı yüksəkdir. Rusiya və Gürcüstan arasında münasibətlərin yumşalması isə Abxaziyanın gələcəyinə birbaşa təsir edəcək."  

 

Regionun gələcəyi Abxaziya cəmiyyətinin daxili dinamizmi və beynəlxalq birliyin reaksiyasından asılı olacaq. Bu cür dəyişikliklərin Cənubi Qafqazda sabitlik və əməkdaşlıq perspektivlərini artıracağına inanan politoloq vurğulayıb ki, yaxın gələcəkdə regionun siyasi mənzərəsində ciddi dəyişikliklər gözlənilir.

 

Həsən Mahanov

Seçilən
7
1
modern.az

2Mənbələr