AZ

58 yaşında rinqə qayıdan Mayk Tayson məğlub oldu

Dünya boksunun canlı əfsanəsi, Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan 58 yaşlı Mayk Tayson yenidən rinqə qayıdıb.

Arena.az xəbər verir ki, o, ötən gecə tanınmış bloger Ceyk Pol ilə qarşılaşıb.

Texas ştatının Arlinqton şəhərindəki AT&T arenada təşkil olunmuş peşəkar boks gecəsi çərçivəsində baş tutan qarşılaşma hərəsi 2 dəqiqə davam edən 8 raunddan ibarət olub. Yekunda hakimlərin yekdil qərarı ilə Pol qalib elan olunub – 79:73.

Xatırladaq ki, Tayson peşəkar karyerasını 2005-ci ildə başa vurmuşdu. O, peşəkar karyerası ərzində 57 döyüş keçirib, bunların 50-də qələbə qazanıb, 7-də isə məğlub olub.

Ceyk Pol isə peşəkar rinqdə keçirdiyi 11 döyüşün 10-da qələbə qazanıb, 1-də məğlub olub.

Qarşılaşmadan sonra Mayk Tayson Ceyk Pola məğlubiyyətini şərh edib. Əfsanəvi boksçu, Polun yaxşı döyüşçü olduğunu bildirib:

“Titul döyüşlərində qələbələr üçün UFC rekordunu kim saxlayır? Özümdən başqa, heç kimə sübut edəcək heç nəyim yoxdur. Özümə göstərmək istəyirdim ki, hələ də bacarıram. Səhhətimdə problemlər olub, amma bəhanə axtarmıram. Pola gəlincə, o, yaxşı döyüşçüdür, çətin oldu.

İntiqam? Vəziyyətdən asılı olacaq. Düşünmürəm ki, bu mənim sonuncu döyüşümdür. Ola bilsin ki, mən bundan sonra başqası ilə döyüşəcəyəm, məsələn, Loqan Pol (gülümsəyir)”.

Ceyk Pol da Tayson üzərində qələbəsini şərh edib. O, ilk növbədə əfsanəvi boksçuya təşəkkür etmək istədiyini bildirib:

“İlk növbədə, Mayka təşəkkür etmək istəyirəm. O, bütün zamanların möhtəşəm simvolu, mükəmməl boksçudur. Mən ona hədsiz hörmət edirəm. Amma bu gün tam fədakarlıqla mübarizə apardım, ona yazığım gəlmədi, çünki bu, boksdur.

Döyüşdən əvvəl mənə şillə vurdu? Sadəcə, bir epizod idi. Bu, üzümə böyük bir şillə idi (gülür)”.

İddiaya görə, uzun illər sonra üzləşdiyi bu məğlubiyyətə baxmayaraq, Mayk Tayson karyerasını davam etdirmək niyyətindədir. Bunu Taysonun nümayəndəsi bildirib. Onun sözlərinə görə, əfsanəvi boksçu hələ də döyüşmək istəyir:

“Tayson karyerasını hələ bitirmək istəmir. O, növbəti görüşünü 2025-ci ildə keçirə bilər. Rəqibin seçilməsi ilə bağlı məsələni daha sonra nəzərdən keçirəcəyik”.

Seçilən
37
arena.az

1Mənbələr