AZ

Xüsusi tapşırıqla Tiflisə getdi - Şəhərin mərkəzində ermənilərlə birgə...

Məlumdur ki, bir müddət əvvəl isveçli iqlim fəalı Qreta Tunberq Bakıda keçirilən COP29-a etiraz olaraq Tbilisinin mərkəzindəki Azadlıq meydanında etiraz aksiyası keçirib.

Aksiyaya bəzi gürcü, erməni və azərbaycanlı ictimai fəallar da qatılıb. Onların arasında ötən parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağı da olub. O, sözügedən aksiyada "We - azerbaijan is stand with karabakh armenia" ("Biz, azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq") şüarını qaldırıb.

Aksiya iştirakçıları Azərbaycan əleyhinə şüarlar səsləndirərək ölkəmizin guya Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə siyasəti apardığını qeyd ediblər.

Vəfa Nağının bu hərəkəti eləcə də ardınca sosial şəbəkədə yazdığı status öz tərəfdarları, eləcə də müxalifətçilər tərəfindən birmənalı qarşılanmayıb. Bir zamanlar onu müdafiə edənlər sosial şəbəkələrdə onun ünvanına kəskin tənqidi fikirlər səsləndiriblər.

Hüquq müdafiəçisi Mətanət Əzizova qeyd edib ki, bu, etnik təmizləmə deyil: “Beynəlxalq sənədlər var - zəbt olunmuş torpaqlara “заселение” qadağandır. Orada yaşayanlar isə əsasən Rusiya, Livan, Ermənistan vətəndaşlarıdır. Necə ki Ukrayna öz torpaqlarını qaytaranda Rusiya vətəndaşları oradan çıxmalıdır. Məhz köhnə Qarabağ ermənilərinin sayı orda az idi”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Teleqraf.com-a açıqlamasında bildirib ki, Qarabağda ermənilərin etnik təmizləməyə məruz qalması barədə iddialar kim tərəfindən səslənməsindən asılı olmayaraq qətiyyən həqiqətə uyğun deyil.

“Vəfa Nağının statusu ilə tanış deyiləm, ona görə də bu barədə şərh verə bilməyəcəm. Ümumiyyətlə isə Qarabağda ermənilərin etnik təmizləməyə məruz qalması barədə iddialar birbaşa Azərbaycana qarşı istifadə olunan, düşmənlərimiz tərəfindən irəli sürülən bir tezisdir. Məncə, Azərbaycanda yaşayan, bu müharibəni, bu prosesləri izləyən hər kəs bilir ki, etnik təmizləmə haqqındakı uydurma tezis həqiqətə uyğun deyil”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə isə ölkəmizdə beynəlxalq tədbirin keçirildiyi dövrdə Azərbaycana qarşı ermənilərdən istifadə edib hücum etmək vətənə xəyanət kimi qiymətləndirilməlidir. Dövlətçilik məsələsində iqtidar, müxalifət olmur.

“Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə siyasəti aparılmayıb. Birincisi, ermənilərin özləri buradan könüllü çıxıb gediblər. İkincisi, onların getmə səbəbləri odur ki, orada olan erməni kişilərinin hamısının əli azərbaycanlıların qanına batıb. Üçünçüsü, hər hansı azərbaycanlının gedib ermənilərlə eyni platformada iştirak etməsinin qəti əleyhinəyəm. Bunun adı agentura şəbəkəsi, uzantıdır. Bəzisi Rusiyanın, bəzisi İranın, bəzisi Qərbin uzantısıdır, yəni anti - Azərbayvan mövqeyində duran uzantılardır. Mən belə mövqeləri pisləyirəm. COP29 BMT- nin keçirdiyi mötəbər tədbirdi. Bu tədbir bəşəriyyət, insanlıq, cəmiyyət üçün lazım olan tədbirdi. Həmçinin Azərbaycanın inkişafı, gələcəyi üçün fürsətdi. Bundan yararlanmaq lazımdır. Bununla bağlı hər hansı pozuculuq işi ilə məşğul olmaq düz deyil. Ermənilərlə eyni platformada çıxış edərək, fürsətdən istifadə edib Azərbaycanı etibarsızlaşdırmaq olmaq. O adamların bircə dəfə də olsun bizə düşmən münasibətdə olan Fransaya, Avropa Parlamentinə, ayrı ölkələr və qurumlara qarşı çıxışını görmusünüzmü? Yox və olmayacaq da...”


Müəllif: Teleqraf.com
Seçilən
54
teleqraf.com

1Mənbələr