AZ

TDT-nin dünya geosiyasətində rolu artır

Azərbaycan həm siyasi, həm iqtisadi, həm mədəni baxımdan öz tarixinin növbəti intibah mərhələsini yaşayır. Bir vaxtlar enerji sənayesini, neft-qaz sektorunu inkişaf etdirmək üçün digər dövlətlərdən sərmayə cəlb etməyə çalışan Azərbaycan bu gün güclü maliyyə imkanlarına malik investor dövlətdir. O, yaşıl enerjiyə keçidi təmin etmək üçün müxtəlif layihələrə investisiyalar yatırır.

Vaxtilə Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün müxtəlif güc mərkəzlərindən dəstək istəyən Azərbaycan dövləti indi özünün bütün ərazisi üzərində qeyd-şərtsiz hökmrandır, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonasına çevirir.

Bir zamanlar müxtəlif beynəlxalq təşkilatlara üzv qəbul edilmək üçün aylarla, illərlə növbə gözləyən Azərbaycan bu gün ədalətsizliyi başlıca prinsipinə çevirmiş həmin təşkilatların haqsız istək və tələblərinə boyun əymir, özü isə Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi bir sıra qurumların aparıcı üzvlərindən birinə çevrilmişdir. Ölkəmiz BMT-nin ən nüfuzlu sammitlərindən olan COP29-a evsahibliyi edərək, tədbiri yüksək səviyyədə təşkil etmişdir.

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atdığı addımlar, irəli sürdüyü regional və qlobal miqyaslı təşəbbüslər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının maraqlarına xidmət edir. Azərbaycan dövlətinin çoxəsrlik dövlətçilik ənənələrini yaşatmaqla yanaşı, həm də tariximizdə yeni tipli lider obrazı yaradan İlham Əliyev Türk dünyasından Avropaya yaşıl enerji ixracı ideyasının da müəllifidir.

Onun yeni enerji strategiyasında qarşıya qoyulan başlıca məqsəd təkcə ənənəvi neft-qaz ixracatçısı olan Azərbaycanı yaşıl enerji istehsalçısına və təchizatçısına çevirmək deyildir. İlham Əliyevin enerji diplomatiyası Orta Asiyanın türk dövlətlərini böyük yaşıl enerji istehsalı potensialından istifadə etməyə, istehsal olunan yaşıl enerjini Azərbaycan və Türkiyə əraziləri vasitəsilə Avropaya göndərməyə təşviq edir. Bu prosesdən isə həm Türküstan dövlətləri, həm Türkiyə, həm də Azərbaycan qazanacaqdır. Orta Asiyadan Avropaya uzanan yaşıl enerji xətti layihəsi miqyasına görə indiyə qədər reallaşdırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələri geridə qoyacaqdır. Prezident İlham Əliyev 2024-cü ilin iyulunda keçirilən II Şuşa Qlobal Media Forumundan bu barədə demişdi: "Bizim planlarımız, istədiyimiz həyata keçsə, Özbəkistan və Qazaxıstandan Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni bu layihə Cənub Qaz Dəhlizindən də daha böyük layihə olacaq".

***

Azərbaycanın “yaşıl enerji” yolu yeni başlamayıb. Onun tarixi 20 ildən artıqdır. Hələ cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən cəmi 1 il sonra – 2004-cü il oktyabrın 21-də qəbul edilmiş “Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nda müxtəlif tələbatçıların təmiz enerji ilə təchiz edilməsi prioritetlərdən biri kimi müəyyənləşdirilmişdi. Məhz həmin proqramda qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi nəticəsində bərpa olunan enerji mənbələri ilə bağlı vacib enerji infrastrukturu formalaşdırılmışdır.

Bu istiqamətdə səylər 2020-ci ildən sonra xüsusən güclənmişdir. Həmin ildən etibarən Azərbaycan Böyük Britaniyanın BP, Fransanın Total Energies, Çexiyanın “A-Z Czech Engineering” kimi nüfuzlu şirkətləri ilə yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün müzakirələrə, sonrakı illərdə Səudiyyə Ərəbistanının dünyaca məşhur olan "ACWA Power", Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri ilə əməkdaşlığa başlamışdır.

2021-ci ilin fevralında təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə Azərbaycanı təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməklə bağlı xüsusi bənd daxil edilmişdi. Ölkə ərazisində bərpa olunan enerji istehsalı potensialına malik 8 xüsusi ərazi müəyyənləşdirilmişdir.

Həmin ilin mayında Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamının icrası ilə bağlı görülən işlər dövlətimizin bu sahəyə verdiyi önəmin göstəricisidir.

Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasında da yaşıl enerji zonası yaradılmaqdadır. Bununla bağlı hədəflər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təfsilatlı tədbirlər planında əksini tapmışdır.

Muxtar respublikada yaşıl enerji zonasının yaradılması təkcə daxili enerji tələbatının ödənilməsinə hesablanmayıb. Yaşıl enerji istehsalı və onun Türkiyə Cümhuriyyəti ərazisi vasitəsilə Avropa bazarına çıxarılması baxımından Naxçıvan unikal imkanlara malikdir.

Azərbaycanın Avropanın yaşıl enerji təchizatçısına çevrilmək yolunda atdığı mühüm addımlardan biri 2023-cü ildə “SOCAR Green”in yaradılması barədə qərarın qəbul edilməsi olmuşdur. Onun yaradılmasında məqsəd Günəş və külək enerjisi layihələrinə, yaşıl hidrogen istehsalına investisiyaların yatırılmasıdır.

***

Türk dünyasından Avropaya yaşıl enerji ixracı ideyası iştirakçı tərəflərin hər biri üçün faydalıdır. İdeyanın reallaşdırılması istiqamətində atılan addımlar həm Türk dünyası, həm Qafqaz, həm də Avropa ölkələrinə fayda gətirəcəkdir.

Bu ideyanın reallaşdırılması istiqamətində mühüm sənədlərdən biri 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”dir. Sənəd Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin Avropaya ixracı ilə yanaşı, Qara dəniz sualtı elektrik xəttinin çəkilməsini nəzərdə tutur. Burada həm də Orta Asiya mənşəli yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya ötürülməsi kimi vacib məsələ də vardır.

Yuxarıda da qeyd etdiyim kimi, İlham Əliyevin ideya müəllifi olduğu qlobal layihənin –Avropaya yaşıl enerji xəttinin potensial iştirakçıları arasında Orta Asiyanın qardaş türk dövlətləri də vardır. 2023-cü ilin noyabrında Bakı, Daşkənd və Astana arasında yaşıl enerjinin Avropaya ixracı üçün müştərək müəssisənin yaradılması haqqında razılaşma əldə edilmişdir.

Məhz İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Gürcüstandan Rumıniyaya Qara dəniz vasitəsilə yaşıl enerjini çatdıracaq elektrik xətti əvvəlcə Xəzər dənizinin qərb sahilinə – Bakıya qədər, sonra isə Xəzər dənizinin şərq sahilinə, Qazaxıstana qədər genişləndirilmişdir.

2024-cü ilin mayında Daşkənddə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyası sahəsində əməkdaşlıq memorandumu imzalanmışdır. Bu sənəd üç ölkənin yaşıl enerji istehsal etmək və onu Avropaya ixrac etmək istiqamətində atdıqları ən mühüm addımlardan biri kimi qiymətləndirilir. Memorandumda Qazaxıstanda və Özbəkistanda istehsal edilən yaşıl enerjinin Azərbaycana ötürülməsi üçün Xəzər dənizinin dibi ilə və digər ölkələrin əraziləri vasitəsilə yüksək gərginlikli kabel xətlərinin çəkilməsi niyyətləri ifadə edilmişdi.

Enerji sahəsində Özbəkistan və Avropa İttifaqı arasında əməkdaşlıq da son illərdə əhəmiyyətli dərəcədə genişlənməkdədir. Özbəkistanda istehsal olunan yaşıl enerjinin Avropa ölkələrinə ixracı üçün də ən əlverişli marşrut Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçir. Türkmənistanın və Qırğızıstanın da Avropa ölkələri ilə enerji sahəsində əlaqələrini inkişaf etdirəcəyi təqdirdə Cənubi Qafqaz marşrutuna ehtiyac duyacağı istisna deyildir.

COP29-da iştirak etmək üçün Azərbaycana gəlmiş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdikləri üçtərəfli görüş yaşıl enerji ilə bağlı arzuların, ideyaların artıq reallığa çevrildiyini göstərir. Üç ölkənin dövlət başçılarının “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalamaları həm Orta Asiya, həm Cənubi Qafqaz, həm də Avropa üçün kifayət qədər ciddi və əhəmiyyətli hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi, bu “saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır”.

Qazaxıstan üçün də bu layihə böyük əhəmiyyətə malikdir. Yaşıl enerji dəhlizinin yaradılması Qazaxıstana Avropanın enerji təchizatındakı nüfuzunu qoruyub saxlamağa, qazıntı-karbohidrogen resurslarından asılılığını azaltmağa imkan verə bilər. Heç də təsadüfi deyildir ki, qardaş ölkənin Prezidenti Tokayev sazişin imzalanmasının əhəmiyyətinə toxunarkən demişdir: “Sənəd dövlətlərimizin enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Yaşıl enerji karbon neytrallığına doğru irəliləyən Qazaxıstan üçün prioritet istiqamətdir. Biz qazıntı resurslarından asılılığımızı azaltmaq, texnoloji yenilikləri inkişaf etdirmək və ekoloji davamlılığımızı dəstəkləyə biləcək infrastruktur yaratmaq üçün fəal işləyirik”.

Özbəkistanın isə Avropanın yaşıl enerji təchizatçısına çevrilməsi Qazaxıstan və Azərbaycanla sıx əməkdaşıq olmadan, demək olar ki, mümkünsüzdür. Məhz bu baxımdan Özbəkistan həm türk inteqrasiyasının, həm də yaşıl inteqrasiyanın ən əsas dəstəkçilərindən və iştirakçılarından biri kimi çıxış edir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sazişin imzalanması mərasimindəki çıxışından aydın olur ki, bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil. Prezident Mirziyoyev çıxışında vurğulamışdır: “Bu, bizim gələcəyə verdiyimiz töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissimizin nəticəsidir. Mən bu layihənin ekoloji əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Nəql ediləcək enerji külək və Günəş enerjisidir, iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir. Bununla biz Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik. Ölkələrimiz əhəmiyyətli dərəcədə bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə verə bilər”.

***

Enerji layihəsinin reallaşması Cənubi Qafqazın digər ölkələrinə də fayda gətirə bilər. Gürcüstan uzun illər Azərbaycanın enerji resurslarının Avropaya ötürülməsi nəticəsində böyük iqtisadi faydalar əldə etmişdir. İstisna deyildir ki, Azərbaycanın şərtlərini qəbul edəcəyi, türkofobiya xəstəliyindən sağalacağı təqdirdə uzun illər yürütdüyü işğal siyasəti səbəbindən regional layihələrdən kənarda qalmış Ermənistan da Türk dünyası miqyasında yaşıl enerji ilə bağlı həyata keçirilən layihələrdən faydalana bilər. Azərbaycan enerjinin alternativ ixrac marşrutlarından biri kimi Bakı-Qərbi Zəngəzur – Naxçıvan – Türkiyə – Avropa xəttini dəyərləndirə bilər. Lakin bu yalnız Ermənistanın revanşist və işğalçı niyyətlərindən əl çəkməsi, enerji xətlərinin təhlükəsizliyi ilə bağlı üzərinə beynəlxalq öhdəliklər götürməsi şəraitində mümkündür.

***

Aparılan təhlillərdən aydın olur ki, türk inteqrasiya prosesinin yaşıl enerji ixracı məsələləri ilə əlaqələndirilməsi əvvəllər Türk birliyini təhlükə olaraq görən bir çox qüvvələrin neytrallaşdırılmasını təmin edib. Hazırda Türkiyə və Azərbaycanın da iştirakı ilə türk inteqrasiyasına Avropa ölkələrinin, demək olar ki, neytral yanaşması, bunu məqbul bir proses kimi görməsi həm də enerji maraqları ilə bağlıdır. Hesab edilir ki, türk dövlətlərinin enerji sistemlərinin inteqrasiyası Türküstan – Avropa enerji transferində maliyyə xərclərinin əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər. Qara dəniz elektrik xətti layihəsi gerçəkliyə çevrildikcə Xəzər dənizinin sualtı kabelinin çəkilməsinə də maraq artır. Avropa üçün türk dövlətlərinin, o cümlədən Qazaxıstan və Özbəkistanın enerji infrastrukturuna sərmayə yatırılması daha cəlbedici olur.

Beləliklə, Prezident İlham Əliyevin irəli sürdüyü və bu gün gerçəkliyə çevrilməkdə olan Türk dünyasından Avropaya yaşıl enerji ixracı ideyası həm də türk inteqrasiyasını gücləndirir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Azərbaycanla, Türkiyə ilə əlaqələri sıxlaşır. Türk amili ölkələr arasında əməkdaşlığın inkişafı üçün təbii əsası təşkil edir. Geosiyasi, iqtisadi və milli maraqların üst-üstə düşməsi isə inteqrasiya proseslərinin təbii əsaslarla inkişaf etməsinə şərait yaradır.

Elnur KƏLBİZADƏ,
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent

Seçilən
52
xalqqazeti.az

1Mənbələr