AZ

Müstəqil Azərbaycanın aləmə yayılan səsi

Müsahibimiz APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızıdır

Müstəqillik dövrünün uğurlu media layihəsi kimi özünü təsdiq edən Azəri-Press Agentliyi – APA-nın 20 yaşı tamam oldu. 2004-cü ildən müstəqil, özəl və beynəlxalq aləmdə öz dəst-xətti ilə tanınan agentlik Azərbaycan, rus, fars, fransız və ingilis dillərində özəl, operativ xəbərləri bütün dünyaya çatdırır. APA bu gün nəinki Azərbaycanda, eləcə də Gürcüstan, Rusiya, Türkiyə və İranda fəaliyyət göstərir.

– Vüsalə xanım, 16 noyabr APA-nın yaranma günüdür. Ötən 20 ildə agentliyin informasiya məkanındakı fəaliyyəti söz azadlığı uğrunda cəsarət və peşəkarlığın daha bir nümunəsi sayıla bilər. APA müstəqil Azərbaycan dövlətinin səsini dünyaya yayan çevik media qurumu kimi illər ötdükcə təcrübəsini artırıb, mükəmməl yaradıcılıq komandasına çevrilib. Bugünlərdə APA-ya ünvanlanan çoxsaylı mötəbər təbriklərə “Xalq qəzeti” də qoşulur.

– Əvvəlcə, həmkarlıq ehtiramınıza görə redaksiyanıza minnətdarlığımı bildirirəm. Bu gün səhərdən başlayaraq həmkarlarım – Azərbaycan Mətbuat Şurasından, müxtəlif media qurumlarından təbriklər göndəriblər. Hamısına xüsusi olaraq təşəkkür edirəm. Sizə gəldikdə isə deyərdim ki, 105 illik tarixi olan bir qəzetin, hətta “Xalq TV”-nin mənimlə belə bir səmimi söhbət qurması qürurvericidir. “Xalq”qəzeti məktəbdir, verdiyiniz dəyər o deməkdir ki, 20 ilimiz hədər getməyib.

Fəaliyyətimizin əsas nəticəsi budur ki, informasiya məkanında öz sözümüzü deyə bilmişik, artıq APA-nın imzası, nüfuz möhürü var. Bu gün APA Azərbaycanın, Cənubi Qafqazın ən böyük media qurumlarından biridir. İlk üçlükdə yer tutmuşuq. Peşəkar, gecəsini-gündüzünə qatan komanda yetişdirmişik.

APA-ya istinadların yetərincə olması məni qürurlandırır, xəbər saytlarımıza da inam və diqqətin çox olması isə məsuliyyətimizi ikiqat artırır. 20 il ərzində addım-addım uğurlara imza atmağımız təkcə APA-nın xidmətləri deyil, bu, həm də ölkədə normal media mühitinin formalaşmasının nəticəsidir. Əgər Azərbaycanda işgüzar media mühiti yaradılmasaydı, biz nə qədər çalışsaq belə, heç nə əldə edə bilməzdik. Dövlətimiz və onun rəhbəri Prezident İlham Əliyevin mediaya hərtərəfli qayğısının nəticəsidir ki, bu gün çox sayda müstəqil informasiya agentlikləri azad fəaliyyət göstərə bilirlər. Bəli, peşəkarlar diqqət və qayğı görəndə uğur qazanırlar.

– Bu diqqət və qayğını siz necə uğura çevirmisiniz?

– İlk növbədə, aydın məramımızla, Vətən sevgimizlə meydana atılmışıq. İkincisi, APA-nın ətrafına fədakar media işçilərini yığa bilmnişik. Hazırda 30-a yaxın əməkdaşımız COP29 beynəlxalq tədbirində çalışır. Bu konfrans bizim üçün də geniş meydan açıb, orada 2 ofis, 1 studiyamız işləyir. Bu tədbirin işıqlandırılmasında əməyi olan, nahar saatlarını belə iş başında keçirən əməkdaşlarımızla fəxr edirik. Düşünürük ki, ötən 20 ili boşa verməmişik. Bizim əməkdaşlar COP29-da biri-birinə, adətən, belə müraciət edirlər: “Vaxt yoxdur, iş gözləmir”. İnanın bu mənzərənin şahidi olanda hətta kövrəldim. Onlar APA-nın imici naminə həqiqətən fədakarcasına işləyirlər. Bundan böyük sevgi ola bilərmi? Bu, APA komandasının işə yanaşmasıdır.

APA-nı brend edən peşəkarlardır. Onlar media fədailəridir. Mən belə insanlara işinin fədaisi deyirəm. Elə olub ki, komanda halında günlərlə ofisdə qalmalı olmuşuq, xəbərin operativliyi naminə iş yerini tərk etməmişik.

Hazırda yeni media dövrüdür. Etiraf etməliyik ki, sosial şəbəkələr informasiyanı elə sürətlə yayırlar ki, sən reallığı, həqiqəti qorumaq naminə son dərəcə çevik tərpənməlisən.

Dəfələrlə olub ki, bizim sosial şəbəkə menecerlərimiz mənim xəbərim olmadan belə, bütün gecəni işləyiblər ki, informasiyanı birinci versinlər. Bu ürək, bu vicdan olmasa, davamlı inkişafdan söhbət gedə bilməz. Biz, demək olar ki, 24 saat işləyirik. Bu şirkətin qapıları heç vaxt bağlanmır. Məqsədimiz ilk növbədə operativ, qərəzsiz, dürüst informasiyanı birinci olaraq yaymaqdır. İctimai rəydən bilirəm ki, biz qarşımıza qoyduğumuz məqsədə çatmışıq.

– APA çağdaş informasiya siyasətini necə qurub? Yenilikləri necə toplayıb auditoriyaya ötürürsünüz?

– Bizim üçün informasiya həyatın özüdür. Bizə görə, jurnalistika peşə deyil, həyat tərzidir. Müəyyən peşələr var ki, siz işdən çıxıb gedirsiniz evə, peşəniz sizi tərk edir. Jurnalistika, informasiya isə hər yerdə sizinlədir. İnformasiyasız cəmiyyəti indi təsəvvür etmək belə mümkün deyil

2020-ci ildə Vətən müharibəsi zamanı 44 gün ordumuzla, xalqımızla birgə biz medianın əsgəri olduq. Müzəffər Ordumuzun misilsiz qəhrəmanlığını, Ali Baş Komandanın çıxışlarını bütün dünyaya yaydıq və bundan sonsuz qürur duyduq. Torpaqlarımız düşməndən azad olunub, amma bu gün yenə də informasiya cəbhəsində döyüşürük. Çünki düşmənlərimizin havadarları Böyük Zəfərimizi həzm edə bilmirlər.

Təəssüf ki, ədalətsiz dünya Azərbaycanın COP29 kimi beynəlxalq tədbirə evsahibliyi etməsini də şər-böhtanla qarşılayır, qərəzli niyyətlərini həyata keçirmək üçün var-qüvvələri ilə çalışırlar. Biz aparıcı media orqanı olaraq bu böhtanlara qarşı haqq səsimizi dayandırmamalıyıq.

– COP29 Azərbaycanda buvaxtadək keçirilən ən böyük və məsul beynəlxalq toplantıdır. Belə nəhəng və qlobal konfransın, onun çoxsaylı iclas, təqdimat və aksiyalarının əhatəli işıqlandırılması yeni bir iş üsulu tələb edirdi...

– APA-nın əsas amalı da məhz xalqımızın haqq səsini dünyaya çatdırmaq, haqqımızı müdafiə etmək olduğundan biz belə bir çətinliyə çiyin verə bildik. Bədxahlarımızın pozuculuq kampaniyaları bizi ikiqat fədakarlığa səsləyib. “Etnik təmizləmə” adı altında ölkəmizə ləkə yaxmaq olmaz. Azərbaycan haqqın, ədalətin yanındadır. “Feyk” xəbərlər stəkanda yaradılan süni fırtınaya oxşayır. Baxın, yalan xəbərlərlə işləmək nə qədər ağırdır?

COP29-da 10 mindən çox foto qeydə almışıq, 1500-dən çoxunu yaymışıq. Əsl həqiqət göz qabağındadır, müxtəlif ölkələrin media qurumları bundan istifadə edirlər. Tədbir iştirakçılarına rahat işləmək və dincəlmək üçün hər cür şərait yaradılıb. 70-dən çox dövlət rəhbərindən müsahibələr almışıq.

Yeri gəlmişkən, bir mühüm faktı da deyim ki, Müzəffər Liderimiz başda olmaqla biz artıq tarixin təkərini döndərmişik. Biz 200 ildən sonra türkün qələbəsini əldə etmişik. Düşmən, əlbəttə, bunu həzm edə bilmir. Ona görə də ölkəmizə qarşı qara piara qarşı barışmaz olmalıyıq. Biz xalq və dövlət olaraq Yer üzündəki bütün doğru, dürüst, vicdanlı insanları inandırmaq istəyirik ki, biz haqlıyıq.

– Siz artıq qlobal informasiya məkanında mötəbər media qurumu olduğunuzu təsdiqləmisiniz. 20 illik yubileyin hesabatında, şübhəsiz, bu uğur öndə gəlir.

– Bir media şirkətinin püxtələşməsi üçün 20 il çox azdır. Mən bu işə başlayanda 25 yaşım vardı, indi 45 yaşdayam. İllər və zaman öz hökmünü verir. APA mənimlə birgə yaşlanmağa doğru gedir, amma çox istərdim ki, mən dünyada olmayanda da, APA yaşasın və nüfuzunu itirməsin.

APA ilə mən imzamı tanıtmışam. APA həyatımın mənasıdır, təsəvvür edin ki, bu informasiya agentliyinin nəzdində olan saytlar, APA TV belə mənə APA qədər doğma ola bilməz, hətta hərdən bizim əməkdaşlar deyirlər ki, Vüsalə xanım, bir qədər ayrı-seçkilik edirsiniz?!

Bəli, etiraf edirik ki, APA mənim üçün xüsusi olaraq önəmlidir. Arzum budur ki, o, Azərbaycanın media tarixində əbədi olaraq yaşasın və bu imza ilə bütün dünyaya xalqımız və dövlətimiz barədə yeni xoş müjdələrlə dolu xəbərlər yayaq.

– Bu məsul və şərəfli fəaliyyətdə APA-ya yeni uğurlar arzulayırıq.

Söhbəti qələmə aldı:
Kəmalə ABDINOVA
XQ

Seçilən
59
xalqqazeti.az

1Mənbələr