AZ

Hücum kampaniyaları təşkil edənlərə layiqli cavab...

196 ölkədən 72 min iştirakçı - 80 prezident, vitse-prezident və baş nazir...

Azərbaycanın son 4 ildə yerləşdiyi regionda yaratdığı yeni siyasi reallıqlar, iqtisadi transformasiya və əməkdaşlıq platforması ölkəmizin birləşdirici funksiyasını bir daha təsdiqləyir. Cənubi Qafqaza daimi sülh bəxş etməklə bölgə üçün yeni inkişaf perspektivi yaratmağa çalışan Azərbaycan həm də böyük bir coğrafiya üçün yeni ticari imkanlar formalaşdırır. Bu isə özündə mədəni, siyasi-iqtisadi, ticari və mənəvi inteqrasiyanı əks etdirir. Azərbaycan müasir çağırışlara uyğun olaraq mühüm geostrateji məkanda yeni dünya düzəninin iqtisadi şəkilləndirməsini hazırlayır.

Təbii ki, bu addımlar bütövlükdə, ölkəmizin müsbət qlobal təşəbbüskarlıq nümunələrindən biri kimi tarixə yazılır. Bundan öncə Azərbaycanın müəllifi olduğu bir çox təkliflər beynəlxalq miqyasda bəyənilib, dəyərləndirilib və özünü təsdiqləyib. COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident  İlham Əliyev bildirib ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik: “Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.

Günlərdir ki, davam edən COP29 həm də Azərbaycanın “yaşıl” gündəliyinin təsdiqidir. 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə müasir çağırışlara uyğun olaraq bərpa olunan enerji mənbələrindən aktiv istifadə yolunu seçən, dünyanın “yaşıl” çağırışlarına cavab verən və bu çağırışları dəstəkləyən Azərbaycan yeni inkişaf mərhələsi yaradır. Təbii ki, bu hal dotslarımızı sevindirdiyi qədər anti-Azərbaycan kampaniyaları ilə ölkəmizin yürütdüyü müstəqil siyasi xəttə mane olmağa çalışan mərkəzlərin maraqları ilə uzlaşmır - bunun nəticəsidir ki, ötən ilin sonundan etibarən, yəni COP29-a ev sahibliyi iddiamız ortaya qoyulandan və bu təklif dəstəklənən dövrdən etibarən ölkəmizə qarşı hücumlar daha da intensivləşib.

Böhtan kampaniyasına qarşı arqumentli cavab: Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi...

Sirr deyil ki, COP29 tədbirinə ev sahibliyi etmək üçün Azərbaycanın seçilməsi və yekdilliklə dəstəklənməsi xarici dairələr tərəfindən müxtəlif media kampaniyalarına start verilməsi və təzyiqlərin artması ilə müşayiət olundu. Məsələn, beynəlxalq mediada yayımlanan bəzi məqalələrdə Azərbaycanın ətraf mühit sahəsindəki səylərinin guya qeyri-kafi olması iddia edilirdi - halbuki, Azərabaycan nəinki Cənubi Qafqaz-Mərkəzi Asiya - Kiçik Asiya coğrafiyası üçün yeni “yaşıl” enerji strategiyası hazırlayır, o cümlədən Qara dənizin dibi ilə Mərkəzi Avropaya inteqrasiya edəcək “yaşıl” layihələrə də müəlliflik edir. Bu isə həmin anti-Azərbaycan mərkəzlərin növbəti özünütəkzibinə çevrilir. Liderlər Sammitinin açılış mərasimində Azərbaycanın “yaşıl” gündəliyindən bəhs açan Prezident İlham Əliyev bildirib ki, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq: “Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır”.

Qeyd edildiyi kimi, fərqli rakurslardan fərqli bəhanələrlə Azərbaycanın COP29-a ev sahibliyi etməsinə mane olmağa çalışanların bir məqsədi vardı - özünün antimilli niyyətini yerinə yetirmək. Bu əsasız iddiaları, şər-böhtan kampaniyalarını özünəməxsus “don”da təqdim etmək istəyənlər nələrə əl atmadılar - siyasi rıçaqlardan istifadə etməklə, iqtisadi platformalardakı naliyyətlərimizə qarşı cəbhə açmaqla, ölkə daxilindəki bəzi “yedək”lərini “prosesə” qoşmaqla min bir yola baş vuruldu. Nəticə etibarı ilə, uğur yenə Azərbaycanın tərəfindədir - tədbirə qlobal diqqət, kütləvi iştirak, dövlət xadimlərinin, ölkə başçılarının və hökumət rəhbərlərinin iştirakı COP29-a verilən müsbət dəyərin bariz sübutuna çevrildi.   

İkili standart: Avropa Komissiyası nəyi niyə qarışdırır?

Ən təzadlı məqam isə xüsusilə Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən Avropa Komissiyasının iddiaları və onun “ətrafının” apardığı “antitəbliğat” kampaniyasıdır - bəzi dairələr Azərbaycanın ənənəvi enerji sektorunda təmsil olunmasını “əsas gətirərək” ölkəmizin yürütdüyü “yaşıl” gündəliyi gözdən salmağa çalışır. Halbuki, Azərbaycanın dünya üzrə neft hasilatındakı payı 0,7 faizdir - qlobal qaz hasilatındakı payı isə cəmi 0,9 faizdir. Bu isə Azərbaycanı dünya üzrə nəhəng enerji hasilatçıları sırasına daxil etmir. Ölkənin karbon qazı emissiyalarındakı payı isə cəmi 0,1 faizdir. Müqayisə üçün, bildirək ki, ABŞ-ın və Avropa İttifaqı ölkələrinin illik karbon emissiyası milyardlarla tona yaxındır. Əlavə olaraq, 2023-cü il üzrə statistikaya görə, Avropa İttifaqında emissiyaların azaldılması hədəfinə baxmayaraq, bəzi üzv ölkələrdə kömürdən istifadənin artması müşahidə edilib. Avropa İttifaqında bəzi ölkələrin karbon qazı emissiyalarının Azərbaycanla müqayisədə yüz dəfə yüksək olması - bunun qarşılığında Azərbaycanın “ittiham edilməsi” bariz ikili standartların göstəricisidir. Beləliklə, Azərbaycana qarşı aparılmasına çalışılan bu kampaniya elə birinci mərhələdəcə sıradan çıxdı.

Azərbaycana qarşı tutarlı bir “ittiham” tapa bilməyən dairələr təzadlı və absurd bir iddiaya əl atmaq məcburiyyətində qaldı - COP tədbirlərinin əsas mahiyyətini gizlətmək, dünyanın “yaşıl” çağırışlarını ikinci alana keçirmək üçün bu dairələr Azərbaycanı sahib olduğu təbii sərvətlərinə görə hədəfə almağa çalışırdı. Bu isə açıq qərəzin nümayişidir.

Avropa İttifaqı bizdən yardım xahiş etdi...

Azərbaycanın təsdiq edilmiş bəlli karbohidrogen ehtiyatları var. Bu ehtiyatlar ölkəni Cənubi Qafqazda enerji mərkəzinə çevirir. Azərbaycanın müstəqil siyasəti və sərvətlərindən səmərəli istifadə etməsi, Avropanın enerji təminatında alternativ rol alması, bu təminatda yer tutması bəzi dairələrdə narahatlıq yaradır. Eyni zamanda, Azərbaycan bu resursları ekoloji qaydalara uyğun şəkildə istismar edir, ölkə daxilində ətraf mühitin qorunması üçün layihələr həyata keçirir.

Vurğulanmalıdır ki, Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji tərəfdaşlıq bəyannaməsi, Avropa Komissiyasının təşəbbüsü ilə həyata keçirilib. Bu sənədlə, Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz təchizatını 20 milyard kub metrə qədər artırmağı nəzərdə tutur. 2022-ci ildə Azərbaycanın Avropaya qaz ixracı təxminən 11 milyard kub metr təşkil edirdi və bu rəqəm 2023-cü ildə 12 milyard kub metrə çatıb. Prezident İlham Əliyev çıxışında bildirib ki, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi: “Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

Göründüyü kimi, bəzi Avropa ölkələri Azərbaycan qazına olan asılılıqlarını artırmaqla yanaşı, ölkəyə qarşı müxtəlif ittihamlar da irəli sürürlər. Bu, xüsusilə müəyyən siyasi dairələrin ikili standartlarından xəbər verir. Avropanın enerji asılılığına baxmayaraq, bəzi Qərb KİV-lərində Azərbaycanın ekoloji məsələlərdə müsbət imicinə kölgə salmağa çalışan məqalələr yayımlanır ki, bu da ikili standartların və qərəzli yanaşmaların nümunəsidir.

Azərbaycana xoş gəlmisiniz!

COP29-da nümayiş olunan milli pavilyonlar, müxtəlif ölkələrin ekoloji layihələrini və innovativ həll yollarını əks etdirir. Bu pavilyonlar ölkələrin ekoloji öhdəliklərini və səylərini beynəlxalq auditoriyaya çatdırmağa kömək edir. Azərbaycanın pavilyonunda isə ölkənin ətraf mühitin qorunması, “yaşıl” enerji və ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində gördüyü işlər nümayiş etdirilir. Bu mənada “Yaşıl Enerji Zonası” layihəsi xüsusi maraq doğurur - Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən bu layihə çərçivəsində 2030-cu ilə qədər həmin ərazilərin enerji tələbatının tamamilə bərpa olunan enerji mənbələrindən ödənilməsi planlaşdırılır. Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı, ölkənin ekoloji layihələrinin daha geniş miqyasda inkişaf etdirilməsinə şərait yaradır.

Nəticə etibarı ilə, COP29 tədbirində 196 ölkədən təxminən 72 min iştirakçı qeydiyyatdan keçdi, o cümlədən 80 prezident, vitse-prezident və baş nazir də daxil olmaqla dünya liderləri də iştirak edir. Bunların sırasında Avropa İttifaqı Şurasının prezidenti, İtaliya, Britaniya, Yunanıstan, Belçika və İspaniya kimi ölkələrin rəhbərləri də var. Bu cür yüksək səviyyəli iştirakı təmin etmək, Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən etibarlı və əhəmiyyətli bir ölkə kimi qəbul edildiyini təsdiqləyir. Daha konkret olaraq, tədbirin Bakıda keçirilməsi Azərbaycanın qlobal ekoloji gündəmin formalaşdırılmasında fəal rol aldığını və bu sahədə beynəlxalq ictimaiyyətin inamını qazandığını göstərir. COP29 tədbiri, həmçinin ölkəyə müxtəlif sahələrdə beynəlxalq investisiyaları cəlb etmək və beynəlxalq ictimaiyyətdə müsbət imic yaratmaq baxımından da əhəmiyyətli töhfələr verir.

Bu arqumentlər Azərbaycanı qərəzli tənqidlərdən müdafiə etməklə yanaşı, ölkənin beynəlxalq səviyyədə ekoloji öhdəliklərə və əməkdaşlığa nə dərəcədə sadiq olduğunu göstərir. Rəqəmlər və faktlar Azərbaycanın enerji istehsalında və qlobal emissiyalardakı payınun aşağı səviyyədə olduğunu və Azərbaycanın ətraf mühitin qorunmasına yönəlmiş addımlarının beynəlxalq səviyyədə tanındığını oratya qoyur. COP29-a dəstək isə qlobal dəstəyin nümayişi kimi tarixə yazılır. Prezident İlham Əliyev bildirib ki, “Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

Pərviz SADAYOĞLU

Seçilən
36
yeniazerbaycan.com

1Mənbələr