"Azarkeşlər deyəcək ki, bizə yaxşı oyun yox, qələbə lazımdır".
İdman.biz Qol.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Millətlər Liqasının 5-ci turunda Estoniyaya qarşı keçirilən oyun barədə danışarkən deyib.
O, qolsuz heç-heçə ilə yekunlaşan görüşü belə şərh edib: "Qrupa başlayandan qalib gələ bilməmişik. Estoniya ilə matçda qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirdik. Öz meydanımızda oynayırdıq. Yaratdığımız epizodlardan yaxşı istifadə edə bilmirdik. Rəqib isə kompakt oynayırdı. Əfsuslar olsun ki, qələbə qazanacağımız oyun heç-heçə bitdi".
Cəfərquliyev qrup mərhələsinin son turunda İsveçə qarşı keçiriləcək səfər matçından da söz açıb: "Çox çətin səfər olacaq. İsveçin gücünü hamı bilir. Cəzalı duruma düşdüyüm üçün mən həmin matçda meydana çıxa bilməyəcəm. Uşaqların hər birinə uğurlar arzulayıram".