AZ

COP29 dünya ictimaiyyəti üçün daha bir əlamətdar hadisə olacaq - Soltan Məmmədov

COP29 dünya ictimaiyyəti üçün daha bir əlamətdar hadisə olacaq.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov Parlamentlərarası İttifaqın (İPU) Azərbaycan Respublikası Milli Məclisi ilə birgə COP29 çərçivəsində təşkil etdiyi Parlament Görüşünün iştirakçıları qarşısında çıxışı zamanı deyib.

"Beynəlxalq ictimaiyyət Azərbaycanın COP29-a ev sahibliyi etməyinə inamını ifadə edib. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin ölkə kimi şöhrət qazanmasına baxmayaraq, respublikamız yaşıl enerjiyə keçidə öz töhfəsini verməyə hazır olduğunu ardıcıl olaraq nümayiş etdirib. Bu, Dünya İqtisadi Forumunun Enerji Keçid İndeksində 32-ci yeri tutmağa imkan verib. Azərbaycan ÜDM strukturunda bərpa olunan enerji mənbələrinə investisiyaların payına görə də liderlər sırasındadır", - o bildirib.

O qeyd edib ki, bu gün dünya ictimaiyyətinin diqqəti müxtəlif nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, QHT-lərin, medianın, gənclər və qadın birliklərinin, könüllülərin, ekoloji fəalların, parlament üzvlərinin 70 mindən çox nümayəndəsinin toplaşdığı Bakıya yönəlib. İştirakçılar iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi kimi ən aktual qlobal çağırışları müzakirə edirlər.

"Azərbaycan beynəlxalq tədbirlərdə uğurlu iştirakla bağlı zəngin təcrübəyə malikdir. Şübhə yoxdur ki, COP29 qlobal ictimaiyyət üçün daha bir əlamətdar hadisə olacaqdır", - o bildirib.

Soltan Məmmədov xatırladıb ki, mayın 16-da Cenevrədə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində parlament konfransının təşkilinə həsr olunmuş anlaşma memorandumu imzalanıb.

"Biz əvvəlki konfransların, o cümlədən COP27 və COP28-in nəticələrinə, həmçinin İPU-nun 148-ci Assambleyasında aparılan müzakirələrə əsaslanaraq, COP29 parlament sessiyası üçün yekun sənədin layihəsini hazırlamışıq. İlkin layihəni tamamladıqdan sonra Böyük Britaniya, Rusiya, Çin, Rumıniya, Avstriya, Səudiyyə Ərəbistanı və Yaponiya da daxil olmaqla bir sıra ölkələrdən dəyərli şərhlər və təkliflər almışıq. İyun ayında COP29-un hazırlıq iclasında sənəd layihəsi yenidən müzakirə edildi və yeni ideyalarla tamamlandı. İPU-nun 149-cu sessiyası zamanı məhsuldar müzakirələr davam etdirildi və mən bu gün birgə səylərimizin nəticəsi olan yekun sənədi sizə təqdim etməkdən məmnunam", - o əlavə edib.

Qeyd edək ki, 16-17 noyabr tarixlərində Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər. Eyni zamanda, iki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edib.

Seçilən
21
2
day.az

3Mənbələr