AZ

"Qara Qarayevdən sonra millidə belə oyunçuya ehtiyac vardı"

Fernandu Santuşun Millətlər Liqasında Estoniya və İsveç yığmaları ilə matçlar üçün dəvət göndərdiyi futbolçular arasında birinin adı xüsusi diqqət çəkməyə bilməzdi. Söhbət "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Mustafa Əhmədzadən gedir.

21 yaşlı oyunçunu bir neçə ay əvvələ kimi heç kim tanımırdı.

Amma bu gün o, Premyer Liqanın iddialı klublarından olan "Araz-Naxçıvan"ın əsas heyət üzvünə çevrilməklə bərabər, ölkənin bir nömrəli komandasına da dəvət alır.

Bəs kimdir Mustafa?

Elə bu sualımıza cavab tapmaq, onu yaxından tanımaq üçün Əhmədzadənin ölkəmizdəki ilk və tək müəllimi Eldar Ağaxanovla söhbətləşdik.

- Mustafa ilə ilk tanışlığın tarixçəsi necədir?

- Mustafa ilə ilk dəfə yolumuz "İnter"də (indiki "Şamaxı") kəsişib. 2003 təvəllüdlü komandanın pullu qrupuna qəbul olunmuşdu. Cəmi 3-4 məşqdən sonra əsas komandaya cəlb etdim.

- Hansı özəlliyi sizin diqqətinizi çəkmişdi?

- Açığı, balaca, cılız bir uşaq idi. Nə sürəti, nə də boyu vardı. Amma çox yaxşı ağlı vardı. Mən hər zaman üstünlüyü uşaqların intelektinə verirəm. Məhz bu özəlliyinə görə qərarımı verdim. Bəzən məşqçilər fiziki göstəricilərə önəm verir. 10-11 yaşlı uşaqda buna çox da köklənmək doğru deyil. Elə olsaydı gərək dünya ulduzları Xavi, İnyesta uşaq yaşlarında futbolda qalmazdı.

- İlk gəldiyində pullu qrupda olduğunu dediniz. Bəs onda fərqli qərar verməyiniz nə ilə bağlıydı?

- Yox, bizdə proses elə qurulmuşdu ki, gələn istənilən uşaq pullu qruplara götürülürdü. Əsas komanda hazır olurdu. Yeni gələn uşaq üçün ora çətin olardı. İndi üzdə olan yetirmələrimizin hamısının yolu oradan keçib.

- Bəs İspaniyaya gediş nə vaxt, necə baş tutdu?

- Atası belə qərar vermişdi. Bəzi yerlərdə qarşıma çıxdı ki, ailəsi ilə gedib. Amma elə olmayıb. Mustafa İspaniyada "Marset"in düşərgəsində tək qalıb. 17 yaşına qədər orada qaldı. Ardınca 5-ci liqa təmsilçisi "Montanesa" ilə müqavilə bağladı.

- Orada olduğu müddətdə əlaqə vardı?

- Əlbəttə. Elə olurdu ki, hər məşqdən sonra danışığımız olurdu. Məşqlərdə, oyunlarda yaşadıqlarını mənimlə bölüşürdü.

- İspaniya karyerasını niyə erkən başa vurdu?

- Ötən mövsümün əvvəli "Araz Naxçıvan"dan təklif aldı. Burada Premyer Liqada oynamaq orada 5-ci liqada oynamaqdan daha cəlbedicidir. Burada göz qabağında olursan. Milli komandaya düşmək şansları yüksəkdir. 5-ci liqada oynayan oyunçunu kimsə əsas milliyə dəvət etməz.

- İspaniyada olduğu müddətdə aşağı yaş millilərimizə də dəvət edilmirdi?

- Açığı, mənim müraciətimdən sonra onu U-17 milliyə dəvət etdilər. Sonra isə özü gəlmədi. Məşqlərdən, yanaşmadan narazı idi. Bütün günü bazada qalırdılar. Gündə isə cəmi bir məşq keçirilirdi.

- "Araz Naxçıvan"da ilk vaxtlar kölgədə qalması nə ilə bağlıydı?

- Bizdə gənclərə yetəri qədər şans verilmir. Uşaqlar səhv edə-edə öyrənməlidir. 22-23 yaşında uşaqlar indi oynamalıdır ki, inkişaf etsinlər və gələcəkdə milli komandaya kömək edə bilsinlər. 30-dan yuxarı yaşı olanlar daim oynayır. 10 nəfər yaşlı olanda 2-si də cavan olsun gərək. Gənclər millisinin əksəriyyəti əvəzedici komandada çıxış edir. Nəriman Axundzadə əsas millinin üzvüdür, amma komandasında az oynayır. Oyun praktikası azdı. Nərimanın yerində olsaydım "Kəpəz"də 90 dəqiqə oynayırdım, nəinki "Qarabağ"da 5-10 dəqiqə. Eyni şeyi də mən Mustafaya məsləhət gördüm ki, "Araz-Naxçıvan"ın əsas komandasında 3-5 dəqiqə oynamaqdansa, ikinci komandada 90 dəqiqə oyna. Əsas odur oyun praktikası olsun. Hər futbolçuya şans yaranır. Mustafaya da həmin şans düşdü. Vadim Abdullayevə Allah şəfa versin. Onun zədə alması ilə Mustafaya qapı açıldı. Elmar Baxşıyev də sağ olsun ki, belə gənclərə çox şans verir. "Neftçi", "Zirə" kimi rəqiblərlə oyunda 90 dəqiqə ona güvəndi. Bu, risk deyildi, etimad göstərmək idi. Kölgədə qaldığını deməzdim. Düşünürəm ki, Elmar müəllim məqamını gözləyirdi ki, ona tam etimad göstərsin. Kölgədə qalsaydı əsas heyətə cəlb edilməzdi.

- Yetirmənizin bu şəkildə yüksəlişi sizin üçün sürpriz oldu?

- Qətiyyən. Tələbələrimin hamısını izləyirəm. Kimin nə qədər şans almasına diqqət edirəm. Futbol ictimaiyyəti üçün sürpriz ola bilər. Amma Mustafa pillə-pillə bu yerə gəlib.

- Yüksək hədəflər uğurunda mübarizə aparmasına baxmayaraq gənc futbolçuya güvəndiyi üçün Elmar Baxşıyevə alqış düşür. Bəs onu milli komandaya dəvət edən Fernandu Santuşun qərarını necə qarşıladınız?

- Santuş Portuqaliyadan gəlib. Orada texnikalı oyuna üstünlük verilir. Mustafa da İspaniyada futbol oynayıb. Təbii ki, oyunu həmin ölkələrin futboluna bənzərdi. Millimizdə bu çatışmır. Oyunu dayaq zonasında başlayan, topla rəftar edən birinə ehtiyac vardı. Qara Qarayevdən sonra beləsi yoxdur. Ona görə də Mustafanın çağırması gözlənilməz olmadı. Santuş bu məqamı nəzərə alıb. Unutmayaq ki, Mustafanın hələ cəmi 21 yaşı var. Elə əsl məqamıdır.

- Siyahı açıqlanmadan öncə onunla bu barədə danışığınız olmuşdu?

- Onun bəyəndiyi futboçu Qara Qarayev olub. "Zirə" ilə oyundan sonra mənə zəng eləmişdi ki, müəllim, bir vaxtlar Qara Qarayevə top daşıyırdım, amma indi onunla çiyin-çiyinə mübarizə aparıram. Mən də dedim ki, inşallah Qara kimi millinin kapitanı da olarsan. 1 gün sonra zəng etdi ki, məni milli komandaya dəvət etdilər.

- Bundan sonra ondan gözləntiləriniz nədir?

- Bütün tələbələrimdən ən yaxşısını istəyirəm. Arzu edərdim ki, gələcəkdə milli komandanın kapitanı olsun. Məncə, bu, Azərbaycandan ən pik nöqtədir.

XANOĞLAN İMANOV

Seçilən
57
sportinfo.az

1Mənbələr