“Bayern”in almaniyalı hücumameylli yarımmüdafiəçisi Camal Musiala gələcəkdə “Qızıl top”u qazanmaq imkanını qiymətləndirib.
Arena.az RND dərgisinə istinadən, 21 yaşlı gənc futbolçunun bu barədə fikrini təqdim edir:
“Qızıl top”u qazanmaq mənim üçün bir məqsəddirmi? Bəli, bu, mənim məqsədimdir. Püxtələşərək, Lionel Messi və Kristiano Ronaldonun o mükafatı əldə tutduğunu görəndə nə vaxtsa onların yerində olmaq istəyirsən. Amma əsası, özünə təzyiq etmək yox, sadəcə oynamaq və “Bayern” və milli yığma komanda ilə qənimətlər qazanmağa çalışmaqdır. O zaman bəlkə bir gün “Qızıl top”u qazanmaq imkanım olacaq”, deyə Musiala bildirib.
“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Musiala “Bayern”in heyətində 14 oyun keçirib, 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 177 oyun, 52 qol və 35 məhsuldar ötürmədən ibarətdir.
Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 37 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.