Bakı Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmada təqsirləndirilən Səməd Ağayevin (ad, soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Xətai Rayon Məhkəməsinin çıxardığı 1000 manat məbləğində cərimə cəzası hökmü dəyişdirilib və o, 1 il müddətinə azadlıqdan məhrum edilib. Səməd Ağayev haqqında seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından həbs edilib.
İttihama görə, 2005-ci il təvəllüdlü Səməd Ağayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilərək hərbi xidmətə yararlı hesab edilib. Sonra o, Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Müdafiə Nazirliyinin N saylı hərbi birləşməsinə təyin olunub. Səməd bu ilin əvvəlində həmin hərbi birləşməyə getmək üçün Dövlət Xidmətinin Xətai rayon idarəsinə gəlib. Lakin hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə əvvəlcə ağrıyan dişlərinin müalicə etdirməsinin zəruri olduğunu, sonra isə telefon vasitəsilə anası ilə danışmasını bəhanə gətirərək həmin ünvandan uzaqlaşıb.
Sonra Səməd qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan da boyun qaçırıb.
Daha sonra onun barəsində cinayət işi açılıb, cinayət məsuliyyətinə cəlb edilib.