AZ

COP29 Azərbaycan jurnalistlərinə yeni fürsətlər verdi

Ölkəmizdə keçirilən COP29 beynəlxaqla konfransı digər sahələr kimi, mediaya da töhfə verir. Tədbir çərçivəsində jurnalistlərimiz əcnəbi qonaqlarla ünsiyyətdə olur, xarici dillərdə müsahibələr alırlar.

COP29 yekun nəticədə Azərbaycan mediası və jurnalistlərinə nə qazandıracaq?

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Modern.az-a bildirdiyinə görə, COP29 başlamazdan öncə və açılış günündə medianın fəaliyyətini diqqətlə izləyib:


“Artıq bir həftə geridə qalıb. Bu günlərdə Azərbaycan mətbuatı COP29-u layiqincə və səviyyəli şəkildə işıqlandırmağa nail olub. Əlbəttə ki, belə səviyyəli beynəlxalq tədbirə gələn qonaqlarla ünsiyyət qurmaq, xarici dillərdə müsahibə almaq Azərbaycan mediasının yeni bir təcrübəsidir. Elə bilirəm ki, jurnalistlərimiz bunun öhdəsindən layiqincə gəlirlər. Mən həm Dövlət Televiziyasında, həm də digər televiziyalarda xarici qonaqlarla ünsiyyəti, müsahibələri izləyirəm və yüksək qiymətləndirirəm. Eyni zamanda, bu günlərdə bizim yeni Anewz kanalı da açıldı. Həmin kanal ingilisdillidir. Onların da əməkdaşlarının ingilis dilində aldıqları müsahibələrə, həmsöhbətləri ilə ünsiyyətinə diqqətlə fikir verirəm. Elə bilirəm ki, Azərbaycanın media subyektləri, jurnalistləri bu yüksək səviyyəli tədbirdə jurnalistikamızı layiqincə təmsil edirlər”.
 


R.Məcid qeyd edib ki, jurnalistlərimizin qarşısında bir neçə məqam var:
 

“Birincisi, şübhəsiz ki, tədbirin mahiyyətinin, söylənilən fikirlərin, ideyaların daha sadə şəkildə ictimaiyyətə çatdırılmasıdır. Eyni zamanda, dəvət olunan 70 mindən artıq qonağın, tanınan simaların Azərbaycanla bağlı fikirlərini, düşüncələrini oxuculara çatdırmaq məqsədi önəmlidir. Bu da bir fürsətdir ki, bizim media nümayəndələri xaricdəki həmkarları ilə ünsiyyət qursunlar, tanış olsunlar, Azərbaycan haqqında yazılan dezinformasiyaların mahiyyətini onlara başa salsınlar. Bu mənada mən jurnalistikamızın COP29-da iştirakını çox yüksək qiymətləndirir və bu beynəlxalq mühüm tədbiri yaxşı işıqlandırdıqlarını düşünürəm”.
 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu bildirib ki, COP29 kimi qlobal əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi ölkə mediası üçün olduqca ciddi, bir sıra mühüm üstünlüklər təmin edir:
 

“Azərbaycanda COP29-un keçirilməsi ilk növbədə yerli medianın beynəlxalq ekoloji problemlər və həll yolları barədə daha geniş məlumat almasına imkan yaradır. Mediada yayılan materiallar təkcə Azərbaycan deyil, həm də beynəlxalq auditoriya üçün maraqlı ola bilər. Ümumiyyətlə, belə genişmiqyaslı tədbirlər ekoloji problemlərə diqqət çəkmək və bu mövzunun ictimaiyyət arasında daha çox müzakirə edilməsinə şərait yaradır. Azərbaycan mediası bu fürsətdən istifadə edərək həm ölkə daxilində, həm də xaricdə maarifləndirici materiallar hazırlaya bilər. Media işıqlandırması zamanı yeni texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər. Canlı yayım, sosial media kampaniyaları və interaktiv məzmun vasitəsilə daha geniş auditoriyaya çatmaq mümkündür”.
 


Onun sözlərinə görə, belə mötəbər tədbirlərin keçirilməsi Azərbaycan KİV-lərinə dünya media məkanında yer almaq imkanı yaradır:
 

“Beynəlxalq jurnalistlərin ölkəyə axını yerli media materiallarını qlobal mənada geniş auditoriyaya çatdırmaq şansını artırır. Buna paralel olaraq COP29 zamanı beynəlxalq media nümayəndələri ilə əməkdaşlıq etmək imkanları yaranır. Bu, Azərbaycan mediası üçün uzunmüddətli tərəfdaşlıqlar qurmaq baxımından faydalıdır. Başqa bir məqam odur ki, COP29 çərçivəsində media üçün təşkil olunan seminar və tədbirlər jurnalistlərin ekoloji mövzularda ixtisaslaşmasına kömək edir. Bu isə həm də yerli jurnalistlərin peşəkar səviyyəsini yüksəldir”.


V.Zifəroğlu qeyd edib ki, belə tədbirlərin ölkənin müasir imicini dünyaya təqdim etməkdə mühüm rol oynadığını xüsusi vurğulamaq lazımdır:
 

“Azərbaycan mediası bu hadisəni işıqlandırarkən milli mədəniyyət, ənənələr və ölkənin qlobal məsələlərdəki mövqeyi haqqında məlumat yaymaq imkanı da əldə etmiş olur.

Beləliklə, COP29 Azərbaycanın həm diplomatik, həm də informasiya mühitində güclənməsi üçün mühüm fürsət yaradır. Bu, həm də yerli medianın qlobal standartlara uyğunlaşmasına və beynəlxalq səviyyədə tanınmasına xidmət edir”.

Seçilən
22
1
modern.az

2Mənbələr