AZ

"QHT-lər iqlim dəyişikliyi ilə bağlı qərar qəbuletmə prosesində iştirak etməlidir” – Gülqədəm Mirzəzadə ilə MÜSAHİBƏ

Neftçalada fəaliyyət göstərən "Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə QHT.az-ın iqlim dəyişikliyi mövzusunda ünvanladığı sualları cavablandırıb. O, iqlim dəyişikliyinin fəsadlarının azaldılmasında QHT-lərin rolunun əhəmiyyətindən, bu sahədə həyata keçirilməli olan layihələrdən və gənclərin maarifləndirilməsi ilə bağlı vacib məsələlərdən bəhs edib.

 

QHT.az: Gülqədəm xanım, Sizi QHT.az oxucuları adından salamlayırıq. Ölkəmizdə iqlim dəyişikliyi məsələsi son dövrlərdə daha çox müzakirə olunmaqdadır. Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri olaraq bu sahədə QHT-lərin rolunu necə dəyərləndirirsiniz?

Gülqədəm Mirzəzadə: "QHT-lər vətəndaş cəmiyyətini təmsil edir və icmalarda vətəndaşların yanındadır. Cəmiyyətdə və ətraf mühitdə baş verən hadisələr onların gözü önündə baş verir. Problemə çevrilən məsələlərin həll yollarını axtarmaq isə QHT-lərin fəaliyyətlərinin ayrılmaz hissəsidir. Bu səbəbdən QHT-lərin iqlim dəyişikliyi ilə bağlı qərar qəbuletmə prosesində iştirakı vacibdir. Bu, fəsadların qarşısını almaq üçün birbaşa təkliflərini təqdim etməyə imkan yaradır. Bunun üçün QHT-lər qərar qəbul edən və ya təklif hazırlayan komissiyaların üzvü seçilməlidir".

 

QHT.az: İqlim dəyişikliyinin sosial təsirlərini azaltmaq üçün QHT-lər hansı növ layihələrə üstünlük verməlidir?

Gülqədəm Mirzəzadə: "Iqlim dəyişikliyinə uyğunlaşma barədə maarifləndirmə aparılması istiqamətində layihələrə üstünlük verilməlidir. Bu layihələr vasitəsilə həm icmalara, həm də fərdlərə öz üzərlərinə düşən məsuliyyəti anlamağa və bu istiqamətdə fəaliyyət göstərməyə şərait yaradılmalıdır".

 

QHT.az: COP29-dan sonra gənclərin iqlim dəyişikliyi mövzusunda maarifləndirilməsi üçün hansı tədbirlər planlaşdırılır?

Gülqədəm Mirzəzadə: "Gənclərin iqlim dəyişikliyi mövzusunda məlumatlandırılması vacibdir. Bunun üçün görüşlər təşkil edilməli, hər bir fərdin ətraf mühitin qorunmasında öhdəliyi müzakirə olunmalıdır. Həmçinin, səsləndirilən təklifləri əhatə edən gündəliklər və vebinarlar hazırlanaraq ictimaiyyətə açıq platformalarda yerləşdirilməlidir".

 

QHT.az: Ekoloji təhsilin genişləndirilməsi üçün hansı tövsiyələriniz var?

Gülqədəm Mirzəzadə: "Məktəblərdə iqlim dəyişikliyi mövzularının tədrisi üçün xüsusi dərs saatlarının ayrılması, bu sahədə biliklərin şagirdlərə çatdırılması çox vacibdir. Bununla yanaşı, iqlim dəyişikliyindən yarana biləcək təhlükələr və onların qarşısını almaq üçün fəaliyyətlərdən bəhs edən dərs materiallarının hazırlanması zəruridir".

 

QHT.az: "Gülqədəm xanım, dəyərli fikirlərinizə görə təşəkkür edirik. İnanırıq ki, bu sahədə sizin və digər QHT-lərin fəaliyyəti cəmiyyətimizdə böyük dəyişikliklərə yol açacaq".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
44
50
qht.az

10Mənbələr