AZ

`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..

`R.İ.S.K`Tezadlar.az-a Ağcabədi şəhəri, N.Abdullayev küçəsi, ev 63b ünvanında yaşayan Əliyeva Gülər Məzahir qızının Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Nazim Rəcəbova ünvanlı şikayət ərizəsi daxil olub.Şikayətçi ərizəsində illərdir başlarına gətirilən müsibətlərdən bəhs edir. Vətəndaş G.Əliyeva şikayətinin diqqətdə saxlanılmaqla, mövcud vəziyyətlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi nəticəsində cəmiyyətimizdə sosial ədalətin bərpasına və sağlam mühitin formalaşması prosesinə öz müsbət töhfə verəcəyinə ümid edərək yazır:"Hörmətli Nazim müəllim!Bildirirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2007-ci tarixli 301 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 94 ünvanında inşa edilən 3 girişli, 12 mərtəbəli binanın 3-cü mərtəbəsində 55 kv.m sahəsi olan 1 otaqlı mənzili 2007-ci ildə ailəcə yaxın dostumuz olan Elxan adlı şəxsin vasitəsi və iştirakı ilə "R.İ.S.K" Mənzil-Tikinti Kooperativinin təsisçisi Samir adlı şəxsin qardaşı Seymura 25000 ABŞ dolları ödəməklə aldıq. Amma bir müddət sonra bizə məlum oldu ki, mənə məxsus olan və ümumi sahəsi 55 kv.m təşkil edən mənzil ilə bərabər, Elxanın da 1 otaqdan ibarət olan mənzili xəbərimiz olmadan diğər şəxslərə satılıb. Bundan sonra "R.İ.S.K" MTK- nın təsisçisi kimi tanınan Samir adlı şəxsin dayısı oğlu Talehin iştirakı ilə mənə və Elxana həmin binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,2 kv.m olan mənzil aramızda bölünərək verildi. Beləliklə, əlavə 15 kv.m sahəyə hər kvadrat metrin dəyəri 1100 manat qiymətləndirilməklə, tərəfimizdən 16400 manat ödənilməklə, qeyd edilən 81 saylı, 3 otaqlı mənzilin ümumi sahəsindən 69,6 kvadrat metr sahə bölünərək, ayrıca olaraq bizə verildi. Daha sonra bizə verilən mənzil sahəsi 81, Elxana məxsus olan mənzil isə 81a nömrəsi ilə müqavilə əsasında qeydiyyata alındı.Artıq 10 ilə yaxındır ki, qeyd etdiyim yaşayış binası istifadəyə verilsə də, biz hələ də hüquqlarımızı həmin əmlakın üzərində dövlət qeydiyyatına alınmasına nail ola bilməmişik. Belə ki, uzun illərdir fərqli-fərqli dona girməyi böyük ustalıqla bacaran, özünü həmin yaşayış binasında məzlum komendant kimi təqdim edən, əslində "R.İ.S.K" MTK-nın baş direktoru olan Elməddin İdrisovun və Samir adlı təsisçinin yaratdığı süni maneələrin və bürokratik əngəllərin qarşısında çıxılmaz vəziyyətdə qalmışıq. İki ildən çoxdur ki, Samir adlı şəxs mənə məxsus olan mənzilə Çıxarış-ın veriləcəyini desə də, bu günə qədər həmin öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınır və həmin Çıxarış-ın verilməsi üçün əsassız olaraq məndən 5500 manat tələb edir. Ən dəhşətlisi isə odur ki, Samir adlı şəxsin əsassız varlanma, gəlir əldə etmək məqsədilə, mənzil-tikinti kooperativi ilə mənim aramda bağlanmış olan müqaviləni 18 mart 2024- cü il tarixdə qardaşım - Əliyev Rəcəb Məzahir oğlunun adına dəyişdirilməsini məqsədli şəkildə həyata keçirməsidir ki, tərəfimdən buna görə, 300 manatın ödənilmədiyinə görə 8 ayıdır ki, qəsdən və qərəzli şəkildə bizi yenə də süründürməçiliyə məruz qoyur. Utancverici məqamlardan biri də budur ki, müqaviləni qardaşımın adına dəyişdirilməsinin səbəbini onunla əsaslandırır ki, 2023-cü ildə tərəfimdən qeyd edilən mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə edilən rəsmi müraciətə imtina cavabı gəlib və mənim bir daha adıçəkilən quruma müraciət etmək hüququmun itirildiyi ilə bərabər, bu istiqamətdə limitim də bitmiş hesab olunur.Hörmətli Nazim müəllim!Bu məqama istintaqın gedişi zamanı xüsusi olaraq toxunmağınızı və açıq-aşkar aldadılmagımla bağlı prosesə ayrıca hüquqi qiymətin verilməsini Sizdən xahiş edirəm. Qeyd etmək istəyirəm ki, imtina məktubunda açıq-aydın göstəririlir ki, ərizədə göstərdiyim 81 saylı mənzilə idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman həmin mənzilin 1 otaqdan ibarət olması müəyyən olunmuşdur. Əslində bu, onu göstərir ki, tərəfimdən aidiyyəti üzrə edilən ilk müraciət zamanı Samir adlı şəxs bölgü ilə bağlı olan müvafiq sənədi - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti parametrləri və onların uyğunluğu barədə rəyini mənə qəsdən təqdim etməməklə, işi qərəzli şəkildə yubadır. Bundan sonra, təbii ki, Samir adlı şəxsin ağ yalanlarına inanmayaraq, məcbur qalıb, yenidən 18.09.2024-cü il tarixdə həmin 81 saylı mənzilin qardaşıma aid olan hissəsində (69,6 kv.m) mövcud ziddiyyətin aradan qaldırılması məqsədilə ümumi sahəsi 139,2 kv.m olan mənzilin hansı əsaslarla bölünməsinə dair müvafiq arayışın təqdim edilməsini rəsmi qaydada xahiş etdik ki, həmin sənədin əsasında qardaşım - Əliyev Rəcəb Məzahir oğlu öz hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istiqamətində yaradılan süni əngəllərə son qoya bilsin. Lakin bu dəfə də öz maraqlarını həyata keçirməkdən əl çəkməyən MTK-nın direktoru Elməddin İdrisov və Samir adlı təsisçisi süni maneələr yaratmaqla həmin məktubu bizə verməkdən yenə də yayınırlar. Etdiyimiz rəsmi müraciətin üzərindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, "Hüquqşunaslar cavab məktubunun üzərində çalışırlar, daha 1-2 həftə gözləməlisiniz" deyib, yenə də günü-günə satmağa davam edirlər. Ərizəyə əlavə etdiyim maliyyə arayışından da göründüyü kimi, 81 saylı mənzildən bölünmüş, 1 otaqdan ibarət olan, ümumi sahəsi 69.6 kv.m təşkil edən mənzilin dəyəri qardaşım Əliyev Rəcəb Məzahir oğlu tərəfindən tam şəkildə ödənildiyi və "R.İ.S.K" MTK-ya hər hansı bir borcumuzun olmadığı qeyd olunur. Bundan əlavə, baş verənlərlə bağlı bütün faktları, qarşı tərəflə aramızda aparılan telefon danışıqları zamanı qeydə alınan səs yazılarını, yazışmaları zərurət yarandığı halda istintaqın gedişinə kömək məqsədilə maddi sübut növü kimi təqdim etməyə hazıram. Hesab edirəm ki, yuxarıda sadaladığım bir çox qanunsuz hərəkətlərə yol verən, başqalarının azad və sərbəst yaşamaq hüququnu pozan şəxslər haqqında mövcud qanunvericiliyin tələblərinə uyğun olan tədbirlər görülməli və hər birinin əməlinə ayrı-ayrılıqda hüquqi qiymət verilməklə, ciddi şəkildə cəzalandırılmalıdlrlar.Hörmətli Nazim müəllim!Bir məqamı xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, bildiyim qədər son illər bəzi mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən yaşayış binalarında mənzillərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələrin (“kupça”) alınmasına məqsədyönlü şəkildə MTK-lar özləri mane olur və burada başlıca məqsədləri alıcılarla müqavilə əsasında alqı-satqı prosesini həyata keçirməklə vergidən yayınmaq və mənzil sahiblərinin hissləri ilə oynayıb onları bu istiqamətdə uzun illər süründürməçiliyə məruz qoymaqla, mənzilləri illər əvvəlki dəyəri ilə geri qaytarmaq və bugünkü bazar qiyməti ilə daha baha qiymətə satıb varlanmaqdır. Hesab edirəm ki, bu, sosial ədalətin pozulması ilə yanaşı, cəmiyyətdə hərc-mərclik, ölkədə cəzasızlıq mühiti yarada bilər. Qeyd etmək istəyirəm ki, Sizə etdiyim bu rəsmi müraciəti eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin sədri Əli Nağıyevə və Daxili İşlər naziri Vilayət Eyvazova göndərmək məcburiyyətində qalıram ki, göstəriləcək diqqət və qayğı nəticəsində baş verən xoşagəlməz hallara tez bir zamanda son qoyulsun və problem öz müsbət həllini tapsın. İnanıram ki, bununla bağlı tərəfinizdən yaradılacaq xüsusi komissiyanın əməkdaşları tərəfindən Bakının “Gənclik” metrostansiyası yaxınlığında yerləşən adıçəkilən MTK-nın yerləşdiyi inzibati binanın daxilinə yoxlama məqsədilə tədbirlər həyata keçirilərsə, hər gün baş verənlərə, narazı insanların fəryadına şahid olmağınız şirkət daxilində xidmət göstərən işçi kollektivinin ifşa olunmasına gətirib çıxaracaq və gələcəkdə insanlarımızın ziyan görməməsi üçün böyük təminat yaranacaq. Bütün bunlardan əlavə, Samir adlı şəxsin yaşadıqları Şəmkir rayonunun Düyərli kəndində xüsusi öyrədilmiş insanların vasitəsilə cəmiyyət içində güc strukturlarının adından manipulyasiya edərək, camaat arasında qorxu hissi yaratmaq özü ayrıca bir cinayət faktıdır. Kənardan, kənd camaatı içərisindən o da deyilir ki, onlarla har hansı bir polemikaya daxil olmaq olduqca təhlükəlidir və yalnız xoş münasibət yaratmaqla mənzilin şəhadətnaməsininin əldə edilməsinə nail ola bilərik. Deyilənlərlə razılaşmadığımızı və məsələ ilə əlaqədar dövlətimizin ali rəhbərliyinə və aidiyyəti üzrə dövlət qurumlarına şikayət verəcəyimizi bildirdikdə isə son 1 ay ərzində Samir adlı şəxsin məsələnin nə qədər ciddi olduğunu anlamağa başlaması nəticəsində Çıxarış-ın yaxın 2 həftə ərzində verəcəyi öhdəliyini öz üzərinə götürsə də, yenə də vədinə əməl etməkdən müxtəlif bəhanələrlə yayınır, müvafiq şəhadətnamənin hazırlanması üçün yenə də bizdən 3000 manat ödəməyimizi tələb edir. Onun bu təklifi ilə də razılaşmadığımızı bildikdə, yenidən votsap vasitəsilə səs göndərək bir daha onun qapısını döyməməyimizi açıq şəkildə bildirir.Hörmətli Nazim müəllim!Özüm ali təhsilliyəm, Rusiyanın Moskva şəhərində Moskva İqtisadiyyat və Hüquq Akademiyasının məzunuyam. İnsanlarla diplomatik əlaqələr qurmağı yaxşı bacarsam da, son iki ildir, mən Samir, Taleh və Elməddin adlı şəxsləri anlamaqda çətinlik çəkirəm və demək olar ki, onların mənəvi təziqinə məruz qalmışam. Nə qədər çətin olsa da, bunu da deməliyəm ki, uzun illərdir "Uşaq serebral iflici" xəstəliyindən əziyyət çəkirəm və üzərimdə ümumi say hesabı ilə 11 dəfə cərrahiyyə əməliyyatı həyata keçirilib. Bu gün də əməliyyata ciddi ehtiyac olsa da, müəyyən maddi sıxıntılar səbəbindən vaxtlı-vaxtında müalicə oluna bilmirəm. Həssas əhali qrupuna daxil olan bir Azərbaycan xanımı kimi bu gün mənim Sizin hüquqi və mənəvi dəstəyinizə böyük ehtiyacım var. Sizdən çox xahiş edirəm, əvvəllər mənə məxsus olan, sonradan Samir adlı şəxsin təkidi və şirnikləndirici vədləri ilə qardaşım - Əliyev Rəcəb Məzahir oğlunun adına yeni müqavilə əsasında rəsmiləşən Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 94 ünvanında yerləşən 3 girişli, 12 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 69,6 kv.m təşkil edən 81 saylı mənzilə dair Çıxarış-ın verilməsinin yerinə yetirilməsi öhdəliyini qanun çərçivəsində "R.İ.S.K" MTK-nın rəhbərliyinə izah etmək istiqamətində öz köməkliyinizi əsirgəməyəsiniz.Yuxarıda qeyd etdiyim bütün məqamları və diqqətəlayiq halları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"-nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində görülən müsbət işləri rəhbər tutaraq bizə edilən haqsızlıqlara, ciddi hüquqpozmalara görə müvafiq araşdırmalar aparıb, hər üç şəxsin - Samir, Taleh və Elməddin adlı şəxslərin əməllərinə hüquqi qiymət verərək, onların məsuliyyətə cəlb edilmələri barədə cinayət işi başladasınız.İnanıram ki, həmişə olduğu kimi, bu istiqamətdə də ədalət prinsiplərini və hüququn aliliyini rəhbər tutaraq, müstəqil və demokratik ölkəmizin vətəndaşlarının yüksək rifahı naminə əlinizdən gələn köməkliyi əsirgəməyəcəksiniz.Sizə əvvəlcədən bütün ailə üzvlərimiz adından öz dərin minnətdarlığımı bildirirəm".Şikayət ərizəsində toxunulan və iddia edilən məsələlər barədə "R.İ.S.K" MTK-nın rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.

Seçilən
35
yenisoz.az

1Mənbələr