Olaylar xəbər verir ki, bu barədə ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.
"Şəffaflıq iqlim səylərinin əsasını təşkil edir, çünki o, həm fərdi, həm də kollektiv tərəqqini qiymətləndirməyə, əlavə tədbirlər tələb olunan sahələri müəyyən etməyə və bütün ölkələrin hesabatlılığını dəstəkləməyə imkan verir. Şəffaflıq yalnız cari vəziyyəti anlamağa deyil, həm də iqlim hədəflərinə nail olmaq üçün məqsədyönlü tədbirlərin görülməsinə təkan verir", - deyə o vurğulayıb.
O, həmçinin, Paris Sazişi çərçivəsində Təkmilləşdirilmiş Şəffaflıq Sistemi (ETF) proqramının əhəmiyyətini qeyd edib. Bu proqram bütün ölkələr üçün iqlim fəaliyyətləri barədə hesabatlılıq və milli müəyyən edilmiş töhfələrin (NDC) icrasının monitorinqi üzrə vahid yanaşma yaradır.
"Proqresi ölçmək və izləmək üçün etibarlı sistemlər olmadan, NDC-lər boş vədlərə çevrilə bilər. ETF bu boşluğu doldurmağa kömək edir və standartlaşdırılmış, müqayisə oluna bilən məlumat təqdimatını təmin edir", - deyə o əlavə edib.
Syu Biniaz qeyd edib ki, ABŞ şəffaflıq sahəsində ölkələrin inkişafını fəal şəkildə dəstəkləyir. O, istixana qazları inventarizasiyasının yaradılması və təkmilləşdirilməsi, həmçinin, hesabatların hazırlanmasına yardım göstərildiyini bildirib.
2024-cü ildə ABŞ 19 ölkə ilə əməkdaşlıq edərək hesabatların hazırlanması üçün texniki dəstək göstərir və 17 Afrika ölkəsi üçün seminarlar təşkil edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.