Almaniyanın Şkopau şəhərində yeniyetmələr və uşaqlar arasında beynəlxalq dərəcəli boks turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun və Şkopau şəhərinin “Der MSV BUNA” idman qurumunun birgə təşkil etdiyi turnirdə 100 idmançı gücünü sınayıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Odlar Yurdu” klubunun kiçik yaş qrupundan olan idmançıları da iştirak ediblər. Klubun Azərbaycan Bayrağı altında rinqə çıxan boksçularından Timur Batçayev, Lukas Kirxner və Feysale Lebenda mübarizəni qalib kimi başa vurublar.
“Odlar Yurdu” boks klubunun rəhbəri, peşəkar boks üzrə dünya çempionu Azad Əzizov Zəfər Günü münasibətilə idman yarışlarının keçirilməsinin gözəl ənənə olduğunu deyib, turnirin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycanın Almaniyadakı səfirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.