AZ

20 noyabr Ağdam Şəhəri Günüdür

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində-Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Noyabrın 20-si Ağdam şəhərinin erməni işğalından qurtuluşunun dördüncü ildönümüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Birdə bəyanata əsasən, noyabrın 20-dək erməni silahlı qüvvələri Ağdam rayonunun işğal altındakı ərazisini tərk etməyə məcbur oldu.

Noyabrın 20-də müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciət etdi.

Azərbaycan Ordusu itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğaldan azad edilən ərazilərinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycan bayrağı dalğalanmağa başladı.

İşğaldan öncə Qarabağın ən müasir, sosial-iqtisadi aktivliyi ilə seçilən şəhəri 27 illik işğal dövründə xarabazara çevrilmişdi. Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir.

2022-ci il oktyabrın 5-də ölkəmizdə BMT-nin Məskunlaşma Proqramın (UN-HABITAT) da iştirakı ilə ilk Milli Şəhərsalma Forumun Ağdamda keçirildi. 2022-ci ildə Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin də yenidən quruması layihələrinə başlanıldı. “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır...” – deyə dövlət başçısı vurğulamışdı.

Qeyd edək ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü elan olunub. 

Cəlal Əliyev,

YAP Masallı rayon təşkilatının əməkdaşı

Seçilən
21
2
ikisahil.az

3Mənbələr