UNICEF uşaqların COP29 müzakirələrinin mərkəzinə qoyulması təşəbbüsünü yüksək qiymətləndirir.
Bunu UNICEF-in Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi üzrə regional müşaviri Mariya Osbek noyabrın 18-də Bakıda COP29 çərçivəsində keçirilən "Yaşıl gələcək naminə insan kapitalının artırılması" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, yaşıl gələcək üçün insan kapitalının artırılması təşəbbüsü investisiyaların indidən qoyulması prosesinin əsasını təşkil edir:
"COP29-da ilk dəfədir uşaqlara və gənclərə həsr olunmuş xüsusi gün təşkil edilir. İnanıram ki, təhsilə qoyulan investisiya daha böyük gəlir gətirir. Buna baxmayaraq, bu gün banklar tərəfindən verilən iqlim maliyyəsinin çoxu uşaqlara lazım olan əsas sosial xidmətlərə, o cümlədən təhsilə daha az yönəlir. İqlimlə bağlı fəaliyyət üçün çoxtərəfli fondların yalnız 2,4%-i uşaqlara lazım olan əsas sosial xidmətlərə yönəlib. Biz bunu dəyişdirməliyik".