AZ

Mühüm mesajlar

Məlum olduğu kimi, Ermənistan Respublikasının heç bir tarixi və hüquqi faktlara söykənməyən əsassız ərazi iddiaları və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır.

Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyev 8 noyabr - Zəfər Günündə Bakıda Zəfər parkının açılışında iştirak edib. Dövlətimizin başçısı Zəfər parkının açılışında qeyd etmişdir ki, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.
Cənab Prezident həmin tədbirdəki nitqində Ermənistana və onun havadarlarına mesajlar ünvanlayaraq bildirmişdir ki, son otuz ildə bizi işğal faktı ilə barışmağa çağıran bəzi Qərb siyasətçiləri indi də Ermənistanın Azərbaycan ərazilərində törətdiyi terror və təxribatları, Xocalı soyqırımını, ərazilərimizin 20 faizinin viranəliyə çevrilməsini, milli-mədəni, tarixi və dini abidələrimizin vəhşicəsinə yerlə yeksan edilməsini unutdurmağa çalışırlar. Ancaq əbəs yerə, biz həmin vandalizmləri unutmayacağıq.
Beləliklə, dövlət başçımızın noyabrın 8-də Zəfər parkının açılışında çıxışı zamanı səsləndirdiyi fikirlər həm Ermənistana, həm bu ölkənin havadarlarına, həm də İrəvanın təxribatçı mövqeyini dəstəkləyən dövlətlərə ciddi mesaj və xəbərdarlıqdır.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Seçilən
43
sesqazeti.az

1Mənbələr