AZ

İlham Əliyev Palau Prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Palau Respublikasının Prezidenti Surangel Uipps ilə görüşüb.

Publika.az xəbər verir ki, Palau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Qonaq qeyd etdi ki, səfər çərçivəsində ölkəmizlə, mədəniyyətimizlə tanış olmaq imkanları olub. Bu görüşün Azərbaycan və Palau prezidentləri arasında yüksək səviyyədə ilk görüş olduğunu deyən Surangel Uipps bunun münasibətlərimizin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə etdi.

Palau dövlətinin başçısı Azərbaycan Prezidenti və Azərbaycanın COP29-a Sədrliyi tərəfindən kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsiri nəticəsində onların üzləşdiyi problemlərin əsas prioritetlərdən biri kimi müəyyən edilməsinə görə təşəkkürlərini çatdırdı. O, vurğuladı ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin bilavasitə təsirinə məruz qalan və ekzistensional təhlükə ilə üzləşən ölkələrdir.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemləri əsas prioritet kimi qiymətləndirilib və kiçik ada dövlətlərinin iştirakı ilə məhz bu məsələyə həsr olunmuş Zirvə Toplantısı keçirilib. Dövlətimizin başçısı Azərbaycanın Millətlər Birliyi (Commonwealth of Nations) təşkilatı ilə birlikdə kiçik ada dövlətlərinə xüsusi yardım proqramını həyata keçirdiyini dedi. Prezident İlham Əliyev bu xüsusda təşkilat çərçivəsində Azərbaycanın kosmik imkanlarını səfərbər edərək həmin dövlətlərin üzləşdiyi iqlim problemləri barədə məlumat bazası sisteminin yaradılması məsələsini qeyd etdi.

Prezident vurğuladı ki, on ildən artıqdır, Paris razılaşmasının 6-cı bəndi üzrə danışıqlar aparılsa da məhz Bakıda keçirilən COP29-da bununla bağlı irəliləyiş əldə olunub. Dövlət başçısı bundan başqa İtki və Zərərə Cavab Fondunun artıq fəaliyyətə başlamasını və onun Katibliyinin müəyyən edilməsini irəliyə doğru olan atılan mühüm addımlar kimi dəyərləndirdi.

Söhbət zamanı bütün dünyadan, xüsusilə də inkişaf etmiş dövlətlərdən yeni maliyyə hədəfləri ilə əlaqədar gözləntilərin olduğu qeyd edildi.

Palau Prezidenti Azərbaycanın dövlət başçısına xatirə hədiyyələri təqdim etdi.

Seçilən
6
20
publika.az

9Mənbələr