AZ

Bu fondun da gəlir və xərcləri 10%-ə yaxın artırılır

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirlərinin 260,7 milyon manat təşkil edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,5% çoxdur.

İSF-nin gəlirlərinin 206,4 milyon manatı onun büdcə gəlirləri (11,7% çox), 54,3 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (2% çox) hesabına formalaşdırılmalıdır.

Büdcə gəlirlərinin strukturunda əsas yeri həmişəki kimi işsizlikdən sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 11,7% çox - 206,3 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 9,7% artaraq 24,9 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 9,7% artaraq 24,9 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 12,4% artaraq 156,6 milyon manat təşkil etməlidir.

2025-ci ildə İSF-nin xərclərinin də 2024-cü illə müqayisədə 9,5% çox - 260,7 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. O cümlədən, işsizliyə görə sığorta ödənişləri 13,3% artaraq 17 milyon manat, peşə hazırlığı və əlavə təhsil xərcləri dəyişməyərək 35 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi xərcləri dəyişməyərək 1,5 milyon manat, əmək yarmarkalarının və əmək birjalarının keçirilməsi xərcləri dəyişməyərək 0,5 milyon manat, Haqqı ödənilən ictimai işlərə görə xərcləri 26% azalaraq 3,7 milyon manat, özünüməşğulluq tədbirlərinin keçirilməsi xərcləri 5,5% artaraq 77 milyon manat, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi xərcləri dəyişməyərək 4 milyon manat, peşə standartlarının hazırlanması xərcləri dəyişməyərək 1 milyon manat, Fondun aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların saxlanılması xərcləri 21,8% artaraq 67 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin müştərək maliyyələşdirilməsi xərcləri 11,1% artaraq 50 milyon manat, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması xərcləri dəyişməyərək 1 milyon manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi xərcləri 2 dəfə artaraq 2 milyon manat, qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlərin xərcləri isə dəyişməyərək 1 milyon manat təşkil etməlidir.

Seçilən
22
13
axar.az

10Mənbələr