AZ

Prezident Patrisia Canet Skotland ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.

Gundem.az xəbər verir ki, Patrisia Canet Skotland COP29-un yüksək səviyyədə təşkilinə, ilk dəfə olaraq COP çərçivəsində kiçik ada dövlətləri ilə əlaqədar Zirvə toplantısının keçirilməsinə və Azərbaycanın COP Sədrliyinin prioritetləri sırasında bu dövlətlərin iqlim problemlərinin əsas istiqamətlərdən biri kimi müəyyən edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Qonaq Azərbaycanla Millətlər Birliyi təşkilatı arasında qurulmuş əməkdaşlığa, ölkəmizin bu təşkilata üzv kiçik ada dövlətləri ilə bağlı maliyyə dəstəyi fonduna görə də təşəkkürünü çatdırdı.

Millətlər Birliyi təşkilatının Baş katibi, həmçinin Azərbaycanın kosmik imkanlarını səfərbər edərək Millətlər Birliyinin üzvü olan kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemlərinin təhlil edilməsini və məlumat bazası sisteminin yaradılmasını təqdir etdiklərini dedi. O, ümumilikdə Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətləri ilə əlaqədar çoxsaylı tədbirlərin keçirildiyini və dünyanın kosmik agentliklərinin səylərinin də səfərbər edildiyini vurğuladı.

Patrisia Canet Skotland bundan sonra da Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP-a sədrliyi dövründə kiçik ada dövlətlərinin iqlim problemləri ilə bağlı onlarla əməkdaşlığı əsas istiqamətlərdən biri kimi müəyyən edib, ölkəmiz tərəfindən bununla əlaqədar Zirvə toplantısı keçirilib. Azərbaycanın Millətlər Birliyi təşkilatı ilə əməkdaşlığını davam etdirəcəyini deyən Prezident İlham Əliyev kiçik ada dövlətlərinin iqlim problemlərinin daim diqqət mərkəzində saxlanılacağını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşdırılmış həmrəyliyin məhz COP sədrliyi dövründə də davam etdiriləcəyini dedi.

Söhbət zamanı Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

Seçilən
30
33
gundem.az

10Mənbələr