AZ

24 yaşlı oğlan arvadını odun parçası ilə döydü — TƏFƏRRÜAT

Cəlilabad rayonunda 2000-ci il təvəllüdlü Rəvan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəvan nikaha daxil olmadan faktiki ailə münasibətləri ilə yaşadığı arvadı Vüsalənin 29 iyul 2024-cüdə, saat 11 radələrində anası Nərminə ilə mübahisə etməsi, eləcə də sonuncunun evə qayıtmaqla bağlı təklifini eşitmədiyinə görə bu barədə məlumatı olduqdan sonra həmin gün saat təxminən 12 radələrində qardaşının yaşadığı fərdi yaşayış evinə gedib. 

Rəvan Vüsaləyə evə qayıtmasını təklif edib. Lakin sonuncu evə qayıtmadığına görə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı həmin fərdi yaşayış evinin dəhlizindən götürdüyü odun parçası ilə onun sağ və sol ayaq nahiyəsinə qəsdən bir neçə dəfə vurub. 

Hadisəni törədən Rəvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ilin may ayında həmkəndlisi Vüsalə ilə sevgi münasibətləri olduğu üçün öz razılığı ilə onunla rəsmi nikaha daxil olmadan ailə həyatı qurub: “Biz ailə həyatı qurduqdan sonra mənim ata evimdə anam ilə birlikdə yaşamışıq. Birlikdə yaşamağa başladıqları zamanlarda anam Nəsibə ilə arvadım Vüsalə arasında tez-tez sözlü mübahisə oldu. Onların mübahisəsi zamanı mənimlə Vüsalə arasında da tez-tez sözlü mübahisə yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə iyulun 28-də anası Nəsibə ilə arvadı Vüsalə arasında sözlü mübahisə olub və bunun üçün Vüsalə yaşadıqları kənddə yerləşən qardaşı Elçinin evinə qonaq gedib, Vüsalə onlarda bir gün qonaq qalıb: “Növbəti gün saat 11 radələrində anam qardaşımın evinə getdi və arvadım Vüsalənin hansı səbəbdən evdən getməsini ona bildirdi. Həmin vaxt onların arasında mübahisə yarandı. Mübahisə zamanı anam əsəbiləşərək arvadı Vüsalənin üz, qarın və sağ qol nahiyəsinə yumruqla vuraraq xəsarət yetirdi. Sonra oradan çıxaraq evə gəldi. Anam evə gəldikdən sonra mənə Vüsaləni gətirmək istədiyini, lakin Vüsalənin  evə gəlmədiyini bildirdiyi üçün aralarında mübahisə yaranmasını, mübahisə zamanı əsəbiləşərək onu döydüyünü bildirdi. Mən də həmin gün saat 12 radələrində Vüsalənin anamın sözünü eşitmədiyi və evə gəlmədiyi üçün əsəbiləşərək onun qaldığı qardaşımın evinə getdim. Vüsaləyə evə qayıtmasını bildirdim. Lakin Vüsalə ünvanıma nalayiq ifadələr işlətdi. Mən də nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşərək evin dəhlizindən götürdüyüm oduncaq parçası ilə onun sağ və sol ayaq nahiyəsinə bir neçə dəfə zərbə vuraraq ona xəsarət yetirdim. Daha sonra isə yaşadığım evə qayıtdım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, 2024-cü ilin may ayında həmkəndlisi Rəvan ilə sevgi münasibətləri olduğu üçün öz razılığı ilə onunla rəsmi nikaha daxil olmadan ailə həyatı qurub: “Birlikdə yaşamağa başladığım zamanlarda qayınanam Nəsibə bizim ailə işlərimizə qarışırdı. Buna görə də evdə Rəvanla, eləcə də qayınanan Nəsibə ilə tez-tez aramızda sözlü mübahisələrimiz oldu. Sonuncu dəfə iyulun 28-də qayınanam ilə aramızda sözlü mübahisə olduğu üçün baş vermiş mübahisənin daha da şiddətlənməsinin qarşısını almaq üçün qaynımın evinə qonaq getdim. Bir gün onlarda qonaq qaldım”. 

Zərərçəkmiş qeyd edib ki, növbəti gün saat 11 radələrində qayınanası Nəsibə qaynı Elçinin evinə onun arxası ilə gəlib: “Qayınanam evə çatan kimi hansı səbəbdən evdən getməyimi əsas gətirərək ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxt bizim aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı qayınanam üzərimə hücum edərək yumruqla üz və qarın nahiyəmə, eləcə də sağ qoluma bir neçə dəfə zərbə vuraraq mənə xəsarət yetirdi. Mən isə həmin vaxt qayınanama heç bir müqavimət göstərməyərək baş vermiş mübahisədən yayındım. Daha sonra isə qayınanam oradan çıxaraq öz yaşadığı evə getdi. Həmin gün təxminən bir saatdan sonra ərim Rəvan qonaq qaldığım qaynım Rəvanın evinə gəldi. O, evə çatan kimi anası ilə mübahisədə məni günahkar bilərək evin dəhlizindən götürdüyü odun parçası ilə sağ və sol ayaq nahiyəmə bir neçə dəfə vuraraq mənə xəsarət yetirdi”.

Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəvan aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
22
demokrat.az

1Mənbələr