AZ

İqtisadçı: Hökumət də bu prinsipdən çıxış edərək minimum əmək haqqını artırır

Gələn il Azərbaycanda minimum əməkhaqqı artacaq.
"Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində minimum əməkhaqqının 400 manat olacağı qeyd edilib.
Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 55 manat çoxdur. Belə ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli“Sherg.az”asöyləyib ki, hazırda Azərbaycanda inflyasiya göstəriciləri həm əmək haqqlarının, həm pensiya və təqaüdlərin artırılması ilə bağlı əsas strateji planın tərkib hissəsidir:

“Məhz inflyasiya göstəriciləri üzərindən növbəti il üçün Azərbaycanda sosial yönümlü xərclərin həcminin nə qədər artırılması planlaşdırılır. Azərbaycanda gələn il üçün 5-8 %-lik inflyasiya proqnozlaşdırılır. Bu rəsmi proqnozdur. Həm Maliyyə Nazirliyinin, həm də Hesablama Palatasının müvafiq olaraq rəylərində öz əksini tapıb. Hökumət də bu prinsipdən çıxış edərək növbəti il üçün Azərbaycanda minimum əmək haqqını təxminən 15 faizə qədər artırır. Bu artımların real istehlak qiymətləri ilə nə qədər uyğun olduğunu gələcək aylarda bazarda dəyişəcək qiymətlər göstərəcək. Bazarda qiymətlər vətəndaşların istehlak səbətinə, onların alıcılıq qabiliyyətinə hansı şəkildə neçə faiz təsir edəcəyini real bazar münasibətləri müəyyən edir. İndi isə bu artımlar yanvar ayından reallaşdırılacaq. Düşünürəm ki, vətəndaşlarımızın sosial rifahı üçün müsbət addım kimi dəyərləndirilə bilər”.

Ekspert bildirib ki, bu göstəricilər kifayət qədər olmasa da müəyyən mənada insanların həyatında müsbət təsir göstərəcək:
“Nəzərə alsaq ki, artımlar fonunda enerji daşıyıcılarının qiymətləri artırılmır. Eyni zamanda ölkədə bəzi iqtisadi göstəricilərin yüksəldiyini müşahidə edirik. 2025-ci ilin yanvar ayında bank kredit faizləri ilə bağlı ciddi dəyişiklik olmayacaq. 50 manatlıq artım vətəndaşların istehlak kreditləri üzrə ödənişlərinə, kommunal xərclərin qarşılanmasında az da olsa müsbət rol oynayacaq. Lakin bu artımın insanların sosial rifahına necə təsir göstərəcəyini 3-6 ay ərzində biləcəyik. Çünki dünyada yeni bir düzən yaranması, yeni iqtisadi münasibətlərin formalaşması gözlənilir. Bu iqtisadi münasibətlərin formalaşmasından sonra Azərbaycanda ərzaq qiymətləri və dünya bazarında neftin qiymətinin necə dəyişəcəyini zaman göstərəcək. O zaman biz artımların əhəmiyyətli olub olmadığını qiymətləndirə bilərik”.
Seçilən
11
sherg.az

1Mənbələr