AZ

Azərbaycan hərbi xərclərini ARTIRDI: “Sülh sazişi imzalansa da, İrəvan…”

“Azərbaycan öz hərbi xərclərini artırmağa məcburdur. Bunu Azərbaycan hökumətinin rəsmisi, maliyyə naziri Samir Şərifov da bu gün təsdiqlədi ki, Ermənistan büdcədə hərbiyə ayrılan vəsaiti artırdığına görə, Azərbaycan da məcburiyyət qarşısında qalıb bu xərcləri artırdı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Azərbaycanın gələn il üçün təsdiqlənən müdafiə və təhlükəsizlik xərclərindən söz açıb.

Xatırladaq ki, Azərbaycanın 2025-ci ildə müdafiə və təhlükəsizlik xərcləri 8 milyard 396 milyon manat olacaq.

Polkovnikin fikrincə isə 2025-ci ildə bu, bizim üçün son rəqəm olmayacaq:

“Çünki 2025-ci ildə Ermənistanın ağır silahlar, texnikalar almaq fikri var. Ona görə də biz məcburiyyət qarşısında qalıb 2025-ci ilin hərbi xərclərinə əlavə vəsait ayırmağa məcbur olacağıq. Yəni həm bu təhlükələrin qarşısını almaq üçün məcburiyyət qarşısında qalacağıq ki, silah-sursat, avadanlıqlar alaq, həm də Ermənistanın bu aqressiyasını, revanşist hisslərini azaltmaq üçün yenə də əlavə vəsaitlər ayıraq”.

Onun sözlərinə görə, bu rəqəmlər son deyil:

“Baxmayaraq ki, bu il əlavə iki milyarda yaxın pul ayrılıb. Düşünürəm ki, biz məcburiyyət qarşısında qalıb yaxın aylarda bu vəsaiti bir qədər də artırmalı olacağıq. Görünən odur ki, Ermənistan öz hərbi xərclərini artırmaq xəttini tutub və Baş nazir Nikol Paşinyanın davamlı səfərləri də daha çox ona hesablanıb ki, Ermənistan silahlansın, Ermənistan ordusunun imkanları genişləndirilsin və böyük ehtimalla, hətta sülh sazişi imzalansa da, – hərçənd ki, o, sənədin imzalanması ilə bağlı hər hansı bir addım Ermənistan tərəfindən görünmür – yenə də İrəvan məcburiyyət qarşısında qalıb öz ordusunu qurmaq üçün silah-sursat alacaq.

Əlbəttə ki, regiondakı vəziyyət bizi məcbur edir ki, bəzi addımlar ataq. Bu addımlar da əlavə vəsaitlərin müdafiə və təhlükəsizliyi sahəsinə yönəldilməsidir. Sənəd imzalansa belə, Ermənistan öz ordusunu yenidən qurmalı və formalaşdırılmalıdır. Bu isə əlavə vəsait əlavə xərc deməkdir”.

Rafi Müslümov

Seçilən
28
yenicag.az

1Mənbələr