AZ

İmamoğlunun Bakı səfərinə YAP-dan REAKSİYA

Noyabrın 13-də Türkiyənin İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Bakıya gəlib. Bakıya gəliş səbəbi ilə bağlı İmamoğlu "X" səhifəsində paylaşım edib. "Biz BMT-nin İqlim Dəyişikliyi Konfransı üçün Bakıdayıq. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məqbərəsini və Türk Şəhidlər məzarlığını ziyarət etdik. Sonra biz ekoloji və sosial məsələlərə həsr olunmuş konfransda Braziliya, Yaponiya və Albaniyanın yerli idarəçiləri ilə görüşdük", -deyə İmamoğlu yazıb.

 

Qeyd edək ki, İmamoğlu Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) tanınmış simalarından biridir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Musa Quliyev bildirib ki, Əkrəm İmamoğlunun Bakıya gəlişini normal qarşılanmalıdır.

 

"Yeni Azərbaycan Partiyası Türkiyənin hakimi Ədalət və İnkişaf Partiyası (AKP) ilə müttəfiqdir. Bizim sıx münasibətlərimiz var. Ona görə də Türkiyədə fəaliyyət göstərən digər partiyalarla YAP-ın belə bir münasibəti yoxdur. Əkrəm İmamoğlunun bu səfəri Bakıda keçirilən dünyanın ən böyük tədbirlərindən biri olan COP29 çərçivəsində olub. İstanbul şəhəri 18 milyona yaxın əhalisi olan böyük meqapolisdir. Şəhərin bələdiyyə başqanının belə tədbirlərdə iştirak etməsi tamamilə normaldır. İstənilən halda Türkiyə ilə Azərbaycan qardaş dövlətdir. Əkrəm İmamoğlu burada siyasi bir fiqur kimi deyil, bələdiyyə sədri kimi qurumunu təmsil edib. Bu, tamamilə normaldır".

M.Quliyev Əkrəm İmamoğlunun səfərinin CHP-YAP əlaqələrinə təsir edib-etməyəcəyindən də danışıb:

 

"AKP ilə əməkdaşlığımız Türkiyədəki müxalifət partiyalarına soyuq, yaxud qeyri-dost münasibətimizin olduğuna dəlalət etmir. Sadəcə olaraq Yeni Azərbaycan Partiyası Türkiyədəki iqtidar Partiyası ilə daha sıx dostluq, əməkdaşlıq qurub. Yenə deyirəm ki, İmamoğlunun səfəri siyasi və ya partiyalararası deyil. Bu səfər COP tədbirləri çərçivəsində baş tutub. Ona görə də buna biz tam normal yanaşırıq. Bunun AKP ilə münasibətlərin soyumasına, yaxud Cümhuriyyət Xalq Partiyası (CHP) ilə xüsusi əlaqələrin qurulmasına aidiyyəti yoxdur. İstənilən halda Türkiyədəki bütün qüvvələrlə münasibətlərin dostcasına olmasını arzu edə bilərik".

Seçilən
13
1
modern.az

2Mənbələr