AZ

2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa...

 2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib olunarkən İqtisadiyyat Nazirliyinin proqnozları əsasında ümum daxili məhsulun artımı 3.5 faiz, neftin bir barelinin qiyməti 70 ABŞ dolları həcmində nəzərdə tutulub.

Sitat.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.
Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 75  ABŞ dolları həcmində müəyyən olunmuşdu.

Bəs dünyada gedən hazırki siyasi-iqtisadi proseslər fonunda neftin qiyməti ilə bağlı hansı risklər var və gələn il neft kəskin ucuzlaşa bilərmi? 70 dollar proqnozu nə dərəcədə risklidir?

Sitat.info-ya açıqlmasında bu sualları cavablandıran iqtisadçı ekspert Xalid Kərimli bildirib ki,  70 dollar özü də şərti rəqəmdir: "Bu sadəcə hesablamalarda istifadə edilən rəqəmdir. Məsələ ondan ibarətdir ki, 70 dollardan götürülür və büdcə gəlirləri hesablanır ki, illik nə qədər olacaq.  Və beləliklə büdcə gəlirləri proqnozlaşdırılır”.

Ekspert vurğulayıb ki, kifayət qədər riskli rəqəm olsa da, görünür hökümətin əsaslı hesablamaları var, proqnozlar dəqiq öyrənilir : “Nəzərə alsaq ki, əvvəllər daha konservativ yanaşırdılar, 70 gözlənilirdisə, 50-60 dollar proqnozlaşdırılırdı. İndi isə maksimum dəyər proqnozlaşdırılıb, görünür ki, hökumət xərcləri artırmaq zərurəti duyur. Gələn il üçün  beynəlxalq təşkilatların da proqnozlarına baxanda görürük ki. 70-80 dollar arası proqnoz  verilir. Buradan bəlli olur ki, hökümət bunu bilir və o rəqəmi göydən düşmə götürməyib”. 

İqtisadçı, neftin qiymətinin 70 dollardan aşağı düşməsini mənfi hal dəyərləndirib: "Proqnozun necə olmasından, nə qədər hesablanmasından aslı olmayaraq neftin qiymətinin kəskin ucuzlaşması dövlətin gəlirinin kəskin azalmasına gətirib çıxarır. Belə olduğu halda da, dövlətin büdcəsində çətinlik yaranır. Xərclərin əhəmiyyətli hissəsi, 41%-i sosial xərclərdir, 65% ətrafında isə cari xərclərdir. Hökümət borcla əlaqədar 7-8% lik büdcə xərclərini borca qaytarır. Digər isə investisiya xərcləridir”.

X.Kərimli nəzərə çatdırıb ki, hökumət sosial xərcləri və cari xərcləri ödəmək məcburiyyətindədir: "Belə olduğu halda iki variant yaranır, ilkin variant olaraq əgər kəskin dərəcədə qiymətlər aşağı olsa, ya iqtisadi istiqamətdə sərf olunan xərclər təxirə salınacaq, yeni investisiyalar qoyulmayacaq. Məsələn, Qarabağın bərpasında ləngimələr müşahidə edə bilərik. Ya da devalvasiya baş verə bilər”.

Tehran Yusifli,

Sitat.info

Seçilən
15
sitat.info

1Mənbələr