AZ

Gəlirlərin bu çərçivəyə uyğunluğu dövlət büdcəsinin sağlamlığı üçün vacibdir -Tahir Mirkişili

Təqdim olunmuş layihəyə münasibət bildirmək üçün bir neçə əsas aspektə, xüsusən də növbəti il və sonrakı 3 il üçün proqnozlaşdırılan makro çərçivəyə, gəlirlərin bu çərçivəyə uyğunluğuna, xərclərin dövlət və cəmiyyət qarşısında duran çağırışlarla uzlaşmasına, kəsirin riski və büdcə qaydasına diqqət yetirilməsi vacibdir.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili bildirib.

Tahir Mirkişili deyib ki, cari ilin sonunda ölkədə ÜDM-in 4.2%, qeyri-neft sektorunun isə 6.4% böyüməsi, orta illik inflyasiyanın 2.7% olması və əhalinin real gəlirlərinin 4.5% artması yaxşı göstəricidir: “Nəzərə alsaq ki, cari ildə qlobal iqtisadi artım təxminən 3% olub və inflyasiya 5.8%-ə çatıb, bizim göstəricilərin yüksək olması dərhal nəzərə çarpır. Bu göstəricilərə bəzi ölkələr kimi süni şəkildə idxalı və ixracı, yenidən ixracı, sanksiyalarla alver edərək deyil, təbii şəkildə, heç bir beynəlxalq qanun pozuntuları etmədən nail olmuşuq. Bu nöqteyi-nəzərdən, növbəti ilə ÜDM artım tempinin 3.5%, qeyri-neft sektorunun isə 4.9% proqnozlaşdırılması məqbuldur.”

Deputat hesab edir ki, baza ssenari üzrə neftin qiymətinin 70 dollar proqnozu reallığa çox yaxındır: “Maliyyə Nazirliyinin təqdimatına görə, qiymət 60 dollara qədər düşsə, dövlət büdcəsinin neft-qaz gəlirlərinin 340 milyon manat azalacağı göstərilir. Bu halda belə, hökumətin bu riski idarə etmək üçün imkanları mövcud olacaq. Hesab edirəm ki, qaz qiymətləri baza ssenaridə göstərilən 242 dollardan çox olacaq. Avropa Birliyi və Çin iqtisadiyyatında baş verən hadisələr bunu deməyə imkan verir. Həmçinin, dünyanın yaşıl enerji gündəliyində qaz ‘keçid yanacağı’ kimi qəbul edilir ki, bu da onun tələbatının artacağına işarədir.”

Tahir Mirkişili qeyd edib ki, növbəti ildə orta illik inflyasiyanın 4.6%-dək yüksəlməsi yaxşı xəbər olmasa da, qlobal inflyasiyanın 4.3% olacağı ilə bağlı proqnozlar bu rəqəmi məqbul hesab etməyə imkan verir: “Dövlət büdcəsinin gəlirləri 1.928 milyard manat artırılaraq 38.316 milyard manata çatdırılıb. Bunun 19.5 milyard manatı qeyri-neft-qaz sektorundan formalaşır (qeyri-neft-qaz ÜDM-in 21%-i). DNF fondundan transfertin artımını nəzərdə tutmasaq, o zaman artım 228 milyon manatdır. Gəlirlər ÜDM-in 29.7%-ni təşkil edir. 129.2 milyard manatlıq ÜDM üçün 38.3 milyard manatlıq dövlət büdcəsi gəlirləri məqbul hesab edilə bilər. Qeyri-neft-qaz (QNQ) sektorunun gəlirlərinin 924 milyon manat artırılması (5%) QNQ artım proqnozlarına uyğundur və hətta deyərdim ki, proqnozu da üstələyir. Dövlət Vergi Xidməti tərəfindən proqnozlaşdırılan qeyri-neft sektoru üzrə daxilolmaların 9% və ya 1 milyard manat artırılması sektor üzrə ÜDM-in artım tempini üstələsə də, dövlət büdcəsi üçün yaxşı xəbərdir. Əminəm ki, ölkədə vergi mədəniyyətinin formalaşmasına və effektiv icra mexanizmlərinin yaradılmasına nail olan DVX bu öhdəliyi icra edə biləcək. Dövlət Neft Fondundan transfertin artırılması indiki geo-siyasi vəziyyətdə çağırışların tələbi ilə reallaşdırılacaq. Dövlət Gömrük Komitəsi tərəfindən də bu ilin icra göstəriciləri nəzərə alınaraq növbəti ildə 165 milyon manat artırılmış öhdəliyi icra etməsinə əminlik yaranır.”

Deputat əlavə edib ki, dövlət büdcəsinin xərcləri isə 1.625.3 milyon manat artırılaraq 41.367.6 milyon manata çatdırılıb, ÜDM-də çəkisinin 32%-i olması məqbuldur. “Hərbi xərclərin artırılmasını dəstəkləyirəm, indiki zamanda bu bizim üçün çox vacibdir. Sosial yönümlü xərclərin ilk dəfə olaraq 1.370 milyon manat artırılaraq ümumi xərclərin 41%-nə çatdırılması əhalinin sosial rifahının yaxşılaşması baxımından müsbət hal hesab edilir.”

2025-ci il Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin cari il ilə nisbətən azalaraq 2.4% olması da məqbul göstərici sayıla bilər. Kəsirin maliyyələşməsində daxili borclanmaya üstünlük verilməsi əvvəlki illərdə tətbiq olunan metodlardan biridir. Kəsirin maliyyələşməsində ciddi risklər görünmür. 2025-ci ilin dövlət büdcəsi haqqında Qanun layihəsinə dair İzahata əsasən isə “Büdcə sistemi haqqında” Qanuna, o cümlədən büdcə qaydasına dəyişiklik edilməsi və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddinin yalnız ortamüddətli dövrün sonuna müəyyənləşdirilməsi nəzərdə tutulub. 2028-ci il üzrə müvafiq göstəricinin 15.5% səviyyəsində müəyyən edilməsi təklif olunur. Bu yanaşma çevik idarəetməyə şərait yarada bilər.

Seçilən
29
2
fins.az

3Mənbələr