AZ

COP29-da “iki böhran - bir həll: Qafqazda biomüxtəliflik və iqlim bağlantısı” mövzusunda müzakirələr aparıldı - FOTO

COP29 çərçivəsində “İki böhran - bir həll: Qafqaz regionunda biomüxtəliflik və iqlim bağlantısı” mövzusunda yan tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) pavilyonunda keçirilən tədbirdə Cənubi Qafqaz regionunda biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən layihə və proqramlar, eləcə də aparılan elmi araşdırmalar diqqət mərkəzində saxlanılıb.

Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yoxen Flasbart çıxışında ölkəsinin Cənubi Qafqaz regionunda təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması fəaliyyətinin inkişaf etdirilməsində maraqlı olduğunu və bu səyləri dəstəklədiyini ifadə edib. Bildirilib ki, bir neçə həftə əvvəl Kolumbiyada baş tutan biomüxtəliflik üzrə BMT konfransı təbiətin və onun biomüxtəlifliyinin qorunmasının nə dərəcədə vacib olduğunu, iqlim dəyişikliklərinə cavab vermək üçün Bakıda keçirilən COP29 iqlim konfransının bu sahəyə mühüm töhfəsini verə biləcəyini bir daha göstərdi.
 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib ki, Qafqaz biomüxtəlifliyinə görə dünyanın ən zəngin on regionundan biridir. Azərbaycan bu xüsusda özünəməxsus yerə malikdir, çünki Qafqazın florasının 80 faizinə Azərbaycan ərazisində rast gəlinir, faunada isə bu rəqəm daha yüksək ola bilər.


İqlim dəyişikliklərinin biomüxtəlifliyə təsiri mövzusundan bəhs edən V.Qasımov son onilliklərdə adı “Qırmızı Kitab”a düşmüş fauna və flora növlərindən, getdikcə onların sayının artmasından danışıb. Bildirilib ki, antropogen səbəblərlə yanaşı, iqlim dəyişiklikləri də biomüxtəlifliyə zərbə vurur və onun tarazlığını pozur. Məhz buna görə də iqlim dəyişikliklərinin qarşısını almaq biomüxtəlifliyin qorunmasına, Ana təbiətin mühafizəsinə töhfə verə bilər.

WWF Qafqaz Proqramı Ofisinin regional direktoru Giorqi Sanadiradze “Regionda iqlim dəyişikliyinin azaldılması və adaptasiyası üçün Ekoregional Mühafizə Planının tətbiqi“ mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Qafqaz regionunda ekoreginoal mühafizə üçün tətbiq olunan planın mərhələləri, onun hüquqi bazasından tutmuş növlərin qorunması, meşə ekosistemləri və bioloji resursların qorunması istiqamətində görülən işlərdən danışılıb.

Almaniyanın Yenidənqurma üzrə Kredit Bankının aparıcı meneceri Frank Mörşel isə regionda biomüxtəlifliyin mühafizəsi, iqlim dəyişikliyinin azaldılması və ona uyğunlaşma üçün Ekoregional Mühafizə Planı barədə məlumat verib. Təmsil etdiyi bankın Cənubi Qafqaz ölkələrində 1998-ci ildən indiyədək biomüxtəlifliyin qorunması üçün ayırdığı vəsaitlərin tətbiq istiqamətləri barədə danışan F.Mörşel diqqətə çatdırıb ki, həyata keçirilən tədbirlər nəticəsində illik bir milyon ton istixana qazlarının yaranmasının qarşısı alınır.

Sonra Ekoloji Dəhlizlər Fondunun (ECF) baş texniki müşaviri Cerney Striti dayanıqlı icmalar və ekosistemlər üçün ekoloji dəhlizlər barədə danışıb. Bildirilib ki, 2015-2034-cü illər əhatə edən dövr üçün 20-dən artıq icma ilə ekosistemlərin mühafizəsi layihəsi həyata keçiriləcək və bu layihələr özündə on minlərlə hektar ərazinin konservasiyasını ehtiva edəcək.

Ekoregional Mühafizə Planının tətbiqindən danışan natiqlər bu sahədə tədqiqatın nəticələrini təqdim edib, həyata keçirilən layihələr və yatırılan investisiyaların dekarbonizasiya, biomüxtəlifliyin təmini və ekosistemlərin qorunmasında oynadığı rolu yüksək qiymətləndiriblər. Bu istiqamətdə Cənubi Qafqaz ölkələri ilə yanaşı, tərəfdaş və donorların dəstəyi təqdir edilib, özəl sektorun da bu sahəyə qoşulmasının əhəmiyyəti vurğulanıb.



Bizim.Media

Seçilən
26
2
bizim.media

3Mənbələr