AZ

Konqresmen Pallone Azərbaycan jurnalistlərini belə döyürdü…

Image

Cəsarət Hüseynzadə: “Frank Pallone Frank Pallone Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməlidir”

Məlum olduğu kimi, Azərbaycanın bir qrup QHT rəhbəri və ictimai fəallar xalqımızı təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Palloneyə qarşı qaldığı hotelin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib. 

QHT-lərin əsas tələbləri Pallonenin Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, onun Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub. Xatırladaq ki, 17 noyabr tarixində Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb. Bəyanatda Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək, Bakıya gəlmiş ABŞ konqresmeni Frank Pallonenin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldıqlarını bildiriblər.

“Pallone hər zaman anti-Azərbaycan təbliğatı ilə məşğul olub və Qarabağın Azərbaycana qaytarılmasının əleyhinə fəaliyyət göstərib”

Baş vermis hadisə ilə bağlı bəyanatı imzalayan İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə ilə həmsöhbət olduq.

- Bildiyimiz kimi, ABŞ konqresmeni Frank Palloneyə qarşı qaldığı hotelin qarşısında aksiya keçirilib. Həmin aksiyada vətəndaş cəmiyyəti təmsilçilərinə şiddət göstərilib…

- ABŞ konqresmeni Frank Pallone uzun müddət Azərbaycana qarşı sərt mövqe nümayiş etdirirdi. Bu şəxs istənilən konqresdə  Azərbaycana qarşı düzənlənən sərt qanunların müəllifi kimi tanınır. Frank Pallone sırf ermənipərəst bir şəxsdir. Xatırladım ki, torpaqlarımız işğal altında olan zaman Ermənistan torpaqlarımızda ekoloji terror törədib. Dağ-mədən sənayesi ilə Azərbaycanın ekoloji mühitinə çox ciddi ziyan dəyib. Belə bir işğalçı, ekologiyaya ziyan vuran dövlətin himayədar qismində çıxış edən bir  konqresmenin BMT tərəfindən qlobal, ekoloji, ətraf mühitə, iqlim dəyişikliyinə həsr olunmuş bir tədbirə dəvət olunması qəbuledilməzdir. Bu şəxsin belə vacib konfransda iştirak  etmək istəyi COP tarixi üçün belə utancvericidir. 20 -dən artıq Qeyri Hökumət Təşkilatı Frank Pallonenin tədbirdə iştirakını düzgün hesab etmədiyi üçün və onu bu proseslərlə bağlı mətbuatın gözü qarşısında sorğu-sual etmək  məqsədilə  otelin qarşısında dinc aksiya keçirdik. Onu da deyim ki, bu şəxs COP tədbirində iştirak edəndə medianın suallarından yayınırdı. Aksiya zamanı da QHT nümayəndələrinə heç bir cavab vermədən qaçdı. Hətta onun mühafizəçisi vətəndaş cəmiyyətlərinə qarşı fiziki güc tətbiq etdi. Bir neçə QHT təmsilçisinə qarşı zorakılıq edildi. Mən sizə deyim ki, polisin dəstəyilə mühafizəçi aralandı. Yoxsa vəziyyət daha pis ola bilərdi. Bizim həyatımızı yerli hüquq-mühafizə orqanları xilas edə bildi. Bununla da Pallone öz əqidəsini və bizim xalqa bəslədiyi çirkin münasibətini ortaya qoydu, özünü ifşa etdi. Məlum hadisənin görüntüləri mediada yayılıb. Hadisə ilə bağlı QHT nümayəndələri olaraq Daxili İşlər Nazirliyinə müraciət etdik. Bununla bağlı bəyanat imzaladıq.

- Aksiyada baş verən hadisədən sonra QHT təmsilçiləri bəyanat imzalayıb. Tələbiniz nə idi?

- Biz – bir qrup Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək, Bakıya gəlmiş ABŞ konqresmeni Frank Pallonenin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızı bəyan etdik. İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Pallone Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Məlumdur ki, o ölkəmizə BMT-nin təklifi ilə gəlib. Pallone hər zaman anti-Azərbaycan təbliğatı ilə məşğul olub və Qarabağın Azərbaycana qaytarılmasının əleyhinə fəaliyyət göstərib. QHT-lərin əsas tələbləri Pallonenin Azərbaycan xalqından üzr istəməsi, dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, Pallonenin Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub.

- Frank Pallone barəsində beynəlxalq hüquqi tədbir görülə bilərmi? 

- Biz Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Pallone barəsində hüquqi tədbirlər görülməsini tələb edirik.

- Sizcə, ermənipərəst ABŞ konqresmen Azərbaycandan üzr istəyəcək? 

- Sözün düzü inanmıram ki, ermənipərəst Frank Pallone etdiyi əmələ görə Azərbaycandan üzr istəsin. Çünki o 30 il ərzində ABŞ-ın lobbi təşkilatlarından maliyyələşib. Onun bura gəlməsi ilə bağlı deyim ki, bu şəxs dəfələrlə qeyd edib ki, məni Azərbaycana buraxmayacaqlar. Azərbaycan dövləti həmin şəxsin ölkəyə gəlməsi ilə bağlı hər hansı məhdudiyyət qoymayıb. Buna görə də sərbəst şəkildə ölkəmizə gəlib. Hesab edirəm, Frank Pallone düşünüb ki, o gələndə ölkəyə buraxılmayacaq və o da bu vəziyyətdən istifadə edəcək. Ancaq istəyi baş tutmadı.

- Frank Pallonenin Azərbaycana gəlməkdə əsl məqsədi nə idi? 

- Onun ölkəmizə nə məqsədlə gəldiyi gün kimi aydındır. Çünki Azərbaycana qarşı olan şəbəkələr beynəlxalq tədbirlər çərçivəsində həm media, siyasi xadimlər, həm də beynəlxalq qeyri-hökumət təşkilatları birgə işləyir. Onlar planlı şəkildə bu prosesi həyata keçirib. Məlumdur ki, hər hansı təxribat törədilən zaman onların yanında media, QHT və siyasi, ictimai xadimlər olur. Hesab edirəm ki, bu şəxsin Azərbaycana gəlməkdə məqsədi xüsusi dairələrə müəyyən hesabatlar təqdim etməkdir.

Günel CƏLİLOVA





Seçilən
73
baki-xeber.com

1Mənbələr