AZ

Azərbaycan COP maliyyəsini 75-dən 170 milyard dollara çıxara bildi- böyük başarı...

Image

“Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqlar əldə olunub”.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşündə məlumat verib.

COP 29 İqlim Maliyyəsinin 75 milyard dollardan 170 milyarda qaldırılması barədə razılaşma əldə edildi. Bunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

Aydın Hüseynov: “Azərbaycan COP29 Sədri kimi iqlim maliyyəsi strategiyasını gerçəkləşdirir”

Milli Məclisin deputatı Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan COP29 çərçivəsində bir çıra indiyə qədər həll edilməmiş təşəbbüsləri də gerçəkləşdirməyə nail olmaqdadır. “COP29-un ilk günündə ən mühüm hadisə Paris sazişinin 6.4 maddəsi (karbon bazarları) üzrə razılaşmanın əldə olunmasıdır. Faktiki olaraq, bu əsas hədəf prinsipi 9 ildir ki, kağız üzərində qalmış, 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, 6-cı maddə üzrə razılıq əldə olmamışdı. COP29-dan əsas gözləntilərin biri dayanıqlı maliyyələşmə arxitekturasının qurulmasıdır. Sammitdə bu istiqamətdə də iradəli təşəbbüslər ortaya qoyudlu və artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracağına dair ümidverici bəyanatlar səsləndirdi. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bəyan etdi ki, bu da COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması deməkdir”. Millət vəkili qeyd etdi ki, Azərbaycanın təşəbbüsü ilə  “İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu” yaradılıb, COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi (karbon bazarları) üzrə razılaşma əldə olunub. “Azərbaycanın təşəbbüsü ilə gerçəkləşib ki, bu, dayanıqlı maliyyələşmə üçün mühüm sütunlardan biridir. Eləcə də Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə əhəmiyyətli irəliləyiş əldə olunub. Maliyyə, investisiya və ticarət məsələlərinin müzakirəsinə həsr olunmuş bu tematik gündə özəl sektor nümayəndələri, çoxtərəfli inkişaf bankları (ÇİB) və xeyriyyə təşkilatları, eləcə də iqlim fondları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iqlim fəaliyyətini maliyyələşdirmək üçün kollektiv səylər çərçivəsində bir araya gəliblər”.

A.Hüseynov bildirdi ki, Bakıda indiyə qədər problemlərdən biri kimi həll edilməyən maliyyə şəffaflığı ilə bağlı məsələ də həllini tapmaqdadır. “Ötən COP sammitlərində tərəflər bu məsələdə bir araya gələ bilməsə də, Azərbaycanın Sədrliyi dövründə şəffaflıq prinsipi mövzusu da həllini tapıb, “Bakı Qlobal İqlim Şəffaflığı Platforma”sı təsis edilib. Ümumilikdə, Azərbaycan iqlim ailəsini iqlim dəyişikliyinə qarşı mübarizə hədəfləri çərçivəsində Paris Sazişi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə sazişlərdən irəli gələn maliyyə institutlaşması istiqamətində bir araya gətirməkdədir. Bütün bunlar isə 

Azərbaycanın COP29 Sədri kimi iqlim strategiyalarının gerçəkləşməsində aparıcı rolunu təsdiq edir. Azərbaycan COP29 Sədri kimi iqlim maliyyəsi strategiyasını gerçəkləşdirir”-deyə millət vəkili qeyd etdi. 

Sahil Kərimli: “İqlim probleminin artdığı bir zamanda maliyyə yardımlarının artırılması, təbiidir ki, ekoloji problemlərin həllinə də müsbət təsir göstərəcək”

Politoloq Sahil Kərimli də “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumiyyətlə, ilk növbədə Azərbaycanın COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə uğurla və peşəkarlıqla ev sahibliyi etməsinin şahidi olduq. “Bu proses bu günlərdə də davam edir. Bu hər bir Azərbaycan vətəndaşı, Azərbaycan dövləti, Azərbaycan ictimaiyyəti üçün qürurverici bir hadisədir. Azərbaycanın COP29 çərçivəsində iqlim dəyişiklikləri probleminə qarşı və dünyanın, bəşəriyyətin xilası, ekoloji problemlərin həlli naminə atdığı bu addımlar, əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. İlk növbədə COP29 çərçivəsində ekologiya ilə bağlı maliyyə yardımlarının artırılması məsələsində də Azərbaycanın səylərini yüksək qiymətləndirməliyik. Çünki Azərbaycan dövləti indiyə qədər ev sahibliyi etdiyi, eyni zamanda qoşulduğu bütün beynəlxalq çağrışlarda daim innovativ və yeniliklərə imza atıb. Azərbaycan dövlətinin bu nailiyyətləri və geniş spektrli səyləri nəticəsində biz daim bu istiqamətdə çox böyük uğurlar görmüşük”. 

S.Kərimli qeyd etdi ki, biz bundan əvvəl Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə də bu hərəkatın necə təşkilatlanmasının, beynəlxalq arenada necə böyük nüfuz qazanmasının şahidi olmuşuq.   “Xüsusilə də COP29 tədbiri zamanı da bunun əyani şahidi olduq. İqlim dəyişikliyi, ekoloji problemlərin həllinə maliyyə yardımlarının artırılmasına Azərbaycanın da dəstəyi var. Burada həm ideoji, həm təbliğati sahədə ölkəmizin ev sahibliyi etdiyi tədbir çərçivəsində dünyaya və beynəlxalq aləmə verdiyi müsbət mesajların nəticəsi olaraq bu gün artıq bir çox beynəlxalq qurumlar, inkişaf etmiş ölkələr ekoloji problemlərin həllinə maliyyə yardımlarını artırmaqla bağlı müəyyən müsbət addımlar atıblar. Ümumiyyətlə, dünyada son dövrlər iqlim probleminin artdığı bir zamanda maliyyə yardımlarının artırılması, təbiidir ki, ekoloji problemlərin həllinə də müsbət təsir göstərəcək”- deyə S.Kərimli vurğuladı.

İradə SARIYEVA





Seçilən
26
baki-xeber.com

1Mənbələr