AZ

Bakı konfransında Xəzər müzakirələri

Dənizin üzləşdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə etiraf olundu

COP29 çərçivəsində Azərbaycan milli pavilyonunda “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması” mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısı keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə təşkil olunan toplantıda Xəzəryanı ölkələrin rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva son illər iqlim dəyişmələri nəticəsində Xəzər dənizinin səviyyəsində baş verən azalmalara diqqət çəkib, bu unikal ekosistemin qorunması üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb.

Nazir müavini dənizin səviyyəsinin məruz qaldığı dəyişikliklərin hərtərəfli öyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.

O, regionun zəngin biomüxtəlifliyi və ekosistemi ilə unikal təbii mühiti təmsil edən Xəzərin son onilliklərdə ciddi ekoloji problemlərlə üzləşdiyini diqqətə çatdıraraq deyib ki, hazırda dənizin səviyyəsi müşahidələr tarixində ən aşağı həddə yaxındır: “Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyinin artması və biomüxtəliflikdəki dəyişikliklər – bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir. Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 metr azalıb. Son illərdə isə illik azalma həyəcan doğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır”.

Nazir müavini bildirib ki, BMT-nin Ətraf Mühit Proqramı tərəfindən hazırlanmış “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabat iqlim dəyişikliyi, regional hidrologiya və dəniz səviyyəsinin azalması arasındakı mürəkkəb əlaqəni başa düşməyə imkan verir. Onun sözlərinə görə, əsas nəticələr arasında dəniz səviyyəsinin dəyişməsinin ekosistemə, iqtisadiyyata və infrastruktura müxtəlif təsirlərini həll etmək üçün əlaqələndirilmiş transsərhəd tədqiqatlara ehtiyac var.

Xəzər dənizinin ekoloji problemləri əlaqələndirilmiş və qətiyyətli fəaliyyət tələb etdiyini vurğulayan U. Tağıyeva deyib ki, “Xəzər dənizində su səviyyəsinin azalmasına cavab tədbirləri üzrə əməkdaşlığın gücləndirilməsi barədə Xəzəryanı dövlətlərin bəyannaməsinin qəbulu bu tədbirin mühüm nəticəsi olacaq. O deyib ki, Xəzəryanı dövlətlərin bəyannaməsi ümumi regional öhdəliyi nümayiş etdirir, ekspert bilikləri, texnologiyalar və maliyyə yardımı ilə dəstəklənən birgə fəaliyyət planını müəyyən edir. Nazir müavininin sözlərinə görə, birgə fəaliyyət Xəzər regionunun sağlam və firavan gələcəyini təmin etməyin yeganə yoludur.

BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen isə qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi regionun ərzaq təhlükəsizliyini təhdid edir. Regionun təhlükəsizliyinə görə narahatlığını ifadə edən proqram rəhbərinin sözlərinə görə, bu problem tezliklə həll edilməsə, 5 milyona qədər insan təhlükə altında olacaq. O deyib ki, Xəzər dənizinin dayazlaşması probleminin həllinə yalnız birgə səylərlə nail olmaq mümkündür.

Tədbir çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə rəhbərlik etdiyi qurumun birgə əməkdaşlığı əsasında hazırlanan “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabat təqdim olunub.

Toplantıda Dünya Bankı və Yaşıl İqlim Fondunun nümayəndələri də mövzu ilə bağlı təqdimatlarlarla müzakirələrdə iştirak ediblər.

Sonda “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbul edilib.

 

Seçilən
19
xalqqazeti.az

1Mənbələr