AZ

Su Ehtiyatları Agentliyinin şirin su layihəsi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Əsəd Şirinov COP29 konfransı çərçivəsində keçirilən “Davamlı su ehtiyatlarının idarə edilməsində innovatov yanaşmalar” mövzusunda sessiyada Xəzər dənizinin suyundan istifadə etməklə Bakı və Abşeron yarımadası üçün etibarlı alternativ ehtiyatlar yaradılmasının qarşıya mühüm vəzifə kimi qoyulduğunu bildirib.

O, iqlim dəyişikliyinin özünü davamlı büruzə verməsi və artan tələbat nəticəsində yaranan su qıtlığının aradan qaldırılması məsələsinin Azərbaycanın su siyasətində önəmli yer tutduğunu vurğulayıb. Agentlik müşavirinin sözlərinə görə, təmiz su probleminin həlli Dayanıqlı İnkişaf Məqsədlərində də diqqət çəkir. Bu da ölkəmizdə gələcək nəsillərin belə bir mühüm resursdan istifadə imkanlarına xələl gətirmədən cari ehtiyacların ödənilməsinə dair öhdəliyə sadiqliyini göstərir.

Azərbaycanın bu yaxınlarda hazırlanaraq təsdiqlənən Milli Su Strategiyası da bu baxışı əks etdirir. Strategiya iqlimə davamlılığı gerçəkləşdirməklə bərabər, ədalətli, səmərəli və davamlı su idarəetmə təcrübələrini təşviq edir. Bu strategiya ilə regional və iqlim dəyişikliklərinə qarşı həssas məsələlər, o cümlədən transsərhəd çaylardan və atmosfer yağıntılarından asılılıq da daxil olmaqla, problemlərin təhlilini aparmaqla, bu çağırışları birbaşa həll etməklə kənd təsərrüfatından tutmuş sənaye istehlakına qədər bütün sektorlar üçün uzunmüddətli su əlçatanlığını reallaşdırmaq hədəflənir”.

Müşavir qeyd edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Dövlət Su Komissiyasının yaradılması qurumlararası koordinasiyanı təkmilləşdirərək su ehtiyatlarının idarə olunmasına kompleks yanaşmanı asanlaşdırıb. Bundan əlavə, investisiya imkanlarını səfərbər etmək, texnoloji innovasiyaları artırmaq və davamlı həlləri genişləndirmək məqsədilə dövlət–özəl tərəfdaşlığının yaradılmasına başlanılıb. Özəl sektoru cəlb etməklə sudan istifadədə səmərəliliyi artırmaq, itkiləri azaltmaq və smart ölçmə, eləcə də sızma – aşkarlama sistemləri kimi qabaqcıl texnologiyaların tətbiqinin həyata keçirilməsi qarşıya önəmli vəzifələr kimi qoyulub.

Beləliklə, dayanıqlılıq Azərbaycanın su siyasəti üçün təkcə rəhbər prinsip deyil, zərurətdir. İnnovativ idarəetmə, möhkəm planlaşdırma və maraqlı tərəflərlə əməkdaşlıq təhlükəsiz və davamlı su gələcəyi üçün əlverişli zəmin yaradır. Artan iqlim problemləri qarşısında alternativ su mənbələri isə Azərbaycanın su strategiyasının mühüm tərkib hissəsi kimi diqqət çəkir.

Dövlət Su Ehtiyatları Agentliyi müşavirinin fikrincə, iqlim dəyişikliyi uzun müddətli quraqlıqlar və planlaşdırıla bilməyən yağıntı nümunələri ilə onsuz da məhdud su ehtiyatlarına əlavə problemlər yaradaraq suyun mövcudluğunda daha çox dəyişkənliyə gətirib çıxarır. Bu çağırışlar cəsarətli və innovativ həllər tələb edir və ölkəmizin bu istiqamətdə yüksəlişini şərtləndirir.

Hazırda Azərbaycanın ən perspektivli təşəbbüslərindən biri duzsuzlaşdırma texnologiyalarıdır. Xəzər dənizinin suyundan istifadə etməklə Bakı və Abşeron yarımadası üçün etibarlı alternativ ehtiyatlar yaratmaq hədəflənir. Bu yanaşma təkcə ölkəmizin su mənbələrini şaxələndirmir, həm də su ehtiyatlarının 70 faizdən çoxunu təşkil edən transsərhəd çaylardan asılılığı azaldır. Bu həllin davamlılıq məqsədlərinə uyğun olmasını gerçəkləşdirmək məqsədilə enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə üstünlük verilir.

Azərbaycanda duzsuzlaşdırma ilə yanaşı, suyun təkrar emalı və təkrar istifadə proqramları üzərində də böyük işlər görülür. Hazırda çirkab suların kənd təsərrüfatı və sənaye məqsədləri üçün təmizlənməklə şirin su ehtiyatlarına əlavə olunması nəzərdə tutulur. Bu təşəbbüslər təkrar emala yönəldilən suyun səmərəli və təhlükəsiz şəkildə istifadəsini gerçəkləşdirərək şəhər və kənd planlaşdırılmasına inteqrasiya olunur.

Azərbaycanda işğaldan azad edilən ərazilərdə müasir su anbarlarının tikilməsi və iqlimin yaratdığı çətinliklərə tab gətirmək üçün əsas su infrastrukturunun bərpası da perspektiv həllər sırasında yer alır. Bütün bunlarla bərabər, buludların əkilməsi, yağış sularının yığılması və yeraltı suların kəşfiyyatı kimi potensial layihələrin davamlı şəkildə reallaşdırılması da nəzərdə tutulur.

Enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə sərmayə qoymaqla Azərbaycan su təchizatının yaxşılaşdırılması və iqlim dəyişkənliyinə qarşı davamlılığı artırmaq istiqamətində fəal addımlar atır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 29-cu iqlim konfransında “Davamlı su ehtiyatlarının idarə edilməsində innovativ yanaşmalar” mövzusundakı tədbirdə çıxışı zamanı bu barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, diqqətçəkən təşəbbüslərdən biri Abşeron yarımadasının alternativ içməli su mənbələri ilə təmin edilməsi üçün duzsuzlaşdırma texnologiyasının, xüsusən də Xəzər dənizinin suyunun planlaşdırılmış istifadəsidir: “İqlim dəyişikliyinin su qıtlığının gücləndirilməsinə, hava şəraitinin pozulmasına, quraqlıq və daşqınların tezliyinin artırılmasına təsiri nəticəsində davamlı su idarəçiliyinə ehtiyac daha da aktuallaşır. Əhali artımı və urbanizasiya su ehtiyatlarını daha da məhdudlaşdırır və bu, təhlükəsiz, etibarlı su təchizatını gerçəkləşdirmək üçün qabaqcıl həllərin qəbulunu vacib edir: “Qlobal miqyasda su ehtiyatları çirklənmə, həddən artıq istifadə və mövcud iqlim dəyişiklikləri səbəbindən ciddi təzyiq altındadır. Bu reallıqlar sudan istifadənin səmərəliliyini artıran və davamlılığı gücləndirən innovativ, uyğunlaşa bilən həllərin aktuallığını vurğulayır”.

Agentlik rəhbəri bildirib ki, Azərbaycan bu çağırışlara cavab olaraq su idarəçiliyində innovativ yanaşmalara üstünlük verir. Ölkədə adambaşına illik su ehtiyatı 3253 kubmetr olsa da, transsərhəd mənbələri nəzərə almasaq bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 1051 kubmetr düşür. Proqnozlar göstərir ki, 2025-ci ilə qədər Azərbaycan qlobal miqyasda adambaşına düşən yerli su ehtiyatlarının ən aşağı səviyyələrini yaşaya bilər.

Z.Mikayılovun sözlərinə görə, Azərbaycanda əkinlərə birbaşa lazımi miqdarda su çatdıran və bununla israfı minimuma endirən damcı və pivot sistemlər kimi qabaqcıl suvarma üsulları tətbiq olunur. Müxtəlif sektorlarda lazımsız su itkisinin qarşısını almaq məqsədilə “ağıllı” ölçmə və sızma aşkarlanması da daxil olmaqla suya qənaət edən texnologiyalardan yararlanılır. Bu vahid yanaşma dayanıqlı su ehtiyatlarının idarə edilməsini dəstəkləyir, karbon emissiyalarını azaldır və istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq kimi qlobal məqsədə uyğun gəlir.

Davamlı su idarəçiliyi və iqlim davamlılığı beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir. Su qıtlığı və iqlim dəyişikliyi milli sərhədləri aşan qlobal problemlərdəndir. Tərəfdaşlıq, bilik mübadiləsi və birgə səylər nəticəsində xüsusilə inkişaf etməkdə olan ölkələrdə innovativ su idarəçiliyi təcrübələri inkişaf etdirilə, tənzimləyici bazalar gücləndirilə və potensial yaradıla bilər.

 

Seçilən
19
5
xalqqazeti.az

10Mənbələr