AZ

Domino döyüşlərimiz

Baş rollarda: “idmançılar”, “müəllimlər”, “ədəbiyyatçılar”

Əvvəllər “Azərbaycan bədən tərbiyəçisi” – “Fiskulturnik Azerbaydjana”, 1968-ci ildən isə “İdman” – “Sport” adlanan qəzetlərin 80 illik yubileyi münasibətilə 2012-ci ilin baharında onun keçdiyi yol, nüfuzlu əməkdaşların idmanımızın təbliği və daha da inkişafı naminə gördükləri böyük işlər barədə həmin qəzetin səhifələrində bir neçə məqalə ilə çıxış etmişdim. Bu qəbildən sonuncu yazımı “Əgər uzun-uzadı xatirə qeydlərim sizi yordusa, onları domino məşğələlərimiz haqqında söhbətlə yekunlaşdırım” sözləri ilə bitirmişdim. İndi həmin yazını ixtisar və əlavələrlə “Xalq qəzeti” oxucularının diqqətinə çatdırıram.

“İdman”–“Sport” “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində “Azərbaycan müəllimi”, “Ədəbiyyat və İncəsənət” qəzetlərinin redaksiyaları ilə mehriban qonşuluq şəraitində yaşayıb-yaradırdı. Amma nahar fasiləsində və işdən sonra bizim redaksiyaya məxsus 330-cu otaqda əks-sədası təkcə aşağı mərtəbələrə yox, mübaliğə olmasın, bəlkə lap Dominikan Respublikasına gedib çatan domino yarışı başlayanda bu mehribanlıqdan əsər-əlamət qalmırdı. Bunu isə başa düşmək çətin deyildi. Cütlüklərdən heç kim uduzmaq istəmirdi, məğlub tərəfə həmin “seans” zamanı bir daha masa arxasında əyləşmək növbəsi çatmayacaqdı. Oynamaq istəyənlər həddən çox idi. Domino döyüşlərinin iştirakçıları təkcə “idmançılar”, “müəllimlər” və “ədəbiyyatçılar” deyildilər. Aşağı mərtəbələrdəki redaksiyalardan, “Azərbaycan kommunisti” jurnalından, “Vışka”dan , “Pioner”dən, “Azərbaycan gəncləri”ndən, “Molodyojka”dan, hətta nəşriyyatın elanlar şöbəsindən, mətbəədən də qonaqlarımız az olmurdu. Görüşlər nə qədər gərgin keçsə, uduzanlar nə qədər pərt olsalar da, oyun başa çatdıqdan sonra bayaqdan bir-birinə aman verməyi ağıllarına belə gətirməyən dost-rəqiblər qələbə və məğlubiyyətlərini qızğın müzakirə edir, sonra da mehribancasına sabahadək bir-birindən ayrılırdılar. Onların hər birinin domino ustalığı barədə danışmaq çox vaxt aparar. Təkcə özümüzünkülər – “İdman”ın əməkdaşları barədə danışım.

Baş redaktor Mirpaşa Miriyev nadir hallarda bizə qoşulardı. Amma, hər halda, hərdən maraq özünü göstərirdi. Bu zaman sakitcə “Dayanın, bir mən də oynayım” deyirdi. Oynayıb, əlindəki sonuncu daşla qələbə “topunu vurduqda” isə, bizlərdən fərqli olaraq, sevincini çox da büruzə vermirdi. Yalnız əlini başına aparıb, dümağ saçlarını yüngülcə “darayırdı”, üzünə isə xəfif bir təbəssüm gəlirdi.

Bu sonuncu sətirləri yazdım və 2005-ci ilin yayı yadıma düşdü. Əməkdar jurnalist, Prezident təqaüdçüsü M.P.Miriyevin 85 yaşının tamam olması münasibətilə həmin il iyunun 24-də artıq əməkdaşı olduğum “Xalq qəzeti”ndə kifayət qədər geniş həcmdə “Rekordçu redaktor” sərlövhəli bir yazı dərc etdirdim. Bu yazı Azərbaycanda idman mətbuatının ən parlaq simalarından biri Aqşin Kazımzadə ilə birgə təşəbbüsümüzün bəhrəsi idi, yubilyar üçün sürpriz olmalı idi.

Ertəsi gün Mirpaşa müəllim (indi o, “Neftçi” İdman-Sağlamlıq Mərkəzi sədrinin müavini idi) mənə zəng edib, “Sən nə eləmisən, o nədir yazmısan, bir vərəq də bəs edərdi, sən isə götürüb o boyda yazı vermisən” dedi. Unudulmaz redaktorumun bu hərəkəti əsl sadəlik və təvazökarlıq nümunəsi idi.

Qayıdaq dominoya. Baş redaktor müavini Aqşin Kazımzadə əlində bir vaqon daş olsa da, özünün “gəldi, bağla” prinsipindən heç vaxt geri çəkilmir və təbii ki, bəzən bundan zərər çəkirdi. Boks üzrə SSRİ idman ustası Paşa Əmirov tez-tez partnyoruna “Çox fikirləşmə, tərəddüd etsən, səhv oynayacaqsan” deyər və öz iradında əsasən haqlı çıxardı. Elman Çəfərli “het-trik” etmək üçün həftələrlə, aylarla imkan gözləyər (dominoçular yaxşı bilirlər ki, iki nəfərin iki nəfərə qarşı oynadığı görüşlərdə birdən-birə üç daşı yerə çırpıb, qalib gəlmək fürsəti heç də hər an ələ düşmür) və nəhayət, bu məqsədə çatdıqda, şəstlə üzünü jurnalistikada böyük ustad saydığı, dominoda isə həmişə özünə rəqib görmək istədiyi Aqşin müəllimə tutub deyərdi: “Gördün, lələ, necə oynadım”…

“İdman”ın “Şahmat” əlavəsinin redaktoru, professor Azər Zeynallı Bakı Dövlət Universitetində gərgin elmi fəaliyyəti ilə bağlı gündüz “dərsləri”nə gələ bilməsə də, axşam “məşğələləri”nə özünü hökmən çatdırar, dərhal da portfelindən bir qutu “Marlboro” çıxarıb masanın üstünə qoyar və “Çəkin, uşaqlar” deyərdi. Uşaqlara da elə bu lazım idi.

Daha kimlər? Arif Şəfizadə çox düşünməz, dəqiq gedişlər edər, əli gətirəndə hədsiz sevinc keçirərdi. Anatoli Şilyayev Vladlen Busalayev və Vladimir Boqomolova qarşı oynadığı şahmat görüşlərindəki kimi, domino meydanında da hər şeyi yüz ölçüb, bir biçirdi. Fərhad Abdullayev çox güclü əli ilə sonuncu daşını zərblə masaya çırpanda sanki ildırım çaxırdı, özü isə sakitcə başını qaldırıb ətrafa boylanır, bu zaman həm də razı halda bığaltı gülümsəyirdi. Vladimir Koqanov yadımda ehtiyatlı oyun taktikası tərəfdarı kimi qalıb. Valeri Klokovun variantları hesablamaq bacarığına söz ola bilməzdi. Nəhayət, Telman Fərəcov, Zahir Zahirov, Namiq Əzizov, Raqif Sədrəddinov, Faiq və Qulu Əliyevlər, Firudin Əhmədov, Aleksandr Kompanetski və Əbdül Xəlilovun da öz oyun dəst-xətləri var idi.

Bir halda ki, dominolu günlərimizi xatırladıq, həmin döyüşlərin yadımda qalan bəzi digər iştirakçılarının da adlarını çəkim. “Müəllimlərdən” redaktor Şahin Səfərov, onun müavini Məhyəddin müəllim, məsul katib Vaqif Səmədov, fotomüxbir Əli Qafarov, “ədəbiyyatçılardan” Sabir Məmmədov, Vidadi (deyəsən, o da Məmmədov idi), Qafar Namazəliyev, baş mühasib, səhv etmirəmsə, Mürvət müəllim, nəşriyyatın elanlar şöbəsindən Asif Babazadə hər gün saat 13-ü və iş vaxtının sonunu səbrsizliklə gözləyirdilər. Hörmətli həmkarlarım, dominoçu dostlarım – hamımız sanki vahid bir komanda idik.

Fotomüxbirimiz Gennadi Malyov dominoda bizə qoşulmazdı, əvəzində, stolüstü tennisdə tayı-bərabəri yox idi. Daim redaksiya çempionatlarında mükafatçılar sırasında olardı. Bugünkü yazımızı müşayiət edən fotonu 80-ci illərin günəşli aprel günlərindən birində Elman müəllimin Bakıxanov qəsəbəsindəki evinin bağçasında lentə almışdı. Sonralar E.Cəfərli (şəkildə solda) bizdən birbaşa AZƏRTAC-ın baş direktorunun müavini vəzifəsinə yüksəldi, Aqşin Kazımzadə (ortada) isə 93-cü ildə “İdman”dakı baş redaktor vəzifəsini Trend İnformasiya Agentliyində baş redaktorluğa dəyişdi.

Bir qədər sonra tale məni də fasiləsiz 27 il əməkdaşı olduğum “İdman”dan ayırıb, yenicə fəaliyyətə başlayan “Kommunist”in davamçısı “Xalq qəzeti”nə gətirdi. 1995-ci ilin, indiki kimi, noyabr ayı idi. İyirmi üç il də Xalqın qəzetində çalışıb, Azərbaycan idman jurnalistikasında 1968-ci ildən bəri ümumi 50 illik bir yol keçdim…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Seçilən
19
xalqqazeti.az

1Mənbələr