AZ

Məşhur Məmmədov: Azərbaycan COP29 təşkilatçılığında nümunə qoydu

Azərbaycan BMT-nin İqlim Dəyişkənliyi konfransını ən yüksək səviyyədə təşkil edib. Bu fikri millət vəkili Məşhur Məmmədov Tribunainfo.az-a deyib. Deputatın sözlərinə görə, pavilyonların qurulması, müasir avadanlıqların quraşdırılması, gələn qonaqlar üçün avtobusların təşkili, onların qarşılanması və yerləşdirilməsi möhtəşəm, kompleks hazırlıqdan xəbər verir.

Məşhur Məmmədov eyni zamanda, təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini əlavə edib. Deputat hesab edir ki, bu tədbirə ev sahibliyi Azərbaycan üçün fəxrdir və dünya liderləri də ölkəmizin təşkilatçılığını yüksək qiymətləndirib. Millət vəkilinin sözlərinə görə, dünyanın hər yerindən mötəbər qonaqlar ölkəmizə təşrif buyurublar: “Bəzi qüvvələrin boykot çağırışları fiaskoya uğradı. Cənab prezident də açılış nitqində bu məsələyə toxundu və onların apardığı çirkin kampaniya nəticə vermədi. Bu konfransa dünyanın 70-dən çox prezidenti, eləcə də vitse-prezidentlər, baş nazirlər, dövlət nümayəndələri gəlmişdilər. Ümumilikdə 198 tərəfə dəvət göndərilib. Bəzi ələri istisna, demək olar ki, hamısı tədbirdə iştirak edib. Mən hələ QHT nümayəndələrini, media mənsublarını, müxtəlif beynəlxalq təşkilatların, fondların, Dünya Bankının prezidenti, FİFA prezidenti, Avropa Şurası baş katibi, Avropa İttifaqı Şurası prezidenti, o cümlədən populyar şəxslərin gəlişini demirəm. Yəni biz möhtəşəm bir tədbir keçirdik. Ona görə də boykot deyənlər layiqli cavabını aldılar”.

Deputatın sözlərinə görə, konfrans çərçivəsində müxtəlif sənədlər imzalandı, panel müzakirələr oldu, yaşıl enerjiyə keçidlə bağlı təkliflər səsləndi, memorandumlara qol çəkildi, ayrı-ayrı çıxış yolları göstərildi, ən əsası dövlət başçısı ayrı-ayrılıqda liderlərlə, mötəbər şəxslərlə olduqca mühüm görüşlər keçirdi. Deputatın fikrincə, tədbiri pozmaq istəyənlərin arzusu gözündə qaldı. Ermənipərəst konqresmen Frenk Pallonenin Bakıya gəlişinə toxunan deputata görə, vətəndaş cəmiyyəti bu xain siyasətçiyə yerini göstərdi və Bakıdan getməli oldu: “Bu adam Azərbaycan düşmənidir və ərazi bütövlüyümüzə hörmətsizlik edir, separatçıları dəstəkləyir. Belə bir konqresmenin bura gəlişində məqsədi heç də COP29-da iştirak deyildi, ölkəmiz əleyhinə böhtan xarakterli hesabatlar təqdim etmək idi. Təbii ki, ona Azərbaycan dövləti tərəfindən heç bir maneə yaradılmadı, oteldə yerləşdi. Sadəcə, vətəndaş cəmiyyəti özü buna haqlı etiraz etdi, hətta onun mühafizəçiləri bəzi fəallara xəsarət yetirdi ki, bu haqda hüquq-mühafizə orqanlarına şikayət ediblər. Yəni onun özü getməli oldu və anladı ki, ermənipərəst birinə, uydurma ittihamlarla Azərbaycana şər atanlara yer yoxdur”.

Zahid

Seçilən
23
1
tribunainfo.az

2Mənbələr