AZ

TDT-nin Bişkek sammiti: iqtisadiyyat, kommunikasiya və təhlükəsizlik

Kamal Adıgözəlov

Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti bir çox məqamları ilə yadda qaldı. Ekspertlərin öncədən bu tədbirə böyük maraq göstərməsi təsadüfi deyildi. Sammit təhlükəsizlik, əməkdaşlıq, iqtisadi inteqrasiya, nəqliyyat-logistika və informasiya sferaları üzrə əlaqələrin yeni mərhələyə yüksəldilməsi baxımından diqqətləri çox çəkirdi. Buna görə də indi tədbirdə ifadə edilən fikirlərin prizmasından bütövlükdə TDT-nin perspektivləri geniş müzakirə olunur.

Türk Dövlətləri Təşkilatına münasibət yeniləşir

TDT-nin Bişkek sammitinə maraq öncədən məlum idi. Rusiya-Ukrayna və İsrail-İran qarşıdurması ilə yanaşı, ABŞ-dakı prezident seçkisi və Avropa İttifaqının mürəkkəb geosiyasi durumu fonunda TDT-nin fəaliyyəti maraq doğurur. Hətta indiyə qədər bu təşkilata münasibətdə onun perspektivlərinə inkaredici yanaşan ekspertlər indi inkişafından bəhs edirlər. Bir sıra hallarda isə TDT dinamik inkişaf edən, konkret layihələr həyata keçirən və gələcəyi olan təşkilat kimi qiymətləndirilir. Maraqlıdır ki, bu zaman TDT-yə bütövlükdə Avrasiya geosiyasi məkanı miqyasında qiymət verilir.

Rusiya KİV-ləri Türk Dövlətləri Təşkilatına məhz həmin kontekstdə qiymət verməyə çalışırlar. Onlar məsələyə iki aspektdə yanaşırlar. Birinci aspekt, ümumiyyətlə, türk dövlətlərinin potensialı ilə bağlıdır. İkinci aspekt isə TDT-nin təşkilat olaraq perspektivləri fonunda Rusiyaya olan münasibətilə əlaqəlidir. Burada müəyyən qərəzlilik duyulsa da, bütövlükdə rus informasiya orqanları, Qərbdən fərqli olaraq, türk dünyasının birləşməsinə müsbət yanaşırlar. Hətta bu kontekstdə TDT-Rusiya əməkdaşlığının ayrı-ayrı konturlarını müəyyən etməyə cəhdlər edirlər.

Deməli, Moskva üçün TDT artıq geosiyasi, geoiqtisadi və təhlükəsizlik əhəmiyyəti olan təşkilata çevrilib. Görünür, yaxın perspektivdə biz Rusiya-TDT münasibətlərini ifadə edən konkret sənədlərin imzalanmasının şahidi olacağıq.

Çin hələlik TDT-yə loyal münasibət göstərir. Eyni zamanda, bu təşkilatın Yeni İpək Yolu layihəsinə tamamilə müsbət yanaşmasından məmnundur. Gözləmək olar ki, bu əsasda TDT-Çin münasibətləri bütövlükdə müsbət məcrada özünün siyasi, geosiyasi və hüquqi məzmununu alacaqdır.

Qərbin münasibəti əvvəlki kimi aydın deyildir. Lakin müxtəlif bəyanatlardan hiss edilir ki, Qərb TDT-nin güclənməsinə elə də sıcaq baxmır. Və yaxud onu özünün təsir dairəsində olacaq bir qüvvə kimi görmək istəyir. Bunu biz iki əlamətdən hiss edirik.

Birincisi, Avropa Parlamenti davamlı olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqdan usanmır.

İkincisi, Qərb COP 29-la bağlı qərəzli münasibətini ifadə etməkdədir. Qərbin siyasi dairələrinin COP 29-a kölgə salmaq cəhdləri təsadüfi deyildir.

Nəhayət, İrana gəldikdə, bu dövlətin hələlik TDT-ni siyasi və geosiyasi olaraq həzm edə bilmədiyi görünür. Rəsmi Tehran müxtəlif mövzularda açıq olmasa da, dolayısı ilə türk dünyasının güclənməsi və birləşməsindən narahatlığını ifadə edir. İranlı ekspertlər isə bir sıra hallarda ifrat inkarçı fikirlər söyləyirlər.

Bütün bunların fonunda Bişkek sammiti necə təsir bağışlayır?

Türk dövlətləri faydalı əməkdaşlıq nümunəsi göstərir

Bişkek sammitinin mövzusu aşağıdakı kimi idi: "Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik"! Aydın görünür ki, türk dövlətləri strateji məqsədlərindən imtina etməyiblər. Əksinə, yeni qətiyyətlə bütün istiqamətlər üzrə konkret inkişaf proqramları əsasında hərəkət etməyə hazırdırlar. Bu məqsədə dörd baza istiqamətin qarşılıqlı əlaqəsi əsasında çatmaq niyyətindədirlər. Onlar, birincisi, iqtisadi inteqrasiya, ikincisi, davamlı inkişaf, üçüncüsü, rəqəmsallaşmanın inkişafı, dördüncüsü, türk dünyası üçün təhlükəsizlikdir.

Eyni zamanda, bu dörd təməl faktor türk dünyasının sərhədlərini aşaraq regionlararası və qlobal miqyasa proyeksiya oluna bilər. Məsələn, "hamı üçün təhlükəsizlik" dünyanı əhatə edə bilən prosesdir. TDT bu istiqamətdə aparıcı rol oynaya bilər. Bunun üçün TDT-nin tərəfdaşları kimi BRİCS, MDB, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çıxış edə bilərlər.

Məsələnin digər tərəfi hərbi-müdafiə sferasına bağlıdır. Azərbaycan Prezidenti məsələnin həmin aspektini çox dolğun ifadə edib. İlham Əliyev Bişkekdə bəyan edib: "Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir".

No

Azərbaycan Prezidentinin çıxışında iqtisadi inteqrasiya ilə rəqəmsal gələcək məsələsi vəhdətdə ifadə edilib. Belə ki, İlham Əliyev iqtisadiyyatı, kommunikasiyaları və rəqəmsallaşmanı təhlükəsizlik məsələsi ilə sıx bağlılıqda inkişaf etdirməyi önə çəkib. Dövlət başçısı vurğulayıb ki, "son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb". Digər tərəfdən, "Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır".

Bütövlükdə isə 2024-cü ilin 9 ayı ərzində tranzit daşımalarının həcmi 15 faiz artıb. Bunun fonunda "Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr"in icra olunması olduqca əhəmiyyətlidir. Çünki həmin "layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək".

Onu da vurğulamaq gərəkdir ki, Azərbaycan qeyd edilən sferalarda praktiki uğurun əldə edilməsi üçün TDT-yə lazım olan maliyyə dəstəyini əsirgəmir. Azərbaycan bu aspektdə TDT üzvlərinin hər birini qabaqlayır.

Faktiki olaraq, Azərbaycan TDT-nin güclənməsində və bütövlükdə türk dünyasının birləşməsində yeni mərhələnin əsas motivəedici qüvvəsidir. Ekspertlər rəsmi Bakının bu istiqamətdə fəaliyyətini daha da gücləndirəcəyini proqnozlaşdırırlar. Həmin kontekstdə Azərbaycan COP 29 çərçivəsində əhəmiyyətli addımlar atmaqdadır. Bu kontekstdə Bişkek sammitinin başqa bir vacib məqamı diqqəti çəkir.

Vahid informasiya məkanı

Qazaxıstan Prezidentinin bununla bağlı təklifi böyük maraq doğurur. TDT üzvlərinin vahid informasiya məkanı yaratmasının zamanı artıq gəlib çatıb. Bu kontekstdə Kasım-Jomart Tokayevin kabel televiziyalarının vahid informasiya məkanını yaratmaqla bağlı fikirləri əhəmiyyətlidir. Bununla TDT məkanında ortaq informasiya sahəsi yaratmaq mümkün ola bilər. Təbii ki, buraya zaman keçdikcə təhsil, elm, müxtəlif tədris üsulları, informasiya mübadiləsinin ortaq sferası, virtual əməkdaşlığın müxtəlif üsulları da daxil olacaqdır. Şübhə yoxdur ki, bu prosesdə ortaq əlifba və ortaq təhsil müəssisələri təsirli rol oynayacaqlar.

Müasir dövrdə vahid informasiya məkanı əksər uğurların təməlidir. İndiki mərhələdə bu tezisi bütün dünya qəbul edir. TDT Avrasiya məkanında ilk təşkilatdır ki, daxili ziddiyyətsiz formada bu istiqamətdə proqramlar həyata keçirə bilər. Bu özəllik də ciddi perspektivlərdən xəbər verir. O cümlədən Avropada yerləşən Macarıstanın 2025-ci ildə TDT-nin qeyri-rəsmi sammitinə evsahibliyi etmək təklifi ilə çıxış etməsi əhəmiyyətlidir. Ekspertlər hesab edirlər ki, bu, TDT-nin informasiya sahəsində daha geniş məkana nüfuz edə bilməsinin konkret nümunəsidir. Təşkilat artıq yeni mərhələdə geosiyasi mövqe tutmağa başlayır.

Beləliklə, Bişkek sammiti, faktiki olaraq, TDT qarşısında daha geniş kontekstdə məqsədlər müəyyən edib. Buraya iqtisadi inkişafla nəqliyyat-logistika, informasiya və təhlükəsizlik aspektlərinin hər biri daxildir. 2025-ci ildə keçiriləcək Bakı sammiti yeni-yeni nailiyyətləri müzakirə edəcəkdir!

Seçilən
13
turkustan.az

1Mənbələr