AZ

Azərbaycan daha bir məsələdə Ermənistanı tərksilah etdi – İrəvanda susqunluq

Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın gündəliyində duran əsas mövzulardan biri də itkin düşmüş şəxslər olub. Çünki ölkəmiz bu problemdən hər zaman əziyyət çəkib. I Qarabağ müharibəsinin nəticəsində 4 mindən artıq insandan xəbər almaq mümkün olmayıb. Ermənilər bütün beynəlxalq öhdəliklərə və prinsiplərə hörmətsizlik edərək vətəndaşlarımıza qarşı bütün vəhşilikləri törədiblər. Ölkə rəhbərliyi hər zaman bu problemi beynəlxalq tribunalarda səsləndirib və sözügedən məsələyə qarşı addımların vacibliyini vurğulayıb.

Məlum olduğu kimi, bir neçə gün əvvəl BMT Baş Assambleyasının 3-cü Komitəsi Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnaməni yekdilliklə qəbul edib. Qətnamə layihəsinin mətni üzv dövlətlərlə bir ay ərzində aparılan intensiv danışıqlardan sonra razılaşdırılıb. 56 ölkə qətnaməyə həmmüəllif qismində qoşulub. Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir.

Qətnamədə itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.

Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.

Bu il qəbul olunan qətnamədə ilk dəfə olaraq həmçinin minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsi ilə bağlı narahatlıqlar ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.

“İtkin düşmüş şəxslər” məsələsi Azərbaycanın gündəliyində mühüm yer tutur. 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə qədər azərbaycanlı itkin düşüb. 6 Azərbaycan vətəndaşı isə 2020-ci ildə Vətən müharibəsi zamanı itkin düşüb.

2023-cü ildən etibarən ölkəmiz də bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir. 2-3 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.

Son illərdə itkin düşmüş şəxslərin axtarışı və kimliyinin müəyyən olunmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artıran texnoloji irəliləyişlərə baxmayaraq, statistik məlumatlar dünyada itkin düşənlərin sayının kəskin şəkildə artdığını və sayın 212000-dən çox olduğunu göstərir. Bu faktların fonunda BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı qətnaməsi beynəlxalq gündəlikdə öz aktuallığını saxlayır.

XİN vurğulayıb ki, Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet qaydada davam etdirəcək.

Bu gün “insan hüquqları” və “etnik təmizləmə” isfadəsindən siyasi alət kimi istifadə edən Ermənistan təəssüf ki, öz etdiklərini görmək istəmir. Torpaqlarımızın qanunsuz işğalı 1 milyona yaxın insanın öz yurd-yuvasından didərgin düşməsinə səbəb olmuşdu. Minlərlə insanın yaşamaq hüququ əlindən alınmışdır. Məgər, bunlar insan hüquqlarının pozulması deyilmi?

Minlərlə insanın taleyindən xəbərsiz qalmaq həm də humanitar böhrandır. Azərbaycan ardıcıl olaraq Ermənistanı itkin düşənlərin yeri barədə məlumat verməyə çağırır. Bəzən Ermənistanın bu narahatlıqları aradan qaldırmaq üçün səy göstərməkdən imtina etməsi vəziyyəti daha da gərginləşdirir. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin və “Human Rights Watch”un hesabatlarında azərbaycanlı mülki şəxslərə və hərbi əsirlərə qarşı çoxsaylı qətllər, işgəncələr və pis rəftarın digər formaları da sənədləşdirilib.

Göründüyü kimi, erməni tərəfi düzgün müharibə belə apara bilmir. İkinci Qarabağ müharibəsində Azərbaycan BMT-nin toz basmış qətnamələrini döyüş meydanında reallaşdırdı. Lakin demək olar ki, bir mülki erməninin də burnu qanamadı. Ermənilər hər vasitə ilə çalışırdı ki, Ordumuz mülki şəxslərə zərbələr endirsin. Ancaq biz müharibə qaydalarını daim diqqətdə saxlamışıq. Əvəzində isə döyüş meydanındakı uğursuzluqları sığortalamaq üçün qarşı tərəf mülki şəxslərimizi, şəhərlərimizi bombardman edirdi. Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizin qadağan olunmuş raketlərlə vurulması nəticəsində 100-dək uşaq, qadın, qoca həlak olmuşdu. Məgər bunlar insanların hüquqlarını əlindən almaq deyilmi?

Xocalı soyqrımı isə dünya tarixinin ən dəhşətli səhifələrindən biridir. Silahsız, heç bir müqavimət göstərməyən xalqa qarşı ən iyrənc hərəkətləri edən erməni tərəfi bu gün Azərbaycanı nələrdəsə ittiham etməyə çalışır. Yuxarıda da qeyd olunduğu kimi, minlərlə insan bu döyüşlərdə itkin düşdü. Onların bəzilərindən isə bu gün də xəbər yoxdur.

Baxın, beynəlxalq humanitar hüquq, xüsusən də Cenevrə Konvensiyaları mülki şəxslərə və hərbi əsirlərə qarşı işgəncə və pis rəftarı açıq şəkildə qadağan edir. Bununla belə, Ermənistan silahlı qüvvələri tərəfindən əsirlərin öldürülməsi, mülki əhalinin hədəfə alınması, işgəncələrin tətbiqi göz qabağındadır.

Beynəlxalq aktorların Ermənistanı bu pozuntulara görə məsuliyyətə cəlb etməməsi cəzasızlıq mühitinin yaranmasına səbəb olub. Beynəlxalq ictimaiyyətin bu insan hüquqları pozuntularını həll etməkdə tərəddüd etməsi Ermənistana münaqişə zamanı öz hərəkətlərinə görə tam məsuliyyətdən yayınmağa imkan verib.

Ermənilərin vəhşilikləri barədə o qədər yazmaq olar ki…

Artıq ölkəmiz 4 ildən çoxdur ki, öz ərazilərini işğaldan azad edib. Təbii ki, itkin düşənlər, müharibə cinayətləri və s. kimi digər məsələlər hər zaman Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biri olacaq. Lakin artıq önümüzdə daha böyük hədəflər dayanıb. Bu gün Azərbaycan Avropada söz sahibi olan ölkələrdən birinə çevrilib, dünya əhəmiyyətli məsələlərdə platforma təqdim edir. Bu günlərdə Azərbaycanda keçirilən COP29 buna nümunədir.

Seçilən
10
konkret.az

1Mənbələr