Noyabrın 19-da səhər tezdən polis Tbilisi Dövlət Universitetinin (TDU) yaxınlığında tələbələrin oturaq etiraz mitinqini dağıdıb.
“AzPolitika” xəbər verir ki, düşərgənin dağıdılması nəticəsində yaralananlar və saxlanılanlar var. Yayılan kadrlarda yüzlərlə polisin tələbələrə güc tətbiq etdiyi görünür. Təxminən yarım saat ərzində ərazi etirazçılardan təmizlənib.
Yerli media yazır ki, aksiyaçılar Melikişvili küçəsinə, TDU-dan bir qədər aralı küçələrə sıxışdırılıblar. Yol boyu polis etirazçıları saxlayıb, onları bir-bir izdihamın içindən qoparıb və yerə düşmüş Avropa İttifaqı bayrağını tapdalayıb. Ən azı yeddi nəfərin, o cümlədən həbs zamanı gözü zədələnmiş jurnalistin və tibbi yardıma ehtiyacı olan iki nəfərin saxlanıldığı məlumdur.
Gürcüstan Daxili İşlər Nazirliyi aksiyanın dağıdılmasını onunla izah edib ki, aksiya iştirakçılarının sayı az olduğu halda yolun hərəkət hissəsini kəsmək olmaz, əlavə olaraq magistral yolları avtomobil və əşyalarla bağlamaq da qadağandır. Polisdən həmçinin bildiriblər ki, “112” təcili telefon nömrəsinə gələn mesajlarda vətəndaşlar yolun təmizlənməsini tələb ediblər.
“AzPolitika.info”