AZ

Dünya mediası COP29-dan nə yazır?

Ölkəmizin COP29 konfransını layiqincə təşkil etməsi dünya mediasının diqqət mərkəzindədir. Bir sıra beynəlxalq mətbu orqanlarında yayımlanan məqalələr, Bakıdan hazırlanan reportajlarda Azərbaycanın paytaxtında keçirilən tədbirin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcəyi qeyd olunur.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutan tədbirlər Mərakeşin media orqanlarının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi MAP xəbər agentliyinin ölkəmizə ezam etdiyi media nümayəndələri tədbir barədə reportajlar və müsahibələr hazırlayıblar.

Materiallarda COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş Mərakeşin Baş naziri Əziz Axnuşun rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlər və çıxışlar, eləcə də panel iclaslarında müzakirə edilən məsələlər barədə geniş məlumat verilib. Mərakeşin “Medi1 tv” kanalı yayımladığı reportajda Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışından sitat gətirib və dünyada ekoloji problemlərin müzakirəsi baxımdan tədbirin əhəmiyyətini vurğulayıb.

Jurnalist Həsən əl-Yusifi əl-Məğari “əl-Elami” nəşrindəki COP29 haqqındakı yazısında bildirib ki, medianı ekoloji hədəflərin həyata keçirilməsi işinə daha yaxından cəlb etmək lazımdır. Vurğulanıb ki, informasiyaların daha geniş izləyici kütləsinə çatmasında onun imkanlarından istifadə etmək olar. “Ənfas press” nəşri isə Mərakeşin “Tansift” inkişaf mərkəzinin rəhbəri dr.Əhməd əş-Şəhbuninin iqlim maliyyələşməsi mövzusuna həsr olunmuş seminarda çıxışı barədə yazıb. Nəşrin məlumatına görə, əş-Şəhbuni bildirib ki, iqlim maliyyələşməsi iqlim dəyişikliyinə qarşı mübarizədə mühümdür. Həmçinin qeyd edib ki, özəl və dövlət investisiyaları istixana qazlarının azaldılmasına töhfə verəcək layihələrə yönəldilməlidir.

“Məğrib nyuz 7” və “Məcəllə 24” nəşrləri də COP29 tədbiri haqqında dərc etdikləri silsilə materiallarda Bakıda müzakirə edilən mövzuların əhəmiyyətini qeyd edib, Mərakeşin iqlim davamlılığı sahəsində nailiyyətlərinin COP29 çərçivəsində diqqətə çatdırıldığını bildirib.

COP29 tədbirləri haqqında Türkiyənin "TRT Haber" telekanalı da reportaj hazırlayıb. Telekanal iqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçılarının, alimlərin və ekoloji fəalların Bakıda toplaşdığını qeyd edib. Reportajda bildirilib ki, COP29-un gündəliyinə atmosfer emissiyalarının qlobal şəkildə azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma addımları və iqlim ədalətinin təmin edilməsi kimi mühüm mövzular daxildir. Reportajda istixana qazı tullantılarını azaltmaq mümkün olmadığı təqdirdə 2030-cu ilə qədər qlobal istiləşmənin sürətinin 1,5 dərəcə keçə biləcəyi bildirilib"TRT Haber" Bakını iqlim böhranı ilə mübarizənin ümumi məqsədi ətrafında dünyanı birləşdirmək üçün ideal platforma adlandırıb.

Həmçinin "Anadolu" Xəbər Agentliyi, "TRT Avaz", "Star" qəzeti və digər mətbu orqanlarında dərc edilən məqalələrdə Azərbaycanın COP29-un təşkili istiqamətində səyləri, Türkiyənin ətraf mühitin mühafizəsi sahəsində prioritetləri barədə də məlumat verilib.

Dünyaca məşhur "Euronews" kanalı isə əməkdaşlarının hazırladığı süjeti "Bakıda COP29: İnkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə və özəl sektor" başlığı ilə yayımlayıb. Sujetdə bildirilib ki, dünyanın hər yerindən gələn nümayəndələr qlobal temperaturun yüksəlməsinin qarşısını almaq yollarını tapmaq və Paris Sazişi çərçivəsində verilən vədləri yerinə yetirmək ümidi ilə Azərbaycan paytaxtında toplaşıblar. Süjetdə qeyd edilib ki, ölkələr həmçinin atmosferə zərərli emissiyaları məhdudlaşdırmaq üçün daha effektiv milli planların işlənib hazırlanması üçün zəmin yaratmağa təşviq edilir. O da əlavə edilib ki, COP29-un təşkilatçıları hesab edirlər ki, dayanıqlı məqsədlərə nail olmaq üçün təkcə iqlimin maliyyələşdirilməsinə diqqət yetirmək deyil, həm də özəl sektoru buna fəal şəkildə cəlb etmək lazımdır.

İtaliyanın kütləvi informasiya vasitələri də Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına dair məqalələr dərc edib. ANSA agentliyinin və "il Manifesto", "Meteo Giornale", "Editoriale Domani", "Avvenire", "Upday" kimi saytların yaydığı materiallarda COP29-un əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün əvəzsiz platformadır.

BƏƏ-nin də nüfuzlu xəbər portallarında yayımlanan xəbərlərdə bildirilib ki, qlobal iqlim dəyişmələrinə qarşı daha səmərəli mübarizənin aparılması məqsədilə COP29-da iqlim maliyyələşməsi məsələsi xüsusilə diqqət mərkəzində saxlanılacaq. Eləcə də iqlim dəyişmələri və ətraf mühit məsələlərinin dövlət siyasətində mühüm yer tutan Azərbaycanın COP29-da əsas hədəfləri, həmçinin bu mötəbər tədbirdə dünya ictimaiyyətinin qarşısında duran yeni iqlim çağırışları və təhdidləri barədə ətraflı məlumat verilib.

Almaniyanın bir sıra aparıcı media orqanları Bakının evsahibliyi etdiyi COP29-u geniş işıqlandırıb. "Bild", "ZDF Heute", "Deutsche Welle", "Tagesschau", "Freitag", "Sueddeutsche" və digər media qurumları Bakıda keçiriləcək dünya iqlim konfransına geniş yer ayırıb.

Seçilən
18
1
sesqazeti.az

5Mənbələr