AZ

Duşan Vlahoviç millidə zədə aldı

Futbol üzrə Serbiya yığma komandasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Duşan Vlahoviç zədələnib.

Arena.az xəbər verir ki, o, Serbiya yığmasının heyətində Danimarka ilə qolsuz yekunlaşan UEFA Millətlər Liqasının matçında sıradan çıxıb.

Ötən gecə baş tutan və qolsuz yekunlaşan bu qarşılaşman sonlarında zədə almış hücumçu 88-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Vlahoviçin nə vaxt sıraya dönəcəyi hələ bəlli deyil. 24 yaşlı futbolçunun zədəsinin durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 117 oyun, 50 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

Vlahoviç 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.

Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 32 oyuna çıxıb. O, bu oyunlarda 13 qola imza atıb və 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Yuventus”u qarşıda “Milan”la A Seriyası matçı gözləyir. Sözügedən matç noyabrın 11-də Milanda keçiriləcək.

Seçilən
1
1
arena.az

2Mənbələr