AZ

“Təbii qazla bağlı hadisələrin çoxunda vətəndaşlar özləri günahkardır” — Sosioloq

“Təbii qazla bağlı ölüm və ya partlayış hadisələrində qaz təchizatçısı günahkar hesab edilir, lakin qazdan istifadə edən aboneetlərin də öz vəzifələri və məsuliyyətləri var. Faktlar göstərir ki, belə hadisələrin azı 90 faizi abonentlərin məsuliyyətsizliyi, məlumatsızlığı nəticəsində baş verir. Standart olmayan vasitələrin istifadəsi, qaz sistemlərinin düzgün quraşdırılmaması, otaqlarda havalandırma sisteminin olmaması hadisələrə zəmin yaradan əsas səbəblərdir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib:

“Məkana daxil olan kimi elektrik şəbəkəsindən istifadə etməməliyik. Əvvəlcə qaz sızmasının olub olmamasını yoxlamaq lazımdır. Qazla necə davranmağı bilməyən insanlara işi etibar etmək olmaz. Vətəndaşlar uzun müddət evdə olmursa, mütləq nəzarətçi kranları bağlamalıdırlar. Bununla həm öz mənzillərini, həm də ətarfdakıları ola biləcək partlayışdan qorumaq mümkün olacaq”.

Ekspert bildirib ki,  İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir:

“Vətəndaşlar özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapayıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirməməlidirlər. İldə bir dəfədən az olmayaraq tüstü və havadəyişmə xətlərinin növbəti yoxlamalarını və təmizləmələrini aparmadan qazdan istifadə etməməlidirlər.

Qaz cihazları quraşdırılan otaqlarda tələb edilən texniki normalar var ki, onlara riayət etmək mütləqdir. İnsan öz həyatının və mülkünün təminatını şansa buraxmamalıdır.

 Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlamaq, elektrik cihazlarını şəbəkəyə qoşmamaq, işlək cihazları şəbəkədən ayırmamamaq, işığı yandırıb-söndürməmək və mənzilin havasını dəyişdirmək lazımdır. Daha sonra 104 nömrəli telefonla qaz-qəza xidmətinə müraciət eetmək lazımdır.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
26
demokrat.az

1Mənbələr